“Kremlin layihəsi Əliyev hökumətidir”

Rüstəm İbrahimbəyov: «Vaxtilə məhz Kreml hazırki prezidentin hakimiyyətə gəlməsinə kömək edib»

«Milyarderlər siyasətdən oddan qorxan kimi qorxurlar və belə məsələlərdən uzaq dururlar»

Ziyalılar Forumunun həmsədri Rüstəm Ibrahimbəyov “Turan”a müsahibə verib. O, müsahibəsində deyib ki, uzun müddət Ziyalılar Forumundakı həmkarlarının əsas vəzifəsi vətəndaş cəmiyyətini dəstəkləmək, siyasi həyata müdaxilə etmədən təsirli ictimai rəy formalaşdırmaq olub.
“Lakin müxtəlif səbəblərdən hadisələr fərqli inkişaf etdi və Milli Şuranın formalaşdırılması siyasətdə fəal şəkildə iştirak etməyi tələb etdi. Şadam ki, çoxsaylı daxili fikir ayrılıqlarını aradan qaldırmaq və demokratik qüvvələrin geniş ictimaiyyət kütlələrini təmsil edən kifayət qədər nüfuzlu koalisiya yaratmaq mümkün oldu.
Həmçinin bilirəm ki, Milli Şuranın ayrı-ayrı üzvlərinə artıq təzyiq başlayıb və bu proses davam edəcək. Hakimiyyət əmin idi ki, ideya uğursuzluğa düçar olacaq, ona görə onlar özlərini itiriblər və ənənəvi metodları ilə hərəkət edəcəklər”.
R.Ibrahimbəyov Milli Şuranın qarşıda duran vəzifələrinə toxunaraq bildirib ki, ilk növbədə protokol məsələləri- Nizamnamənin, fəaliyyət planının qəbul edilməsi, Milli Şura üzvlərinin məqsəd və vəzifələri əks etdirən bəyanatın qəbul edilməsi məsələləri həll olunacaq.

“Milli Şurada iştirak edənlərin namizədliyini verəcəyəm”

“Namizədliyimin irəli sürülməsi mənim üçün gözlənilməz haldır. Bu rol üçün tamamilə hazır olan ən az 2-3 nəfər tanıyıram. Doğrudur, bəziləri mənim Vaqif Hüseynovu və xaricdən başqa kimi isə nəzərdə tutduğumu hesab edib.
Amma bütün bunlar cəfəngiyyatdır və mən bizim aramızda olan, Milli Şuranın yaradılmasında iştirak edən şəxsləri nəzərdə tuturdum və onların namizədliyini irəli sürəcəyəm, amma əksəriyyət mənə səs versə, bu yükü üzərimə alacağam və geri çəkilməyəcəyəm”, deyə dramaturq qeyd edib.

“Rusiya Azərbaycanda demokratik dəyişiklik istəmir”

Azərbaycanın hökumətyönlü mətbuatının Milli Şuranın Kremlin layihəsi olduğu haqqında ittihamlarını şərh etmək xahişinə cavabda Ibrahimbəyov bildirib ki, dəfələrlə bunu təkzib edib:”Ilk növbədə Kremlin layihəsi Ilham Əliyev hökumətidir. Onların çox sıx əlaqələri var, rəsmi Bakı dəfələrlə bəyan edir ki, Rusiya bizim strateji tərəfdaşımızdır.
Vaxtilə məhz Kreml Heydər Əliyevin xahişi ilə hazırki prezidentin hakimiyyətə gəlməsinə kömək edib.
Buna görə Rusiyanın Azərbaycanda hər-hansı demokratik dəyişikliklər istədiyini hesab etmək olmaz. Buna görə biz Rusiyadan, Amerikadan, Avropadan, Türkiyədən və başqalarından demokratik başlanğıclarımızı dəstəkləməyi xahiş edəcəyik”, deyən dramaturq əlavə edib ki, Moskva tərəfindən anlayışla qarşılanacağına inanmır. “Çünki bütün əvvəlki saxta seçkilər ilk növbədə məhz Rusiya tərəfindən tanınıb”, deyə dramaturq qeyd edib.

