İndi məşhur kinorejissoru «ifşa» edənlər nədən bunları unudurlar?
Milli Şura təsis ediləndən sonra hakimiyyətin qəzetləri, YAP-çı deputatlar, hökumətyönlü analitiklər bu qurumu “asıb-kəsməyə” başladılar. Demək olar ki, iyunun 7-dən (Milli Şura bu tarixdə təsis olub – red.) sonra hər gün qəzetlərdə Milli Şura və onun sədri Rüstəm Ibrahimbəyova qarşı “ifşa” kampaniyası aparılır.
Görkəmli dramaturqu, “Oskar” laureatlı kinorejissoru hər şeydə ittiham edən hakimiyyət nümayəndələri, deyəsən, ulu öndərləri Heydər Əliyevin, indiki ölkə başçısı Ilham Əliyevin vaxtilə onun haqda dediklərini unudublar.
Yaddaşları təzələmək üçün həm Heydər Əliyevin, həm də Ilham Əliyevin Rüstəm Ibrahimbəyov haqda dediklərindən kiçik parçanı təqdim edirik.
Heydər Əliyev o vaxt bunları söyləyib: “Rüstəm Ibrahimbəyov Azərbaycan ədəbiyyatına, mədəniyyətinə 60-cı illərin əvvələrində gəlmiş böyük yaradıcılar dəstəsinin parlaq nümayəndəsidir. Rüstəm Ibrahimbəyov o vaxtdan indiyə qədər yaradıcılığı, nəsr, kino, səhnə əsərlərilə Azərbaycan mədəniyyətini zənginləşdirmiş, dünya mədəniyyətinə layiqli töhfələr vermişdir. Rüstəm Ibrahimbəyov çox məhsuldar yazıçı, dramaturq, kinossenarist və rejissordur. Onun yaradıcılığının çoxşaxəli, çoxistiqamətli olması da fitri istedadından irəli gəlir. Rüstəm Ibrahimbəyovun yaratdığı əsərlər Azərbaycan, keçmiş Sovet Ittifaqı və dünyanın bir çox ölkələrinin oxucularını sevindirmiş, onlara Azərbaycan və ümumiyyətlə, müasir həyatımızın həqiqətləri haqqında çox gözəl məlumatlar vermişdir. Təsəvvür etmək olar ki, ilk addımında Rüstəm Ibrahimbəyov cəmiyyətə özünü çox gözəl təqdim etmişdir. Rüstəm o vaxtdan indiyə qədər yüksəlir və irəliyə gedir. Rüstəm Ibrahimbəyov heç zaman öz iradəsindən dönməmişdir, bu yolla getmişdir. Nə qədər çətinlikləri də olsa, əziyyət də çəksə, amma hər dəfə qalib gəlmişdir”.
Ilham Əliyev isə Rüstəm Ibrahimbəyovun ad günündə sağlıq deyib. Ölkə başçısı deyir: “Mən fikirlərimi sadə bir azərbaycanlı kimi ifadə edəcəm. Həmin sadə azərbaycanlı kimi ki, o, xalqının təmsilçisi Rüstəm Ibrahimbəyovun belə yüksək nailiyyətlər əldə etməsinə görə fəxr edir. Bir qayda olaraq bir müəllifin əsərini oxuyanda, bəstəkarın bəstəsini dinləyəndə onu ya sevirsən, ya da sevmirsən. Bəzən elə olur ki, fəxr etdiyin insanı yaxından tanıdığın zaman təəssüflənirsən. Çünki filmdə gördüyün gözəl aktyoru və ya tanınmış yazıçını yaxından tanıyanda onda bəzi mənfi keyfiyyətləri, özündən müştəbehliyi görürsən. Indiki halda isə Rüstəm müəllimlə azsaylı görüşlərimdə onun incəsənət sahəsində yüksək nailiyyətlərə imza atmış şəxs olduğunu unuduram. Mən onu bizim şəhərin küçələrində gəzən sadə insan kimi qəbul edirəm. Amma o, bizlərdən fərqli olaraq, baş verənləri daha yaxşı görür. Məhz bu məqam onu bizdən fərqləndirir. Bu kiçik fərqin adı istedaddır”.
Əliyevlər Rüstəm Ibrahimbəyovu gördünüzmü necə tərənnüm edir? Daha şərhə ehtiyac yoxdur…
Ramin DEKO


