Ştefan Füle: «Oktyabrda keçiriləcək prezident seçkiləri ölkənin demokratik inkişafı üçün önəmli test olacaq»
Brüsseldə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle ilə görüşüb.
APA-nın AB mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər AB-Azərbaycan münasibətləri, Azərbaycanda insan hüquq və azadlıqlarının, demokratiyanın vəziyyəti, enerji siyasəti, “Şərq Tərəfdaşlığı” çərçivəsində təşəbbüslər və digər məsələləri müzakirə ediblər.
Ş.Füle internetdə böhtan və təhqirə görə cərimə və cəzalar müəyyənləşdirilməsinə dair Azərbaycan Cinayət Məcəlləsinə edilən dəyişiklikdən narahatlığını bildirib.
O qeyd edib ki, internetdə söz azadlığı məhdudlaşdırıla bilməz. Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin ölkənin demokratik inkişafı üçün önəmli test olacağını söyləyən komissarın sözlərinə görə, plüralist fikir mübadiləsi mühitinin təmin olunması vacibdir.