Sən demə, «Oskar» mükafatını da Kreml verirmiş
Hakimiyyətin “məxfilər komandası” (ad şərti deyil, vəziyyətdən götürülüb) iş başındadır. Bu qrupun əməliyyat yazı tədbirləri nəticəsində “Yeni Müsavat” qəzetində Milli Şura əleyhinə durmadan yazılar yazılmaqdadır. Gah məxfi mənbə, gah məxfi ekspert, gah məxfi diplomata çevrilən bu simbioz qrup sübut eləmək istəyir ki, Milli Şura Rusiyadan qidalanır. Belə bir yazıya başlayarkən isə yazırlar:
“YAP-ın ildırımsürətli qurultayı Ilham Əliyevin 3-cü müddətə namizədliyini qətiləşdirdi… Nə vaxtdan tarixi 2 ay geri çəkilən tədbirin mahiyyəti ”ildırımsürətli” olub? Bunun ki, xarakteristikası belə olmalı idi – “başıalovlu”, “iki daşın arasında”, ən yaxşı halda isə “tələm-tələsik”. Hamı bilir ki, Milli Şuranın yaranması YAP-ı öz planlarını pozmağa vadar elədi. YAP nəyə arxayın idi? Əlbəttə ki, Milli Şuranın yaranmayacağına. Bu məslədə kimə arxayın idi? Siz elə indi də həmin adamları görürsüz – onlar YAP-ın qulluğunda müntəzirdilər. Fəqət, hər şeyi açıq demək lazımdır ki, cəbhələr dəqiqləşsin. YAP qrultayına “Yeni Azərbaycan” qəzetinin təbirlərini əlavə etməyi özünə rəva bilən media orqanı nə müstəqil ola bilər, nə də müxalif. Məsələ bu qədər sadədir.
Qərb diplomatları informatordur?
Əlbəttə ki, “Qərb diplomatı” mücərrəd addır və bunun altında minlərlə konkret və müxtəlif ad yatır. Amma bunun başqa tərəfi var ki, Qərb diplomatları da iki yerə bölünürlər. Bir hakimiyyətin kürüsünə heyran qalan, neftdən zəhərlənən transmilli korrupsiyanın Qərb qanadını təmsil edənlər, bir də demokatik dünyanın həqiqi təmsilçiləri. Bu mənada Azərbaycanda AXCP-Müsavat kimi siyasi təşkilatların dominantlıq etdiyi Milli Şuranı kim Rusiyaya bağlayır, bir baxaq. Hakimiyyət mediası – hakimiyyətin direktivləri ilə işləyən media və onun məxfi Qərb diplomatları. Milli Şuraya olan ittihamların pik həddini YAP qurultayında Ilham Əliyev etmədimi? Bütün bu xırda adam və quruluşların etdikləri YAP sədrinin dediklərinin xırdalanması deyildimi? Ya da çoxmu çətindir bu yazıların da Ilham Əliyevə verilən konspektdən çıxarıldığını ayırd etmək. Bu qədər açıq oyun olmaz – bu müharibədir. Hələlik, soyuq və diplomatik olsa da, müharibədir. Tərəfləri isə aydın görmək, tanımaq və tanıtmaq lazımdır.
ABŞ səfiri teleqramlarını kimə göstərir?
Yazıda maraqlı bir iddia var. Yazılıb ki, ABŞ səfiri bölgələri gəzəndən sonra, Vaşinqtona “əksəriyyət YAP-ı dəstəkləyir” şərti adlı dosye də göndərib. Bu iddiaya kim cavab verməlidir? Fikrimizcə, ABŞ bu məsələyə həssas yanaşmalıdır. Çünki Azərbaycanda böyük və taleyüklü bir proses başlayır, demokratiya uğrunda mübarizə aparan insanlar Qərbi özlərinə müttəfiq hesab edirlər, onlarla eyni dəyərləri bölüşdüklərini düşünürlər, amma Əsədin dəstəkçisi olmağı özünə rəva bilən sistemin mediası bu cür yazılarla, iddialarla bulanıq suda balıq tutursa, ABŞ səfirliyi suları durultmağa borcludur. Bu həm də ABŞ-ın maraqları və imici üçün lazımdır.
“Oskar”ı Kreml verir?
Yazıda belə bir məqam diqqəti çəkir: “Milli Şuranın əsasən Moskvada yaşayan Rüstəm Ibrahimbəyovun rəhbərliyi ilə yaradılması hakimiyyət üçün göydəndüşmə oldu”. Heç ağlınıza gəlmirmi ki, deyəsiz – Ramiz Mehdiyev Kremldən dostluq medalı alıb. Bu hakimiyyətin silahlı qüvvələrinin ikinci adamı Dağıstanın (Rusiyanın) milli qəhrəmanı adına layiq görülüb. Rüstəm Ibrahimbəyovun fəaliyyətinə verilən mükafat isə “Oskar”dır. Yəqin ki, bunu da Kremldən aldığını iddia edəcək qədər pis deyil vəziyyətiniz.
Seymur Həzi
P.S. Bu yazını oxuyub “bir-birinizi qırırsız” kimi Dədəqorqudluq eləyənlərə indidən demək istəyirəm ki, bir-birimizi qırmırıq, hakimiyyətin iddialarına cavab veririk…