Azərbaycan siyasətində donuz sindromu

“Yeni Azərbaycan” qəzetinin iki sutkaya 26 dəfə baxılmış məqaləsində deyilir: “Özünü müsəlman sayan Rüstəm Ibrahimbəyovun donuz sevgisi ölkənin dindar kəsimi, həmçinin, ictimaiyyət nümayəndələri tərəfindən haqlı etirazla qarşılanıb”.

Əvvəla yazıdan gətirdiyim sitata görə öncədən bağışlanmağımı əziz oxucularımızdan acizanə şəkildə diləyirəm. Ancaq inanın ki, bunu sizin üçün eləmişəm. Acı günlər yaşayırıq, alnımızın qırışı açılmır, problemlər içində boğuluruq, dərd baş alıb gedir, qanımız qapqaradı, üzümüz gülmür, belə günlərdə ara-bir gülmək də lazımdı ki, enercimizi tam olaraq itirməyək. Hə, qardaş yazır ki, bu məsələnin üzə çıxması ictimaiyyət tərəfindən haqlı narazılıqla qarşılanıb. Sizə elə gəlməsin ki, ictimaiyyət deyiləndə həmin 26 nəfər nəzərdə tutulur. Yox, adam haqlıdı. Son günlər hara gedirəmsə, küçə və meydanların etirazçılarla dolub-daşdığını görürəm. Xalqın hiddəti sarı sim kimi sızlayır. Hakimiyyət ayağa qalxmış mömin və yarım möminlərin, ümumiyyətlə, uca millətimizin kükrəyən həyəcanını heç cür yatıra bilmir. Hətta deyirlər ki, geniş təcrübəsi olan Türkiyə iqtidarına da yardım üçün ağız açıblar.

Hə, buna deyərəm din, iman sevgisi! Adam müxalifət cəbhəsində yer alsalar belə, Milli Şurada təmsil olunan dindarların da qayğısına qalır. Əladı da. Siyasət fontan vurur! Məscidləri sök, dindarları narkotik ittihamıyla ucdantutma həbsxanaya sal, sonra da onların təəssübünü çək və de ki, Milli Şuranın sədri nədən donuz əti yeyir? Deməyəsən, siyasətdə əsas məsələ donuz ətini yeyib-yeməməkmiş. 

Bəli, donuz murdar heyvandı. Onun əti belə haramdı. Yazıda Hacı Mirhəmid Məmmədovun sözləri ilə deyilir ki, donuz ətinin yeyilməsi insanın əxlaqına da mənfi təsir edir: “Bundan başqa, mundar ətin yeyilməsi insanı mənəvi cəhətdən də korlayır, onun düşüncəsinə, əxlaqına, və davranışına mənfi təsir edir” (Sitatın nöqtə-vergülünə dəymirəm). Inanmaq istəyirsən ki, YAP-da bir nəfər də donuz əti yeyən, şərab içən yoxdu. Yoxsa bu yazını oxuyub cavan müəllifin dərisini soyarlar ki, a bala, sən harda oturub kimə “mundar” deyirsən? Beləliklə, bu yazını oxuyub, siyasət elminə tam vaqif olursan. Ancaq bircə bu haqda deyilmir ki, bəs millətin qanını içmək haramdı, ya yox? Heç nə deyilmədiyinə görə anlamaq olar ki, haram deyil. Ona görə də Rüstəm hoca birinci özünü insan qanına öyrətməlidi ki, hakimiyyətə gəlməyə haqqı çatsın.

Sonra yazıda belə yer var:

“Ümumi gəlinən qənaət budur ki, işğalçı ermənilərlə dostluğunu və onlara olan sevgisini gizlətməyən, mənfur düşmənlərimizin təmsilçiləri ilə erməni konyakını gillədən birisinin donuz əti yeməsi də heç bir təəccüb doğurmamalıdır”. Ardıyca Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi Ictimai Birliyinin sədri Emin Həsənli adlı qatı bir dindar olduğu güman edilən gənc bu fikri belə qüvvətləndirir: “Elə onun donuz əti yeməsini də erməni sevgisinin davamı kimi qiymətləndirmək olar”. Söhbətə baxın e, erməni sevgisinin davamı – donuz?..

Mən indi başa düşdüm ki, niyə bu müxalifət uzun illərdən bu yana hakimiyyətə gələ bilməyib, bu iqtidar isə taxtdan düşmək bilmir ki, bilmir. Sən demə, bunun bircə şərti varmış – iqtidar qəzetlərini, illah da “Yeni Azərbaycan”ı oxumaq. Ömründə ilk dəfə bir sayta girib bu qədər zövq almaq məni çox kədərləndirdi. Gülə-gülə ağladım. Ilahi, mən bu günəcən nə qədər həzdən, ləzzətdən məhrum olubmuşam! Bu qədərmi günah sahibiyəm? Axı mən donuz əti yeməmişəm? Elə isə bu günə qədər çəkdiyim cəza nə üçün olub?..