aslanismayilov-enyeni

“Dünənədək Türkiyə də dünyanın ən sabit ölkəsiydi…”

«Xalqı əzib, qorxudub firavan həyat sürmək mümkün deyil»

Aslan İsmayılov: «Bu gedişlə bir dəqiqənin içində bütün ölkə Quba, Ismayıllı, Binəyə dönəcək»

Tanınmış vəkil Aslan Ismayılovun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində döyülərək ölümlə təhdid edilməsi cəmiyyətdə narazılıqla qarşılandı. Bu hadisə ilk növbədə hakimiyyətin əleyhinə işləsə də, iqtidar tutduğu təzyiq yolundan çəkinmək niyyətində olmadığını nümayiş etdirir. Bu və gündəmin əsas mövzuları ilə bağlı Aslan Ismayıov “Azadlıq”a danışdı.

– Sizə qarşı törədilən son hadisənin araşdırıldığı deyilir. Hazırda məsələ nə yerdədir?
– Birinci gün Daxili Işlər Nazirliyinin daxili təhqiqat baş idarəsindən polkovnik Rəhim Lətifov məndən baş verənlərlə bağlı izahat aldı. Gördüyümdən və onun dediyindən belə başa düşmək olar ki, araşdırmanın ədalətli aparılması üçün məsələ nazirin nəzarətindədir. Eyni zamanda baş prokurorluqda ərizəm var. Iyunun 5-də özüm baş prokurorluqla əlaqə saxlamışam. Məni çox gözəl tanıyan baş idarənin rəisi Kamal Qılıcov danışmaqdan imtina edir. Amma onun tapşırdığı icraçılara demişəm ki, qolum əzilib, araşdırmanı tezləşdirsinlər. Bunun üçün ekspertiza təyin olunmalıdır. Dedi biz nə vaxt lazım bilsək, onda edəcəyik, məsələni baş prokuror nəzarətə götürüb. Bu baş verən təkcə mənə qarşı olan hörmətsizlik deyil. Ümumiyyətlə, bu məni tanıyan, şəxsiyyəti olan hər kəsə vurulan bir şapalaqdır. Respublika prokurorluğunda dörd il işləmişəm. Baş prokuror başda olmaqla çoxları orda məni çox gözəl tanıyır, gözəl bilirlər ki, danışdığım yalandı, ya doğru. Baş verənlərdən də gözəl xəbərdardılar. Mənə ən çox yer eləyən odur ki, həmin Baş prokurorluqda duz-çörək kəsdiyim tələbə dostlarım, generallar var. Onların hər birinin çətin anında dərhal yanlarında olmuşam. Onlar tələbəlik illərindən bilirlər ki, həmişə ölümün gözünə dik baxmışam və məni qorxutmaq mümkün deyil. O prokurorluqda generallar var ki, 1990-91-ci ildə prokurorluq işçiləri Füzuli rayonunda müharibə zonasına gedəndə, mən döyüş bölgəsinə can atanda onlar sakitcə sığınıb durmuşdular. Indi sadəcə anlaya bilmirəm ki, onlar bunu öz şəxsiyyətlərinə, şərəflərinə necə sığışdırırlar. Məni danışmaqdan qorxutmaq, geri çəkindirmək, ölümlə təhdid etməkdə məqsəd susdurmaqdır. Axı məni tanıyanlar bilir ki, bu mümkün deyil. Mənə qarşı o əxlaqsızlığı törədənlər və sifariş verənlər gündə on dəfə ölürlər ki, bunun axırı nə olacaq. Çünki bilirlər ki, bundan əl çəkən deyiləm. Amma mən bir dəfə öləcəm. Onların heç birinin bu yaşımda da mənimlə istənilən mənada kişi kimi üz-üzə gəlməyə cürətləri çatmaz. Qorxmasınlar, ancaq bilsinlər, etdikləri hər sözə, hərəkətə görə cavab verəcəklər.

