Naxçıvanın müdafiə naziri Kərəm Mustafayev məhkəmə qərarını icra etmir
Müdafiə Nazirliyinin (MN) Naxçıvan Hərbi Birləşməsinin komandiri, general-leytenant Kərəm Mustafayev məhkəmə qərarını icra etmədiyinə görə ona yaxın günlərdə cinayət işi açılacaq. Bu haqda virtualaz.org saytına MN-dəki etibarlı qaynaqlardan məlumat daxil olub.
Generala qarşı iddiaya səbəb isə 26 il hərbi xidmətdə olmuş ehtiyatda olan polkovnik-leytenant Azər Qasımova qarşı qanunsuzluğun hələ də davam etməsidir. Uzun illər MN-in HHQ və HHM qoşunlarında xidmət keçmiş zabit bir müddətdən sonra heç bir əsas olmadan Naxçıvandakı “N” saylı hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə xidmətə keçirilib. 2005-2006-cı illəri əhatə edən dövrlərdə hərbi hissə komandiri, polkovnik Əli Mustafayevin əmri ilə 2005-ci ilin yekunlarına görə zabitə verilməli olan birdəfəlik pul mükafatının 50 faizi qanunsuz olaraq kəsilib.
Bütün bunları əsas tutan A.Qasımov hərbi hissəyə qarşı birdəfəlik pul mükafatının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiası ilə də çıxış etmişdi.
A.Qasımov ona qarşı bu qanunsuzluqların aradan qaldırılması üçün MN rəhbərliyinə rəsmi qaydada müraciət ünvanlayıb. Amma ona cavab verilməyib.
Cavabdehlərin bu laqeyd münasibətindən sonra A.Qasımov ona vurulan mənəvi ziyana görə Müdafiə Nazirliyindən 500 manat tutulması və pul mükafatının ödənməsi üçün məhkəməyə üz tutub. Prosesdə MN-in nümayəndəsi iştirak etsə də general-leytenant Kərəm Mustafayev məhkəməyə açıq hörmətsizlik edərək ora heç nümayəndəsini də göndərməyib.
MN çıxarılmış qərardan yuxarı instansiyalara müraciət etsə də bu şikayəti təmin olunmayıb. Bundan sonra qərar icra olunması üçün general Kərəm Mustafayevə göndərilib. 6 mart, 2013-cü ildə MN həmin qərarı icra edilmək üçün Naxçıvana yollayıb. Amma məhkəmə qərarı indiyədək icra olunmayıb. K.Mustafayevin məhkəmə qərarını icra etməməsinə heç bir əsas olmadığı üçün Səbayil Rayon Məhkəmə Qərarlarının Icrası Şöbəsi MN-ə müraciət ünvanlayıb. Həmin müraciətdə general Kərəm Mustafayevin qanunazidd hərəkətindən şikayət edilib. Məhkəmə nəzarətçiləri dövlət adından çıxarılmış qərarı icra etmədiyinə görə birləşmə komandiri haqqında yaxın vaxtlarda cinayət işinin başlayacağını bildiriblər.


