Hakimiyyətdə Abbas Abbasovla bağlı toplantı

Baş nazirin sabiq müavini iqtidarı qorxuya salıb

Baş nazirin sabiq müavini, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun son bəyanatı Azərbaycan hakimiyyətində ciddi narahatlıq yaradıb. Qəzetimizə daxil olan məlumata görə, Abbas Abbasovun bəyanatı ilə bağlı Prezident Administrasiyasından xüsusi toplantı keçirib. Hakimiyyət baş nazirin bəyanatını Kremlin mesajı kimi dəyərləndirib. Abbas Abbasova qarşı kampaniyaya start verilməsi, onun hədələnməsi qərara alınıb.
Artıq YAP-dan Abbas Abbasovun bəyanatına reaksiya gəlib. Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib ki, Abbas Abbasovun kimə sözü varsa, konkret ad çəkməlidir. O, Modern.az-a açıqlamasında baş nazirin sabiq müavininə xəbərdarlıq etməyi də unutmayıb: “Rusiya ilə Azərbaycan arasında münasibətlər normal səviyyədədir. Dövlətlərimiz arasında heç bir problem yoxdur. Burada Abbas Abbasov kimə işarə edir özü bilər. Konkret olaraq ad çəkilmir. O bu fikri müxtəlif eyhamlarla ortalığa atır. Ola bilər hansısa dairələrə bu sərf eləmir. Onları da qızışdırıb ortaya salan adamlar var. Ordan-burdan bəyanatlar verirlər. Bu adamların da bəyanatları oktyabrın 16-a kimi olacaq. Bundan sonra başlayacaqlar üzrxahlıq eləməyə ki, səhv eləmişik, günahlarımı bağışlayın.
Abbas müəllim kimi nəzərdə tutursa, qoy konkret adını çəksin”.
Xatırladaq ki, Abbas Abbasovun bəyanatı Azərbaycan hakimiyyətinin anti-Rusiya kampaniyası ilə bağlı idi. Baş nazirin sabiq müavini bildirirdi ki, Rusiyaya qarşı kampaniyaya bu ölkədə yaşayan soydaşlarımız üçün pis nəticə verə bilər: “Mən anlamıram ki, çoxmillətli Rusiyada bu qarşıdurma kimə lazımdır. Siz anlayırsınız ki, sizin Rusiyaya qarşı pis qoxulu kampaniyanız bu ölkədə yaşayan həmvətənlərimizə necə təsir göstərəcək? Bilin ki, burada yaşayan azərbaycanlıların çoxu normal həyat sürür, onlara bu ölkədə təqdim edilənlə razıdırlar, bura onların ikinci vətənidir. Onlar Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə xidmət edən heç bir oyunun iştirakçısı olmaq istəmirlər. Məgər sizin seçkiöncəsi mübarizədə özünüzü təqdim etmək üçün başqa üsulunuz yoxdur? Rusiyanın sizin daxili işlərinizlə nə əlaqəsi var? Xeyirli bir işlə məşğul olun və Rusiyada yaşayan azərbaycanlıların mənəvi məhvindən əl çəkin. Buna nə qədər dözmək olar?
Mən həmvətənlərimizə müraciət edirəm. Əziz qardaş və bacılar! Biz yalançı vətənpərvərlərə taleyimizlə oynamaq imkanı verməməliyik. Korrupsiya və işsizlik kimi problemləri həll etmək, ölkədə keyfiyyətli təhsil və səhiyyə xidməti yaratmaq əvəzinə onlar özlərinə Rusiyanın simasında düşmən uydurublar. Onlar bilərəkdən xaosa gətirib çıxara biləcək hərəkətlər edir, Azərbaycandakı siyasi və ictimai stabilliyi pozmaq istəyirlər”.