“Nə qədər cılız olduqlarını bir daha üzə çıxardılar”

– Adətən bu tip məsələləri araşdırmamağa, izini itirməyə çalışırlar. Əgər buna cəhd etsələr hansı addımları atacaqsınız?
– Mənim davam şəxsi dava deyil. Onlar məni qorxudacaqlarını və ya alçaldacaqlarını düşünürlərsə, səhv edirlər. Həyat hər şeyin əksinə olduğunu göstərdi. Onlar özlərinin nə qədər cılız olduqlarını bir daha üzə çıxardılar. Amma mənim davam vurulan o şapalaq, deyilən o təhqirlər deyil. Mənim davam bu gün vətənimin ləyaqətli gənclərinin türmədə çürüməsidir, gənclərdən bilərəkdən irəliçilər, pavlik morozovlar düzəltmələridir, insanlara qarşı əxlaqsızlıq eləmələridir, insanlarla kölə kimi davranmalarıdır. Həmin o idarədə onlarla, yüzlərlə insanları sındırıblar. Bu gün o idarədə işgəncə görmüş, təhqirə məruz qalmışlara səslənirəm, qorxmayın. Axı bu həyatda insan bir dəfə yaşayır. Heç kim ölümdən qaçan deyil. Ölüm hamı üçün var. Amma biri var həyatı boyu şərəfsiz, sürünə-sürünə, ona-buna yallana-yallana, çörək qırıntıları ilə qarın doydura-doydura gəzəsən, biri də var kişi kimi yaşayasan. Nə qədər sağam  mübarizəmi aparacam. Məni bu ölkədə çoxlu sayda tanıyanlar var. Bu günlər də mənə dəstək olanlara, öz təkliflərini, köməklərini təklif edənlərə təşəkkür edirəm. Hamı bilsin, mənə qarşı hər hansı təxribatın, əxlaqsızlığın olacağını gözləyirəm. Bilirəm ki, onlar buna gedəcək. Amma bilsinlər ki, bu, yerdə qalan deyil. Özüm almasam da, qisasımı alanlar tapılacaq. Ən əsası, bir daha hakimiyyətdə olanlara səslənirəm. Onlara qarşı qanunsuzluq olanda məhz mənim kimilərdən, türmələrdə çürütmək istədikləri gənclərdən imdad diləyəcəklər və bizlər onların haqlarını qoruyacayıq.

“Təzyiq davam etdikcə əks-təsir güclənəcək”

– Son vaxtlar hakimiyyətin əsasən danışan dilləri kəsmək istəyi görünür. Əvvəllər də bu cəhdlər var idi, ancaq bu getdkcə daha da artır. Elə Sizin, Qurban Məmmədovun başına gələnlər, Isgəndər Həmidovun aksiyadakı çıxışından bir gün sonra saxlanılması da bunu deməyə əsas verir. Bu nə qədər uğurlu vasitədir və bununla nəyə nail olmaq istəyirlər?
– Dönə-dönə təkrar etmişəm, bir daha deyirəm. Bugünkü hakimiyyətin bir baxış nöqtəsi var. Görənin gözünü çıxarmaq, eşidənin qulağını tıxamaq və gördüyü haqsızlığı dilə gətirənlərin dilini kəsmək. Son dövrlərdə tendensiyaya baxın. Danışanlar da, gördüyünü, eşitdiyini dilə gətirənlər də çoxalır. Əgər əvvəllər belələri bir əlin barmaqları ilə sayılırdısa, indi yüzlərlədir. Bu dəqiqə Aslan Ismayılova heç ehtiyac yoxdur. Ona görə ki, arxada gələn gənclər Aslan Ismayılovdan da qətiyyətli, savadlı və mərddi. Bunları susdurmaq mümkün deyil. Bu davam etdikcə əks-təsir güclənəcək. Ən acınacaqlısı odur ki, bu, cəmiyyəti çoxlu qanlara apara bilər. Bunlar hesab etməsinlər ki, Azərbaycan xalqını əzib, qorxudub firavan həyat sürmək olar. Bu mümkünsüzdür. Nə qədər gec deyil bu yoldan çəkinməlidirlər.

