Əli Həsənov: «Tehran meri ermənilərdən hər bir körpə çinar ağacı üçün 100 dollar verməklə min çinar ağacı alıb»
Azərbaycan işğal nəticəsində vurduğu zərərə görə təzminatın ödənməsi üçün Ermənistanı beynəlxalq məhkəməyə verəcək.
APA-nın məlumatına görə, bu barədə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Ə.Həsənovun sözlərinə görə, artıq beynəlxalq ekspertlərin iştirakı ilə qiymətləndirmələr aparılır, dəyən zərərin miqyası müəyyənləşdirilir. Ilkin hesablamalara görə, Azərbaycana 300 milyard dollardan artıq zərər dəyib:”Azərbaycan prezidentinin tapşırığı belədir ki, qiymətləndirmə beynəlxalq səviyyədə olmalıdır. Sənədin hazırlanmasında Beynəlxalq Qiymətləndiricilər Assosiasiyası iştirak edir. Sənəd Azərbaycan alimlərinin, iqtisadçılarının, QHT-lərin iştirakı ilə beynəlxalq qiymətləndiricilər tərəfindən hazırlanacaq. Azərbaycan hökuməti bu sənədin hazırlanmasına müdaxilə etmir və etməyəcək. Sənəd tam hazır olandan sonra Azərbaycan tərəfi təzminat tələbini irəli sürəcək.
Ermənistan bunu ödəyə biləcək, bilməyəcək, öz işidir. Ermənilər neçə illərdir, tək işğal altındakı ərazilərin faydalı qazıntılarını çıxarmırlar, orada qalan digər sərvətlərimiz hesabına dolanırlar”.
Ə.Həsənov ermənilərin Zəngilandakı təbii çinar meşəsini məhv etdiklərini də deyib:”Bizdə olan məlumata görə, 7-8 il əvvəl, Tehran meri ermənilərdən hər bir körpə çinar ağacı üçün 100 dollar verməklə min çinar ağacı alıb və aparıb Tehranda əkdirib.
Xankəndi və Irəvanda da o çinarların körpə tinglərindən əkiblər. Çinar meşəsinin özünü isə tamamilə məhv edib, ağaclarda tikinti materialı kimi istifadə ediblər”.
Baş nazirin müavini deyib ki, Azərbaycan tərəfinin indiyədək bu addımı atmamasının səbəbi Ermənistandan münaqişənin həlli istiqamətində hansısa fəaliyyət gözləntisi olub:”Lakin onlardan bunu görmədik və belə qərara gəldik”.


