Ombudsman Səfər Əbiyevdən şikayət etdi

Elmira Süleymanovanın deputatlara paylanan hesabatında hərbi sahədəki xeyli problemlər qabardılıb

 

Ötən il Azərbaycanda vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış çoxsaylı müraciətlərə demək olar ki, cavab verilməyib.
Bu barədə Ombudsmanın 2010-cu ildəki fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, bununla yanaşı, qeyd edilən şikayətlərin araşdırılması ilə bağlı müvafiq nazirliyə göndərilmiş sorğular da bir sıra hallarda gecikdirilib. Yaxud düzgün olmayan məlumatlar verilib. “Bununla belə, aparılmış araşdırmalar nəticəsində bir sıra hərbi qulluqçuların ən müxtəlif problemlərinin həllinə nail olunub”, – deyə Ombudsmanın hesabatında qeyd edilib.
Müvəkkilin ünvanına hərbi qulluqçulardan və onların ailə üzvlərindən, həmçinin ehtiyatda və istefada olan hərbçilərdən daxil olmuş şikayətlərdə mənzil, pensiya, məhkəmə qətnamələrinin icra edilməməsi, müqavilə üzrə xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis olunmaması, hərbi idarəetmə orqanları tərəfindən müraciətlərin cavablandırılmaması, süründürməçiliyə yol verilməsi, hərbi biletin, habelə “müharibə veteranı” statusunun verilməsində mövcud çətinliklər, hərbi xidmətə yararlılığın obyektiv yoxlanılmaması kimi hallar əksini tapıb.
Obmudsman təklif edib ki, ordunun vətəndaş cəmiyyəti qarşısında hörmət və nüfuzunun qaldırılması, o cümlədən nizamnamədən kənar münasibətlərə son qoyulmasına yönəldilmiş ciddi tədbirlər görülməlidir.