“Evi yanan, rayondan qaçan vəzifəliləri göz önünə gətirsinlər”

– Qadağalar da get-gedə artır. Internetdə təhqirə görə cəza nəzərdə tutan qanunu prezident təsdiqlədi. Bəs cəmiyyətin bütün bunlara reaksiyası Sizi qane edirmi?
– Xeyr, məni qane etmir. Mənə qarşı baş verənlər və son olaylar da göstərdi ki, günahkar yalnız cəmiyyət özüdür. Çünki cəmiyyət illərdir susa-susa gedir. Bu gün idarə edənlərdə bir əminlik yaranıb ki, sona qədər də bu cür davam edəcək. Amma sadəcə bir anlığa onların hər birinə məsləhət görürəm ki, Ismayıllı, Quba, Binə hadisələrini göz önünə gətirsinlər. Bu gedişlə bir dəqiqənin içində bütün ölkə Quba, Ismayıllı, Binəyə dönəcək. Gec deyil, çəkinsinlər. Ölkəni uçuruma aparmasınlar. Birinci növbədə də özlərini fəlakətə aparmasınlar. Evi, bağı yanan, rayondan qaçan vəzifəliləri göz önünə gətirsinlər.

“Haqqı-ədalət uğrunda birləşən istənilən birliyə dəstək verəcəm”

– Yeri gəlmişkən, sabah (bu gün) Milli Şura təsis edilir. Ilk dəfə olaraq ölkədəki demokratik qüvvələr bu formatda bir araya gəlir. Bu birlikdən gözləntiləriniz nədən ibarətdir?
– Ölkəmdə müstəqilliyin qorunması şərti ilə istənilən demokratikləşmə, qanunun aililiyini, haqqı-ədaləti təmin etmək uğrunda cəmləşən istənilən birliyə dəstək verəcəm. Bunlardan çox şey gözləyirəm. Çünki bu gün dünya dəyişib. Bunu edənlər bir anlığına başlarını qaldırıb dünyaya göz gəzdirməlidirlər. Təxminən on gün əvvəl Türkiyədən stabil ölkə yox idi. Ərdoğan məşhurluğunun pik nöqtəsini yaşayırdı. Çünki son on ildə Ərdoğan hakimiyyətinin Türkiyəyə verdiyi inkişaf bu ölkə tarixində görünməmişdi. Bir əmin-amanlıq yaranmışdı. Kürd problemi artıq çözülməyə doğru gedirdi. Bu qədər hizməti, xidməti olan Ərdoğan bir anlığa hesab etdi ki, ancaq o cəmiyyəti idarə edir və artıq mütləq hökmdardır. Ancaq üç-beş ağacın kəsilməyi ilə bir anda bütün Türkiyə ayağa qalxıb Ərdoğanı başı aşağı yerə endirdilər. Üzr istəməyi özünə rəva bilməyən, insanları döydürməklə problemin həllini tapacağına əmin olan, rahat Tunisə səfər edən Ərdoğan hakimiyyəti bu dəqiqə təlaş içindədir. Çünki xalqla heç kim kölə kimi rəftar edə bilməz. Xüsusilə son texnologiyaların inkişaf etdiyi bir dövrdə telekanalları, qəzetləri satın almaqla insanları qaranlıqda saxlamaq qeyri-mümkündür. Mənimlə bağlı hadisə baş verəndən bir saat sonra Vaşinqtondan mənə zəng oldu. Bu gün dünya artıq açıqdır, sərhədlər yoxdur. Insanların da gözü açıqdır. Insan nə vaxt özünə qapanır, qorxur… O qorxur ki, mən hansısa addımı atacam, bunun sədasını eşidən olmayacaq. Amma bir balaca yazını internetə qoyan kimi hamı baxır və adamın atdığı addım məşhur olur. Adam bilir ki, onun qanı batan deyil, haqqı batan deyil. Bunu sadəcə bu günki hakimiyyətdə olanlar anlamalıdır.

