Martın 1-də Ermənistan paytaxtı Yerevanda sabiq prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin mitinqi keçirilib (“Media forum”). Matenadaran muzeyinin qarşısında keçirilən mitinqdə 50 min insan qatılıb. Levon Ter-Petrosyan, Stepan Dəmirçiyan, Aram Sərkisyan, David Şahnazaryan, Raffi Ovannisyan və başqa müxalifət liderlərinin iştirak etdiyi mitinqdə ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələb olunub.
Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyan mitinqdə çıxış edərək üç il əvvəl martın 1-də baş vermiş hadisələrdən danışıb və toqquşmalarda 10 nəfərin öldüyünü, 150 nəfərə qədər adamın həbs olunduğunu, onlarla insanın ölkəni tərk etdiyini vurğulayıb: “Martın 1-i bizim tariximizdə bir damğadır”.
2008-ci ilin fevralında Ermənistanda prezident seçkisi keçirilib. O zaman baş nazir postunu tutan Serj Sərkisyan qalib elan olunub. Müxalif qüvvələr özəlliklə sabiq prezident Levon Ter-Petrosyanın tərəfdarları nəticələrlə razılaşmayaraq davamlı kütləvi aksiyalar keçiriblər. Martın 1-də bu aksiyalar qanla yatırılıb. Toqquşmalarda ən azı 10 nəfər ölüb.