Gülər Əhmədova unudulmaq istəyir?

Hüquqşünaslar bu addımın bir çox səbəblərə söykəndiyini deyir

Keçmiş millət vəkili Gülər Əhmədova barəsində son günlər mətbuatda hansısa bir məlumat verilmədiyi barədə keçən sayımızda informasiya dərc etmişik. Xatırladaq ki,  G.Əhmədova və ailəsi mətbuata istintaq barədə məlumat verməyi qadağan edib və bu baxımdan istintaqın gedişi barədə mediaya yenilik daxil olmur.
Görəsən G.Əhmədovanın mətbuata açıqlamanı qadağan etməsi nə ilə əlaqədar ola bilər?! Bu unudulmaq istəyinin arxasında nə dayanır?
Tanınmış vəkil Müzəffər Baxışov söyləyir ki, bəzən təqsirləndirilən şəxslər istintaqın gedişi barədə hər hansı məlumatı ictimailəşdirmək istəmir. G.Əhmədova da istintaq barədə məlumatların ictimailəşdirilməsinin ziyanına olduğunu düşünərək bu addımı ata bilər: “Gülər Əhmədova günahının olmadığını və E.Abdullayevin öz imkanlarından istifadə etdiyini deyir. Əhmədova bu videolarla əməllərinin ifşa olunacağını və bir çox sübutların ortaya qoyulacağını düşünə bilər. Yəni bu, bir səbəb ola bilər. Eləcə də siyasi hakimiyyətin bu işin ictimailəşdirilməsinin əksinə olması və istintaqın mətbuatın diqqətindən kənarda qalması istəyi də səbəblər sırasına daxildir”. M.Baxışov qeyd edir ki, müvafiq qanunvericiliklə təsirləndirilən şəxsin vəkili müdafiəni onun mövqeyinə uyğun həyata keçirə bilər. Yəni burada heç bir qanun pozuntusu yoxdur.
Digər vəkil Əyyub Kərimov qeyd edir ki, təqsirləndirilən şəxsin istintaq boyu susmaq və hətta ifadə verməmək hüququ var. Amma onun ifadə verib-verməməsindən asılı olmayaraq iş yekunlaşdırılaraq məhkəməyə göndərilir: “Onların seçdiyi taktika belədir. Əvvəl hay-küy salır, ictimai fikirdə müəyyən hadisə yaratmaq istəyirlər. Indi də susmaq taktikasına keçiblər. Seçim onlarındır. Hər halda Gülər Əhmədova sonda məhkəmə qarşısına çıxarılacaq və cəzasını alacaq. Başqa cür ola da bilməz”.

Nigar