“Bu rejim bütün dünyanın probleminə çevrilib”

«Xalqı Milli Şura ətrafında birləşdirərək hakimiyyətə qarşı mübarizəyə yönəltməliyik»

Nurəddin Məmmədli: «Rövnəq Abdullayevin Ermənistana qaz təklifi erməni lobbisinin dəstəyini qazanmağa xidmət edir»

Hələ Milli Şura yaranmamışdan öncə hakimiyyət təbliğatında belə bir tezis mövcud idi ki, demokratik qüvvələr heç cür bir araya gələ bilməyəcək. Amma Milli Şura yaranandan sonra hakimiyyətin ritorikası dəyişdi. Hazırda Milli Şuraya qarşı iqtidarın əsas təbliğatı bu təşkilatın vahid namizədini elan edə bilməyəcəyi ilə bağlıdır. Müsahibimiz AXCP sədrinin müavini Nurəddin Məmmədli ilə söhbətimizə məhz hakimiyyətin bu təbliğat tezisinə münasibət bildirməklə başladıq.

– Bu rejimin hakimiyyəti dövründə Azərbaycan xalqı və müxalifət qüvvələri böyük təcrübə keçdilər. Bütün təhlillər göstərdi ki, geniş xalq kütlələrinin dəstəyi olmadan rejim dəyişikliyinin mümkün olmadığı qənaətinə gəldik. Milli Şura Azərbaycan xalqının sosial sifarişindən yaranıb. Bu ideya meydana gələndən bu günə kimi xalq bu təşəbbüslə həmrəy olduğunu nümayiş etdirir. Bu da hakimiyyəti olduqca narahat edir. Əvvəllər Milli Şuranın Rusiyanın təşəbbüsü ilə yarandığı vurğulansa da, daha sonra bu təbliğatı məişət səviyyəsinə endirərək, Rüstəm Ibrahimbəyovun donuz əti yeməsi ətrafında mübahisələr yaratmağa çalışdılar. Əgər Milli Şura yranmamışdan əvvəl demokratik qüvvələrin birləşə bilməyəcəyi iddia olunurdusa, indi vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı problemin olacağı iddia edilir. Bu məsələ ilə bağlı Milli Şurada təmsil olunan partiyalar öz mövqelərini bildiriblər. Bu sıraya AXCP, ALP, “EL” Hərəkatını, ziyalılar Forumunu aid edə bilərəm. Bu vahid güclər artıq vahid namizəd məsələsində öz güclərini ortaya qoyublar. Ona görə mən müxalifət düşərgəsinin qarşıdan gələn seçkilərə vahid namizədlə gedəcəyinə inanıram.

– Müxalifətin bundan əvvəl bir sıra uğurlu birlikləri olub. Amma indiyə qədər heç zaman belə geniş spektrı əhatə edən bir təşkilat yaranmayıb. Məsələnin başqa tərəfi də ondan ibarətdir ki, ölkədəki dəyişiklikləri xalq həyata keçirməli olsa da, heç bir ölkədə demokratiya uğrunda mübarizə yalnız daxili resurslar hesabına qələbə qazanılmır. Hazırda Azərbaycan hakimiyyətinin sərt, repressiv addımlarına beynəlxalq birlikdən sərt reaksiyanın şahidi olmuruq. Milli Şura yaradıldıqdan sonra bu istiqamətdə hər hansı dəyişiklik müşahidə oluna bilərmi?
– Azərbaycan xalqının bu rejim üzərində qələbə qazana bilməməsinin bir səbəbi də beynəlxalq birliyə olan aşırı ümidi olub. Dünyanın heç bir ölkəsində xalq iradəsi meydanda olmadığı halda beynəlxalq birlikdən dəstək gəlmir. Bu gün dünyanın bütün gücləri, beynəlxalq mərkəzləri Suriyada rejimin dəyişməsində maraqlıdırlar. Xeyli adamın ölməsinə baxmayaraq, beynəlxalq dəstək yetərincə deyil. Burada əsas güc xalqın üzərinə düşür. O da vurğulanmalıdır ki, silah qaçaqmalçılığı, terrorizm, korrupsiya kimi neqativ məqamlar avtoritarizmdən qaynaqlanır. Ona görə dünyada diktatura rejimlərinin getdikcə sıradan çıxması təbii prosesdir. Beynəlxalq güclərin bizə, ümumiyyətlə, dəstək vermədiyini söyləyə bilmərik. Çünki beynəlxalq güclər mətbuat, informasiya yardımı ilə demokratik qüvvələrə kifayət qədər dəstək veriblər. Biz əsas diqqəti xalqı Milli Şura ətrafında birləşdirərək, hakimiyyətə qarşı mübarizəsinə yönəltməliyik. Milli Şura da bu istəkdən yaranıb. Milli Şura formalaşdıqca beynəlxalq dəstəklər də artacaq. Biz hazırda tarixi bir dönəmi yaşayırıq. Bu dönəm də Azərbaycanda rejim dəyişikliyi ilə əlamətdar olacaq və mən inanıram ki, hakimiyyətin bütün çabalarına rəğmən xalqımız tarixində demokratikləşmə dövrünün başlanğıcını qoya biləcək.

