Badamdarda parkın qəsb olunmasına qarşı aksiya oldu
“Türkiyədə ağacların kəsilməsinə görə başlayan dava-şava səngiməyib, bizimkilər ordan dərs almaq yerinə park dağıtmaq istəyir. Bizi də küçələrə tökmək istəyirlər!”- bu sözləri dünən lokal bir aksiya iştirakçısı olan xanım “Azadlıq”a dedi.
Aksiyaya səbəb Bakının Badamdar qəsəbəsi Tofiq Məmmədov küçəsindəki 6 sotluq bir parkın ləğvi ilə bağlıydı. Səhər saatlarında Səbail rayon icra hakimiyyətinin nümayəndələri, bir tikinti şirkəti ilə birgə parkı hasarlamaq istədikdə insanlar etiraza qalxıb. Qısa sürən qarşıdurmadan və medianın hadisə yerinə gelişindən sonra parka göz dikənlər çəkilib getdilər.
Sakinlərin bildirməsinə görə, onların parkını heç bir izah vermədən bağlayırlar və böyük ehtimalla parkın ərazisində yeni bina tikilməsi planlaşdırılır.
Iki aydır ki, bu parkı ələ keçirmək üçün cəhdlər edilir deyən sakin Inqilab Kərimov bildirir ki, onların etirazı hədəylə nəticələnib: “Burda tikinti aparmaq istəyən adamın adı Ələddindir. Mən bu qədər qonşunun şahidliyi ilə ondan soruşdum ki, ay qardaş, siz burda nə iş görürsünüz, deyin, biz də bilək. O da dedi ki, öyrənmək istəyirsən, get Hacıbaladan soruş. Növbəti sualıma da belə cavab verdi ki, elə eləmə ki, iki oğlum var, yollayım evinə, başını kəsib hər şey başa salsınlar. Sonra öyrəndim ki bu adam sözü elə-belə demir, oğlanları elə bu işin biliciləridir”.
Minə adlı başqa bir sakin də deyir ki, onların, qoca və uşaqların bu ərazidə yaşaması onsuz da çətindi, park əldən gedəndən sonra lap dözülməz olacaq: “Bu parkı biz öz imkanlarımız hesabına saxlayırıq; təmizləyirik, bərpa işləri aparırıq. Indi bəhanə edirlər ki, təmir edəcəyik. Təmir edisinizsə, bizə bir plan göstərin, yoxdur belə plan, nə də əmr. Məqsəd buranı ələ keçirməkdir”.
Sakinlərin deməsinə görə, Icra hakimiyyətinin əraziyə göndərdiyi “qoçu dəstəsinə” icra başçısının Zaur adlı bacanağı rəhbərlik edir.
Sakinlər “Azadlıq”a deyib ki, onların parkları əllərindən alınsa, sərt etiraz aksiyalarına başlayacaqlar.
Natiq