“Xalq öz azadlığını xaricdə axtarmamalıdır”

– Beynəlxalq aləmin də Azərbaycanda baş verənlərə reaksiyası sərtləşir. Artıq ABŞ dövlət katibi səviyyəsində hakimiyyətdən demokratiya sahəsində addımların atılması tələb olunur. Bu reaksiyalar qaneedicidirmi?
– Heç bir xalq öz azadlığını, gələcəyini, normal həyat tərzini xaricdə axtarmamalıdır. Ancaq daxildə axtarmaq lazımdır. Bu gün Azərbaycanda, cəmiyyətin, xüsusilə gənclərin təpkisi beynəlxalq aləmin təpkisinə səbəb olur. Bizdə cəmiyyətin təpkisi gücləndikcə beynəlxalq aləmin də təpkisi güclənəcək. Ona əmin olun. Demişəm, yenə təkrar edirəm: xalqına arxalanmış hakimiyyəti bütün dünya birləşsə belə uçura bilməz. Xalqına arxalanmayan hakimiyyəti bütün dünya birləşsə belə hakimiyyətdə saxlaya bilməz. Bu reallıqdır. Bu gün beynəlxalq təpkinin gücü cəmiyyətin göstərdiyi təpkidən asılıdır. Qurban Məmmədovla, mənimlə və digər baş verən hadisələr dərhal diqqət mərkəzində oldu. Daxili Işlər Nazirliyi rəhbərliyinin dərhal məni qəbul etməsi cəmiyyətdəki reaksiya ilə bağlı idi. Əgər insanlar reaksiya verməsə, məni yenidən tutub aparıb döyərdilər. Ona görə hər şey cəmiyyətin öz reaksiyasından asılıdır. Hələ iki min il əvvəl qədim latınlar deyib ki, hər bir xalq öz hökmdarına layiqdir. Bu həqiqətən də elədir. Onu bir az dəyişsək, demək olar ki, hər bir xalq yaşadığı həyat tərzinə layiqdir. Biz dözürük, bizi döyürlər. Dözməyəcəyik, döyməyəcəklər. Türkiyə bir daha bunu sübut elədi. Bir daha göstərdi ki, Türkiyə böyük dövlətdir. Bu gün çoxlarının Türkiyə ilə bağlı inamsızlığı var, pessimist ruhdadır ki, bunun gələcəyi nə olacaq. Əksinə, mən hesab edirəm ki, Türkiyə bir pillə də yuxarı qalxıb. Çünki hakimiyyət gördü ki, istənilən müsbət işlərinə baxmayaraq xalqınla istədiyin kimi davrana bilməzsən. Ərdoğanın ən böyük səhvi ondan ibarət idi ki, o, Türkiyəyə yaxşılığı məhz özünün və komandansının etdiyini düşündü. Amma o başa düşmədi ki, ona dəstək verdiklərinə görə həmin işləri görüb. Xalqa minnət qoymamalı idi. Amma o istədi minnət qoya, dərhal da onu aşırdılar. Bütün hakimiyyətlər, bütün vəzifəlilər bunu anlamalıdır. Tam əminəm ki, Türkiyə ayaqdadır və bundan sonra da onun inkişafı daha sürətlə gedəcək. Ona görə ki, Türkiyədə hakimiyyətdə olanlar Ərdoğan nümunəsini gördülər. Bütün müsbət işlərinə baxmayaraq, vəzifəni yerinə yetirməkdə heç vaxt arxayınlaşmamalısan. Çünki bunu sən etmirsən. Heç bir vəzifə sahibi xalqa minnət qoymamalıdır. O, vəzifə borcunu yerinə yetirir və buna görə də xalq ona imtiyazlar verir. Xalq ona səs verir, səsin nəticəsində o hakimiyyətə gəlir. Mən Türkiyəyə tam əminəm. Bir daha ikinci vətənim Türkiyə ilə qürür duydum ki, bu xalq böyük olduğunu göstərdi.

Fizzə