“Rejim xalqa qarşı ağılsız bir müharibə aparır”

– Novruz Məmmədov bəyan edib ki, əgər əvvəllər beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti ilə zopa ilə danışırdılarsa, indi təzyiqləri gülər üzlə həyata keçirirlər. Bu açıqlamanı necə şərh etmək olar?
–  Novruz Məmmədovun dediklərində həqiqət var. Bu rejim artıq təkcə Azərbaycan xalqının problemi deyil. Əliyevlər rejimi artıq bütün dünyanın probleminə çevrilib. Azərbaycanda beynəlxalq münasibətlər kontekstində tamamilə anlaşılmayan, diplomatik fəaliyyəti ardıcıl olmayan bir qeyri-ciddi hakimiyyət mövcuddur. Azərbaycan hakimiyyəti verdiyi sözə, üzərinə götürdüyü öhdəliklərin heç birinə əməl etmir. Ən başlıcası, bu rejim Azərbaycan xalqına qarşı ağılsız bir müharibə aparır. Anlamaq istəmir ki, insanların hüquq və azadlıqlarının pozulması çoxdan ölkənin daxili işi deyil. Bu bir beynəlxalq problemdir. Bu problemi isə “kürü diplomatiyası”, neft bağışlama və digər vasitələrlə əbədi olaraq sabitləşdirmək, həll etmək olmaz. Bütün dünya artıq bu rejimdən təngə gəlib. Dünya dövlətlərinin rəhbərləri problemlərini həll etmək üçün Ilham Əliyevlə görüşürlər. Amma bu görüşlər həmin adamlar üçün böyük problemə çevrilir. Bu insanlar xalq, mətbuat qarşısında hesabat verməlidirlər.

– YAP-ın qurultayında Ilham Əliyev prezidentliyə namizədliyini növbəti, 3-cü dəfə irəli sürdü. Hakimiyyətdə 3-cü dəfə namizədliyin irəli sürülməsiylə bağlı tərəddüd var idi. Putinin belə risk edib atmadığı addımı, Ilham Əliyev reallaşdırdı. Hakimiyyəti bu addımı atmağa vadar edən nə oldu?
– Faktiki olaraq Ilham Əliyev bu hərəkəti ilə dünya ictimaiyyətini fakt qarşısında qoydu, şantaj etdi. Bu o demək idi ki, 3-cü dəfə namizədliyin irəli sürülməsi ölkə qanunlarına, Konstuitusiyaya və dünyada qəbul olunan normalara zidd olsa belə mən öz namizədliyimi irəli sürəcəm. Amma Mehriban Əliyevanın partiya sədrinin müavini postuna gətirilməsi situasiyadan asılı olaraq namizəd dəyişikliyinə yol açan bir addımdır. Çünki əslində sovet ittifaqından qalma yığıncaqları xatırladan qurultayın belə tələsik keçirilməsi də buna işarə idi. Yəni situasiya imkan versə, dünya ictimaiyyəti Ilham Əliyevin namizədliyi ilə barışsa, o, namizədliyini irəli sürəcək. Yox, hakimiyyət bunun beynəlxalq normalara qarşı olduğunu görüb geri çəkilərsə, ailədən başqa bir adamın namizədliyinin irəli sürülməsi mümkün görünür. Ona görə də hələlik situasiya tamamilə aydın deyil. Hakimiyyət müxtəlif vasitələrlə beynəlxalq gücləri öz tərəfinə çəkmək istəyir. Hətta erməni lobbisinin dəstəyini qazanmaq üçün Ermənistana qaz satmağı belə gözlərinin qarşısına alır, dövlətçiliyə, xalqa xəyanət anlamına gələn addımı atmaqdan çəkinmirlər. Bu hakimiyyət Azərbaycanın dövlət maraqlarını öz mənafeyinə qurban verməyə hazır olduğunu bununla göstərir. Azərbaycan çox dramatik bir dönəmini yaşayır.

