ABŞ mətbuatı da araşdırmaya başladı; Baş bankir Elman Rüstəmovun adı aşkarlandı
«Bloomberg»: «Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, Azərbaycan və Suriya rəsmilərinə 14 milyon avro verilib»
Avstriya Milli Bankının Azərbaycan və Suriya ilə bağlı rüşvət qalmaqalı Qərb mediasında müzakirə mövzusudur. ABŞ mətbuatı da bu korrupsiya qalmaqalına yer ayırıb. “Bloomberg” məsələni ətraflı araşdıraraq, sensasion faktlar üzə çıxarıb.
“Bloomberg”in bu haqda yaydığı məlumata görə, işi aparan Vyana prokuroru Volkerd Sakman bildirib ki, Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. Yəni, tərəflər arasında sövdələşmə olub və onun şərtlərinə görə, pul əskinaslarının çapı üçün ödənilən məbləğin bir qismi geri qaytarılıb.
2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Xatırladaq ki, Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var. Bu şəxslərə qarşı korrupsiya, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürüb.
Bu iş üzrə 18 ay istintaq araşdırmaları gedib. Əgər ittihamlar sübuta yetirilsə, təqsirləndirilən şəxsləri 10 ilə qədər həbs gözləyir.
Avstriya Mərkəzi Bankının Idarə Heyəti bu məsələnin müzakirəsilə əlaqədar iyunun 18-də fövqəladə iclas keçirəcək.
1816-cı ildən bəri əskinasların çapı ilə məşğul olan Avstriya Mərkəzi Bankının pul çapı bölməsi Afrika, Asiya və Latın Amerikası ölkələri üçün də əskinaslar buraxır. Bundan başqa, təsisat banknotların çapı və saxta pulların aşkarlanması üçün texnologiyalar da satır.
Aytən Məmmədova