İsa Məsih Neft Şirkətində

Yəqin Əkrəm Əylislinin “Daş yuxular” qovğası kimsənin yadından çıxmayıb. Azərbaycan tv-ləri öz yalançı süjetləri ilə elə mənzərə yaratmışdı ki, deyərdin, dünya qopur. Deyərdin, ölkə vətəndaşları bir nəfər kimi ayaq üstədi, yazıçının ətini şişə çəkmək üçün əlimyandıda axtarırlar, ancaq nə sirdirsə tapa bilmirlər. Əslində isə yazıq, binəva və çarəsiz xalqın heç nədən xəbəri yox idi, axıracan da olmadı, axı bu məzlum millətin kitabla, dəftərlə nə işi ki, xəbər də tuta. YAP iqtidarı, PA və televiziyalar aləmi lillətmişdi, ancaq bu xalq türk seriallarından başqa nəyə baxır ki. Sizi inandırıram, adamların suallarına cavab verməkdən cəzana gəlmişdim: “Əkrəm Əylisli neyləyib, bəlkə sən bilərsən?”. Yəni hakimiyyətin imkanı olsaydı, çarmıxa çəkər, ondan Isa Məsih qayırardılar. Əlqərəz, tv-lərdə xalq bir nəfər kimi ayaq üstəydi, Təhrir meydanı-zad yalan idi, həyatda isə… xalq yanını isti yerinə basıb oturmuşdu və Fatmagülün suçunun nə olmasını düşünürdü. Bizim camaat belədi də, özü Fatmagülün suçunu izləyir, səndən də Əkrəmi soruşur. Nə isə… 

Yerli, eləcə də xarici dəstək kampaniyası, üstəgəl yazıçının müdrikliyi Bakıda çarmıx məsələsinin gerçəkləşməsinə imkan vermədi. O gün bir çayçıda Əkrəm bəyə yanaşan bir vətəndaş dedi: “Mən sizi tanıyıram, xalq yazıçısısınız…”.

Artıq Əkrəm qovğası yatıb. Əylisli də, onun “Daş yuxular”ı da elə bil bir yuxuymuş, Azərbaycan tv-ləri görüb, axar suya ərz eləyib, su da o yuxuları götürüb aparıb. Çünki dava yorğan davasıydı, yəni “Daş yuxular” bəhanəydi. Hakimiyyətin içini göynədən “Möhtəşəm tıxac”dı ki, onu da açıb-ağartmaq mümkün deyildi. O mövzunu necə dilə gətirəydilər, ona görə yazıçıya nifrəti necə yaradaydılar? Həmin əsərdə söhbətin nədən getdiyini bilən camaat deyəcəkdi ki, ay o yazıçının əlinə qurban!

Davanın ayrı dava olmasını bilmək üçün çox gözləməyə gərək qalmadı. Elə 3-4 gün qabaq Rövnəq Abdullayev söhbətin üstünü açdı. Nə imiş? Heç nə, adam deyir ki, Ermənistan bizə müraciət etsə, qaz verə bilərik. Vay, balam, bəs nə oldu sizin Qarabağ yaranız? Axı erməniyə quruca xoş söz ehsan edən yazıçını yaş yuyub quru sərirdiz, ermənilərin 1918-ci il Bakı qırğınından, Andranik lənətullahdan başlayıb Xocalıya, Sarı gəlinə, sarıkökə, dolmaya, qız-gəlinin namusuna qədər gəlib çıxır, onlara bircə kəlmə xoş söz nədi, zəhər də olmaz deyirdiniz. Indi nə baş verdi? Yoxsa Əkrəmi çarmıxa çəkib ondan Isa Məsih qayırmaq istəyəndən 1-2 ay sonra sizdə buddizmin qəfil işıqlanmasımı baş verdi, çiyinlərinizdə mələk qanadımı cücərib çıxdı, ürəyinizə sevgimi doldu və özünüz Isa Məsih olmaq qərarına gəldiniz? 

Necə olur, Türkiyənin iki gözünü bir deşikdən çıxarırsınız, gənc və istedadlı gənc, erməniylə yaxından-uzaqdan heç bir yaxınlığı olmayan, tərtəmiz türk oğlu Zaur Qurbanlını xəstə halıyla bir qisasa görə məhbəsdə öldürürsünüz, ancaq erməni əsgərlərinin çayının-çörəyinin tez ərsəyə gəlməsinin, soyuqdan donub ölməməsinin qayğısına qalırsınız? Və elə həmin günlərdə öz halal Qarabağ savaşı əlilliyi adını rüşvət vermədiyinə görə illərlə ala bilməyən keçmiş əsgəri intihardan güclə qurtarmadılarmı?

Bu sualların cavabını MDB dövlətləri Institutunun direktoru Konstantin Zatulin belə verib: “Indiki situasiyada rəsmi Bakının özünü konstruktivlik fənəri və sivillik mayakı kimi göstərməkdən başqa yolu yoxdur. Azərbaycan seçki gözləntisi ilə yaşayır. Ilham Əliyev narahatdır. Mən bunu hiss edirəm. Azərbaycan prezidentinin narahatlığına əsas var”. Mənə isə elə gəlir ki, Zatulin düz demir, suç bilavasitə Əylislinindi. O, erməniyə sevgi yaratmasaydı, kim idi onlara qaz verən? Vətən xaini-zad deyillər ki!

Yeri gəlmişkən, üç gündü qaz üzünə həsrət qalmışıq.