AXCP Göyçayda müşavirə keçirdi

Dünən Göyçayda Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli şöbəsinin müşavirəsi keçirilib. Müşavirədə AXCP sədrinin müavini Asəf Quliyev və Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da iştirak edib.
Müşavirə barədə “Azadlıq”a məlumat verən Əbülfəz Qurbanlı bildirib ki, budəfəki görüş digərlərindən fərqlənirdi: “Göyçayda partiyamızın sıralarına qoşulanların sayı artıb. Gənclər, müxtəlif təbəqələrdən olan narazı adamlar sıralarımıza qoşulublar. Günü-gündən də bu proses uğurla davam edir. Müşavirədə gənclərin təşkilatlanması, həmçinin Milli Şura ilə bağlı məsələləri müzakirə etdik. Milli Şuranın yaranması adamları ruhlandırır. Amma Göyçay cəbhəçiləri AXCP sədri Əli Kərimlinin namizəd olmamasından məyusluqlarını gizlətmədilər”.
Müşavirəyə polis müdaxiləsi olmayıb.

Bəyim