– Novruz Məmmədov Ilham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməsi ilə bağlı beynəlxalq reaksiyaya münasibət bildirərkən söyləyib ki, bu münasibət Azərbaycanı narahat etmir. Bu açıqlamanı necə dəyərləndirmək olar?
– Xarici dairələrdə Azərbaycan hakimiyyəti haqqında cüzi xoş söz deyiləndə iqtidar aylarla təbliğat kampaniyası aparır, baş verənlə öyünürdülər. Xeyir ola, indi bütün dünya bunların üzərinə getdiyi bir zamanda hakimiyyət xeyli cəsarətlənib ki, beynəlxalq aləmlə hesablaşmır?! Təbii ki, bu hakimiyyət daxili parçalanmanı aradan qaldırma, özlərinə ümid vermək üçün atılan addımlardır. Bununla heç nəyə nail olmaq olmaz. Ilham Əliyev xalqına qarşıdırsa və xalq onu dəstəkləmirsə, o zaman xarici qüvvələrin gücünə hakimiyyətdədir. Əgər bu gün xarici güclər də hakimiyyəti istəmirsə, hakimiyyət nəyin hesabına mövcud ola bilər.

“Əliyev hakimiyyəti hər yol ilə qorumaq istəyir”

– Ilham Əliyevin qurultayda müxalifətçilərə qarşı səsləndirdiyi sərt mesajları necə qiymətləndirmək olar? Bir vaxtlar bütün azərbaycanlıların prezidenti olacağına söz verən Ilham Əliyev hazırda müxalifətçiləri açıq hədəfə çevirən bəyanatlar səsləndirir. Bu mövqe, hakimiyyətdəki təlaş nədən qaynaqlanır?
– Ilham Əliyevin apardığı siyasəti anlamaq çətin deyil. Çünki hakimiyyətin arsenalında olan bütün vasitələr itirilib. Hakimiyyətin xalqla heç bir əlaqəsi yoxdur. Bu xalq hakimiyyətə rüşvət vermək və iqtidardakıların var-dövlətini artırmaq üçün lazımdır. Xalqla hakimiyyət arasında böyük uçurum var. Artıq Ilham Əliyevə və onun ətrafındakılara söz təsir etmir. Keçirilən müşavirələr nəticəsiz qalır. Oğurluq, korrupsiya davam edir. Belə bir zamanda hakimiyyəti qorumağın yeganə yolu psixoloji təsir və repressiyalardır. Ilham Əliyev də bundan bacardığı qədər istifadə edir. Hətta müharibələr haqqında mövcud olan konvensiyanın prinsiplərinə görə, işğal olunmuş ərazidə xalqın sərbəst şəkildə hərəkətinə məhdudiyyət qoyula bilməz. Amma Azərbaycan xalqı sərbəst şəkildə qonaq getmək, xeyir-şərdə iştirak etməkdən məhrum olunub. Lənkəran, Sabirabadda baş verənlər bunu açıq şəkildə göstərir. Ilham Əliyev hakimiyyətini qorumaq üçün növbəti mərhələdə psixoloji təsir göstərir. Amma bu təzyiq də artıq heç bir rol oynamır. Çünki artıq gənc fəalların kütləvi şəkildə həbs olunması qorxu faktoru deyil, bir qəhrəmanlıq göstəricisinə çevrilib. Belə bir şəraitdə hakimiyyət yalnız zorakılıqla hakimiyyəti qorumağa çalışır.

– Hakimiyyət son zamanlar “millətçi” mövqedən çıxış edərək gah Milli Şuranı, gah da “milyarderlər ittifaqının” təmsilçilərini Rusiyaya işləməkdə, milli maraqları satmaqda günahlandırır. Iqtidarın bu siyasi kursunu necə dəyərləndirmək olar?
– Bu, “adımı sənə qoyum, səni də yana-yana qoyum” xalq məsəlinin bariz nümunəsidir. Bu rejimin hakimiyyətə gəlməsi Rusiyanın vasitəsilə olub. Bu rejimin 20 ilə yaxın mövcudluğu da Rusiya vasitəsilə olub və Azərbaycanın da müstəqil xarici siyasət kursu, demək olar, gündəmə gəlməyib. Rusiyalı diplomatlar tez-tez səfərlər edərək hakimiyyətin xarici siyasətini tənzimləyirdilər. Qərblə, strateji müttəfiq olan Türkiyə ilə layihələr mütləq Rusiya ilə razılaşdırılmalı idi. Əgər onlar “dabro” verməsəydilər bu layihə reallaşmırdı. NABUCCO neft kəməri ilə bağlı Azərbaycan hakimiyyəti xeyli mübarizə apardı. Hakimiyyətin hazırda iqtidarı dəyişmək istəyən qüvvələri Rusiya tərəfdarı kimi təqdim etməsi tamamilə absurddur. Guya Azərbaycan xalqını qorxutmaqdır.

Xəyal