Türkiyədə baş verən proseslərə münasibət fərqli olsa da, bu olaylarda baş nazir Ərdoğanın hakimiyyəti itirəcəyi proqnozlaşdırılmır. Lakin keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə Modern.az saytına gözlənilməz açıqlama verib.
Politoloq Qərb ölkələrinin Iranı vurmaq üçün Türkiyəni Liviya və Suriya kimi dağıtmaq istədiyini deyib. Ekspertin sözlərinə görə, Türkiyəni bu durumdan xilas etmək üçün Ərdoğan ya mübarizə aparmalı, ya da istefa verib getməlidir. Əks təqdirdə Ərdoğanı Bəşər Əsəd və Qəzzafinin aqibəti gözləyir: “Türkiyə vəziyyətdən çıxmaq üçün ilk növbədə NATO-dan çıxmalı, Iranla əsgəri müqavilə bağlamalıdır”.
Lakin politoloqun bu fikirləri birmənalı qarşılanmayıb.
«Ərdoğanın iki yolu var»
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 11 ildir hakimiyyətdə olan Ərdoğanın ilk dəfədir belə bir sınaqla üzləşdiyini deyir. Bu vaxta qədər xalqın dəstəyini qazanan baş nazir fərqli duruma düşüb: “Ərdoğan Türkiyə üçün çox işlər görüb. Avropa böhran içində olsa da, ölkə iqtisadiyyatı inkişaf edir. Xarici siyasətdə, terrorla mübarizədə uğur qazanıb. Ancaq bütün bunlarla yanaşı hiss olunur ki, Ərdoğanda özünə vurğunluq yaranıb. Bütün məsələlərə müdaxilə edir. Onun bu fəallığı cəmiyyətdə yorğunluq yaradır. Ona görə də insanlar dəyişiklik istəyir”.
Ekspertin sözlərinə görə, söhbət heç də Ərdoğanın istefasından getmir. Türkiyədə vəziyyət Suriya və Liviyadan fərqlidir. Diktator Əsəddən fərqli olaraq Ərdoğan demokratik yolla hakimiyyətə gəlib. Söhbət Ərdoğanın siyasətini dəyişməsindən gedə bilər: “Ərdoğanın iki yolu var: ya sərtliyi davam etdirməlidir, ya da yumşaq siyasət seçməlidir. Ərdoğan gücə qarşı daha böyük güc qoyur. Bu siyasət də Türkiyəyə yaxşı heç nə vəd etmir. Bu sərtlik Türkiyədə qütbləşməni dərinləşdirir. Daxili sabitlik pozula bilər. Bu isə iqtisadiyyatın zəifləməsinə, Türkiyənin bölgədəki aktiv roluna da təsir edə bilər”.
«Türkiyədə çevriliş mümkün deyil»
Politoloq Razi Nurullayev isə hazırkı vəziyyətdə Türkiyəni təhlükənin gözləmədiyini deyir. Çünki Liviya və Suriya cəmiyyətlərindən fərqli olaraq Türkiyə cəmiyyəti Avropa düşüncəsinə malikdir. Bu baxımdan inqilabın, dövlət çevrilişinin baş verməsi mümkün deyil.
Ekspertin sözlərinə görə, hazırda Türkiyə regionda gücə çevrilir. Bunu da nə Iran, nə ərəb dövlətləri, nə də Rusiya isti qarşılayır. Avropa dövlətlərinin bir hissəsi də bundan narahatdır. Amma ABŞ-ın bu məsələdən narahatlıq keçirdiyini demək olmaz: “Türkiyə ABŞ-ın ən yaxın müttəfiqi olaraq qalacaq. ABŞ-ın icazəsi olmadan Avropa dövlətləri və NATO Türkiyənin arxasından çəkilməz. Bu gün Türkiyə cəmiyyətində NATO-dan çıxmaqla bağlı bir mövqe yoxdur. Çünki Türkiyənin NATO-dan çıxması onun məhv olması, gücünü tamamilə itirməsi deməkdir”.
Ekspertin fikrincə, Türkiyə kimi dünyəvi dövlətin dünyanın birmənalı qəbul etmədiyi Iran rejimi ilə işbirliyinə getməsi mümkün deyil. Türk xalqı bunu qəbul edə bilməz.
Fizzə


