Çirkab içində şəffaflıq axtaranlar

Dünən Elmarın qətlə yetirildiyi gün idi. Azərbaycan jurnalistikasına güllə sıxılan gün idi. Hər il olduğu kimi, bu il də məzar başına ziyarətçilər gəlmişdi. Təskinlik onda idi ki, çıxışçılar qabaqkı illərdən fərqli olaraq daha konkretliyə keçiblər…

Dünən, martın 2-də, Elmar qətlə yetirildiyi gündə Azərbaycanda beynəlxalq konfrans keçirilirdi. Adı da maraqlıydı. “Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq”.

Tədbirin təşkilatçılarının adlarını müxtəlif saytlardan oxuya bilərsiniz, “AzərTAC”ın da bu tədbirdən xəbər yayması yəqin sizə çox şey deyir. Mən bu yazını yazdığım ərəfədə yəqin telekanallarda da tədbirdən geniş reportajlar verildi. Baxmış olarsız. Tədbirin təşkilatçılarının Azərbaycanın gerçək jurnalistikasına az dəxli var. Hakimiyyətin yanında olan qurumlardır. Onların məhz Elmarın qətli günündə belə bir yığıncaq keçirməsi də təsadüfi sayılmamalıdır. Baxmayaraq ki, tədbirin təşkilatçılarından və o məclisə dəvətli olanlardan çox az qismi ötən illərdə anım mərasiminə qatılıb. Əksəriyyəti hakimiyyətin süfrəsinin qırıntılarından dolananlardır…
Bu tədbirlə onlar üzərlərinə götürdükləri missiyanı yerinə yetiriblər, diqqəti az da olsa yayındırmaq missiyasını.

Məqsədlərinə nail olduqlarını güman etmirəm, ürək bulandırmaqdır…

Şübhə etmirəm ki, həmin tədbirin açılışında nə dünyadan getmiş jurnalistlər, nə də Elmar Hüseynov anılıb. Anım mərasimi elə Elmarın məzarını ziyarətdən başlaya bilərdi. Yox, elə gəlməmələri məsləhətdir. Müqəddəs yerlərə hər ayaq dəyməsə yaxşıdır…

Çirkaba batan, yaxud çirkab içində olan adamların şəffaflıqdan danışması hansı etik çərçivəyə sığır? Məktəbdə bizə etikadan başqa dərs keçiblər. Hakimiyyətin yaratdığı, böyük pullar xərclədiyi qurumlarda şəffaflıq ola bilərmi? Yaxud adam hakimiyyətin yaratdığı agentliyə rəhbərlik edib şəffaflıqdan danışmağı özünə necə sığışdıra bilər? Ümumiyyətlə, korrupsioner hakimiyyətin rüşvət ortağı olub şəffaflıqdan danışmaq etikaya sığırmı? Azərbaycan jurnalistikasında belə anormallıqlar artıq sistemli şəkil alıb…

Jurnalistlərin Həmkarlar Ittifaqı, “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi, Avrasiya Mətbuat Fondu tipli Azərbaycan jurnalistikasında heç bir yaxşı, ümumiyyətlə, izi olmayan qurumların birləşib yaratdığı, yaxud hakimiyyətin yaratdığı Koalisiya hansı işi görə bilər? Bir qədər aydınlıq gətirməyə ehtiyac var. Ağlımıza gələn bəzi məqamları açıqlayaq. Yaxşı, sanballı qrant ala bilər, hakimiyyətin, antimilli rejimin müdafiəsində dayana bilər, Ilham Əliyevi “jurnalistlərin dostu” elan edə bilər. Lap elə seçkilərə demokratik don geyindirə bilər… Buna da baş vuranlar az deyil. Çox şey sadalamaq olar, amma jurnalistikamıza fayda verən işlər onlarlıq deyil…
Kiminsə başını aşağı salıb müxtəlif yollarla pul qazanması bəlkə də ayıb sayılmaz. Amma jurnalistikanın, Azərbaycan jurnalistlərinin adından kimlərinsə cinayət ortağı olması yolverilməzdir. Şəffaflıqdansa, bütün mənalarda şəffaf, təmiz olanlar danışmalıdır, çirkaba batanlar yox!..