Hakimiyyət sanksiyaların bir addımlığında
Avropa Parlamentinin son qətnaməsi hakimiyyətin narahatlığına səbəb olub. Qətnamədə hakimiyyətin sərt tənqid olunması, “Ilham Əliyevlə açıq danışılmalıdır” çağırışı iqtidarda artıq vəziyyətin kifayət qədər pisləşdiyi qənaətini yaradıb. “Azadlıq”a daxil olan məlumata görə, hakimiyyətdə düşünürlər ki, bunun ardınca sanksiyalar gündəmə gəlməsi tamamilə gözləniləndir. Lakin iqtidar bu təhlükənin qarşısını almaq üçün siyasətini yumşaltmaq niyyətində deyil. Əksinə hakimiyyət 27 dövlətə müharibə elan etməyi qərara alıb. Iqtidar düşərgəsindən qətnaməyə verilən reaksiyalar belə deməyə əsas verir.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov virtualaz.org-a qətnaməni şərh edərkən deyib ki, Azərbaycana qarşı aparılan kampaniya son illər sistemli şəkil alıb: “Son vaxtlar Avropanın ayrı-ayrı qurumları Azərbaycana təzyiq göstərmək məqsədilə müxtəlif bəyanatlarla çıxış edir və əsassız qərarlar verir. Ilqar Məmmədovun azad olunması tələbi ilə bağlı son qətnamə də bu qəbildəndir. Lakin belə addımlar bizim Avropa ilə əlaqələrimizə kölgə sala bilməz.
Avropa qurumlarının nümayəndələri, Avropa dövlətlərinin başçıları belə məsələlərdə diqqətli olmalıdır. Belə qərarlar qəbul edərkən onun nəticələri barədə düşünməlidirlər. Biz bu qətnaməni qəbul etmirik. Onunla razı deyilik, çünki bu sənəd bütün demokratik normalara ziddir. Avropa Parlamentinin 750 deputatı var. Amma orada qərarlar 5-6 deputatın təşəbbüsü ilə qəbul olunur. Əgər demokratik prinsiplər Avropa Parlamentinin özü tərəfindən pozulursa, biz hansı demokratiyadan danışa bilərik?
Bu sənədlə tanışlıq bizdə heyrət doğurub. Avropalı deputatlara Azərbaycanla əmr dili ilə, amiranə tərzdə danışmaq hüququnu kim verib? Belə danışıq tonu bizim tərəfimizdən məqbul sayıla bilməz və bizim Avropa ilə əlaqələrimizə kölgə salır…ÿ Bizimlə hündür səslə danışmağa icazə verməyəcəyik. Biz müstəqillik uğrunda ona görə mübarizə aparmamışıq ki, yenidən kiminsə təsiri altına düşək. Bizə ikinci Kreml lazım deyil!
Mən Avropa qurumlarına sual verirəm: siz doğrudanmı ədalət uğrunda mübarizə aparırısınız? Azərbaycan azad ölkədir və heç kim bizim qarşımızda şərt qoya, bir nəfərdən ötrü səs-küy sala bilməz. Avropalı tərəfdaşlarımıza dəfələrlə demişik ki, gəlin “siyasi məhbus” meyarının hansı prinsiplərlə müəyyən edildiyini aydınlaşdıraq. Lakin onlar bu müzakirələrdən yayınıblar. Bizim qərbli siyasətçilərlə bütün son danışıqlarımızda onlar Ilqar Məmmədov məsələsini qaldırırlar. Bəs digərləri haqda niyə danışmırlar? Bunun səbəbi var. Çünki Ilqar Məmmədov onlara lazımdır.
Amma qərblilər bizi Ilqar Məmmədov haqda çox şeyləri danışmağa məcbur eləməsinlər. Iş o yerə çatıb ki, onlar Məmmədovu Azərbaycanın vətəndaşı kimi yox, öz kadrları kimi müdafiə edirlər. Bu axı düzgün deyil. Bu qruplar bilməlidir ki, Azərbaycan oyuncaq ölkə deyil. Avropada bəyəm problemlər yoxdur ki, onlar Azərbaycanın problemləri ilə məşğul olurlar? Avropada da neqativ proseslər gedir. Amma heç bir avropalı siyasətçi bundan danışmaq istəmir”.
Xarici Işlər Nazirliyi də bu barədə bəyanat yayıb. modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, belə bir sənədin qəbul edilməsi təəssüf doğurur: “Avropa Ittifaqı ilə ikitərəfli münasibətlərimizə xidmət etməyən bu addımla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirik. Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir. Müstəqilliyin ilk illərindən bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edən Azərbaycan daim qanunvericiliyini təkmilləşdirmiş və müvafiq islahatlar aparmışdır. Proses davam etməkdədir.
Vətəndaşların etirazlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir. Ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.
Təəssüflər olsun ki, Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqe ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir.
Avropa Parlamentinin adından Azərbaycana belə qərəzli münasibət göstərilməsi ilk dəfə deyil. Bənzər mövqelər əvvəllər də bildirilib. Bu deputatlar əksər hallarda müzakirə olunan məsələləri lazımi şəkildə dərindən araşdırmır, qarşı tərəfin rəyini öyrənmir, ayrı-ayrı qərəzli münasibətlərə üstünlük verirlər.
Belə münasibət AI ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-AI münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur”.
Bəyanatda qeyd edilir ki, sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir: “Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib.
Amma artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir”.
Göründüyü kimi Azərbaycan hakimiyyəti qətnamədən nəticə çıxarmaq niyyətində görünmür. Iqtidar düşünür ki, Avropaya hücuma keçməklə problemin həllinə nail ola bilər. Amma təşvişdən doğan bu hücum hakimiyyət üçün daha ağır nəticələrə səbəb ola bilər. Yeri gəlmişkən, Avropa Parlamenti iki dəfə Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini əks etdirən qətnamə qəbul edib və bu məsələdə ölkəmizə dəstək verməyə hazır olduqlarını bildiriblər. Lakin görünən odur ki, Dağlıq Qarabağ problemi hakimiyyət az əhəmiyyət kəsb edən məsələdir. Əks təqdirdə iqtidar Qarabağ məsələsində Azərbaycana dəstək verən Avropaya müharibə elan etməzdi.