eabdullayev-enyeni

Elşad Abdullayevdən Mətanət İsgəndərliyə cavab

«O, cinayəti bilə-bilə gizlətdiyi, istintaqa yalan ifadə verdiyi üçün məsuliyyətə cəlb olunmalıdır»

«Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat var və vahid mərkəzdən idarə olunur»

“Mətanət Isgəndərlinin bu ifadəsi qohum-əqrəbanı bir-birinə qarşı qoymağa hesablanıb. O, Müstəqil Istintaq Komissiyasına (MIK) ifadəsində deyib ki, Mahir onu heç bir qadınla aldatmır. Onun bu ifadəsi həqiqətə uyğun deyil. Belə hesab edirəm ki, bu ifadəni Mətanətin adından yazan advokat-qəzetçi nə qədər əxlaqdan kənar olmalıdır ki, atasını səbirsizliklə gözləyən azyaşlı uşaqların qəlbini qırsın”.  Bu sözləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev “Yeni Müsavat” qəzetinin 05 iyun 2013-cü il tarixli sayında dərc olunmuş müğənni Mətanət Isgəndərlinin istintaqa verdiyi ifadələrlə bağlı “Azadlıq”a açıqlamasında bildirib.
Elşad Abdullayev deyir ki, MIK-in 8 aydan çox fəaliyyət göstərməsinə baxmayaraq, verilən vəsatətlərin birinə də olsa belə, düzgün hüquqi qiymət verilməyib.
O, MIK-i Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərməkdə ittiham edib. Bildirib ki, komissiya Mahir Abdullayevin artıq bütün dünyaya məlum olan oğurluq işini hər vəchlə ört-basdır etməyə çalışır.
E.Abdullayev deyib ki, Mahir Abdullayevə böhtan atanlar onun MTN zabiti, idmançı və ziyalı kimi tərcümeyi-halını dərindən bilməlidirlər: “Qardaşım Mahir Abdullayevlə fəxr etmişəm və həmişə də fəxr edəcəyəm. Məni yaxından tanıyanlar da bunu yaxşı bilirlər və bizə qoşulurlar. Mahirə pulumuz da, canımız da qurbandır”.
Keçmiş rektor deyir ki, Mahir Abdullayev MTN zabiti kimi ona dəfələrlə bildirib ki, “şeytan yuvasına” getməyi vəzifə borcu ilə bağlıdır, böyük bir cinayətin izinə düşüblər, artıq rəhbərlik razılıq verib: “Prezident seçkilərindən sonra (15 oktyabr 2003-cü il) ”Qarabulaq” Hacı Məmmədovun bandası, habelə Mətanət Isgəndərli həbs olunacaqlar. Keçiriləcək əməliyyatın adı da “El qızı” əməliyyatı olacaq”.
E.Abdullayevin sözlərinə görə, Mətanət Isgəndərli 10-cu ildir ki, Mahir Abdullayevin oğurluq cinayətini bilə-bilə gizlətdiyi üçün istintaqı aldatdığına və yalan ifadə verdiyinə görə Cinayət Məcəlləsi ilə ağırlaşdırıcı hal kimi cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Eyni zamanda, həyatı təhlükə altındadır, bu cinayəti açmadığına görə onu da Sevinc Babayeva sayağı izsiz-tozsuz yox edib qanını batıracaqlar”.
Keçmiş rektoru Mətanət Isgəndərlinin qardaşının qayınatası Şamil Şahməmmədov haqqında istintaqa verdiyi ifadəni cəfəngiyat hesab edir.
Elşad Abdullayev Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat olduğunu və bunun vahid mərkəzdən idarə olunduğunu deyir: “Belə ki, Mətanət Isgəndərli bir ay öncə mətbuata açıqlamasında bildirmişdi ki, ona Mahir Abdullayev haqqında danışmaq qəti qadağan edilib. Görəsən ona belə qadağanı kim qoyub? Adını deyə bilərmi? Mütəşəkkil dəstənin bir mərkəzdən idarə olunması işdə təsdiq olunur. Ictimailəşmiş bütün video faktlarda mənim üstümə gələn banda üzvləri hamısı deyir ki, Mahir Abdullayev sağdır. Bunu haradan bilirlər? Bandanın bir mərkəzdən idarə olunan və mənim üstümə gələn cinayətkar ünsürləri qeyd edirlər ki, Mahir hökumət orqanında saxlanılır. Biri deyir ”KQB”-dədir, biri də deyir ki, polisdədir, başqa birisi də deyir ki, prokuror oğurlayıb”.
E.Abdullayevin sözlərinə görə, Mətanət Isgəndərli haqqında hələ 21 aprel 2009-cu ildə və 5 yanvar 2010-cu ildə ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili Işlər naziri Ramil Usubova ərizə ilə şikayət edib:
“Həmin şikayətimdə Mətanət Isgəndərlinin mütəşəkkil cinayətkarlıqda iştirakı təkzibolunmaz sübutlarla təsdiq olunub. Ancaq Müstəqil Istintaq Komissiyasında mənim şikayətlərimə düzün hüquqi qiymət verilmədi. Bir hüquqşünas kimi mənim bütün danışıqlarım video-audio faktlara əsaslanır. Belə çıxır ki, mən Heydər Əliyevə heykəl qoyanda düz danışırdım, Strateji Araşdırmalar Mərkəzi yaradanda düz danışırdım, dövlətçilik haqqında çoxsaylı kitablar nəşr etdirəndə düz danışırdım, YAP-ın 3-cü qurultayında iştirak edəndə düz danışırdım, ancaq şikayət edəndə yox? Deməli, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etdiyimə görə düzgün danışmıram”.

Ramin DEKO