“Azərbaycan rəsmiləri Moskvaya çamadanlarla pul daşıyır”

“Hakimiyyət 2005-ci ildə tətbiq etdiyi təxribatı təkrar edir. Həmin vaxt bir qrup şəxsi Amerika ilə əməkdaşlıqda ittiham ediblər və dövlət çevrilişi hazırlamaq ittihamı ilə həbs ediblər, indi isə elə həmin sxemdən istifadə etmək, amma rəqibləri Rusiyaya işləməkdə ittiham etmək istəyirlər. Hakimiyyətin bu fikrinin məqsədi ən qabaqcıl insanları ideoloji, bəlkə də həm də fiziki cəhətdən zərərsizləşdirməkdir”, deyə Ibrahimbəyov bildirib.
O, özünü müstəqil adlandıran Azərbaycan mətbuatının hakimiyyətin bu təxribatına təslim olmasından və özünə bu sualları verməməsindən təəccübünü bildirib:”Rusiya belə pisdirsə, niyə Bakıda MDBMI məzunlarının görüşləri keçirilir, tez-tez Rusiya məmurları və xadimləri gəlir, niyə Bakı rəsmiləri Moskvada və digər şəhərlərdə çamadanlarla pulla gəzir və rus məmurlarının rəğbətini qazanmağa çalışır”

“Milyarderlər siyasətdən oddan qorxan kimi qorxur”

“Milli Şura daxili tələbatdır, buna görə jurnalistləri birdən-birə ortaya çıxmayan, illərdir yetişən bu ideyanı dəstəkləməyə çağırıram”, deyə Ibrahimbəyov bildirib.
Milli Şura Milyarderlər Ittifaqından (Rusiya Azərbaycan Təşkilatları Ittifaqı) pul alır? Bu suala Rüstəm Ibrahimbəyov qəti “yox” cavabı verib.
“Bizim bir qəpiyimiz yoxdur. Indi Milli Şuranın işləri üçün xaricə şəxsi pulumla gedəcəyəm”, deyə o qeyd edib. Rusiya Azərbaycan Təşkilatları Ittifaqına gəlincə, bu təşkilat Rusiyada azərbaycanlıların problemlərinin həlli üçün yaradılıb. “Bu, öz biznesi ilə məşğul olan insanlardır. Onlar Azərbaycan prezidentinə çox yaxındırlar və kimsə nə vaxtsa onunla birgə bizneslə məşğul olub, kimsə onun qohumudur. Buna görə onların Milli Şuraya pul verməsi fikri sadəcə cəfəngdir. Onlar siyasətdən od kimi qorxurlar və belə məsələlərdən uzaq dururlar”, deyə Ibrahimbəyov bildirib.

“Vahid namizədin taleyi çox ağır olacaq”

Vahid namizədlə bağlı suala cavabında Ibrahimbəyov deyib ki, mürəkkəb məsələləri həll etmək lazım gələcək: “Çünki hakimiyyət öz rəqibini məhv etmək üçün bütün metodlardan istifadə edir. Onlar hər şeyə əl atacaqlar. Narkotik atmaq, böhtan və təhqir, həbs və qətl. Buna görə vahid namizədin taleyi çox ağır olacaq. Onun vəzifələrinə gəlincə, ilk növbədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasıdır. Hakimiyyətin seçkiləri saxtalaşdıracağı ilə bağlı şübhələr azdır, çünki inanıram ki, xalqımız demokratik qüvvələrin vahid namizədinə səs verəcək. Həmin vaxt beynəlxalq demokratik ictimaiyyətin mövqeyi əhəmiyyətli olacaq, onlar seçkilərin qeyri-legitim olduğunu bildirməlidir. Əlbəttə ki, əsas sözü xalqımız deməlidir. Biz qalib gəlsək, vahid namizəd zəruri siyasi islahatlara başlamalı: Konstitusiyaya dəyişikliklər etməli, yeni parlament seçkiləri keçirməli və s. olacaq, bundan sonra yeni prezident seçkiləri elan edəcək”, deyə Ibrahimbəyov qeyd edib.
Bakıya nə vaxt qayıdacağı haqqında suala cavabda dramaturq bildirib ki, Milli Şuranın ilk iclasından dərhal sonra o, müxtəlif ölkələrin demokratik dairələrinin nümayəndələri ilə görüşmək və onları Milli Şura və Azərbaycandakı proseslər haqqında məlumatlandırmaq üçün xarici turneyə çıxacaq.
“Bütün bunlara 15 gün gedəcək, bundan sonra mən Bakıya qayıdacağam”, deyə Rüstəm Ibrahimbəyov bildirib.