Hüseyn Abdullayev. Susma! Sus?..

Azərbaycanda ən mobil, ən çevik, ən asan işləyən sahə hansıdı? – soruşsaydılar, nə cavab verərdiniz? 

Mobil rabitə sistemi? Çevik polis alayı? ASAN xidməti? – Təbii ki yox. Cavab ayrıdı: Zamanında hakimiyyətə yaxın olan və ya ona münasibətdə loyallıq göstərən, onlarla müəyyən siyasi və ya maddi işbirliyinə gedənlərin qəfildən və ya tədricən fikrindən daşınması, mövqeyini dəyişməsi, qismən də uğradığı şəxsi zərərdən qıcıqlanaraq hakimiyyətin nüfuz dairəsindən daha da uzaqlaşaraq, sonunda əsil tərəfin xalq və onun azadlığı olduğunu anlayan, ən nəhayətdə zamanında itaətə çağırdığı xalqı indi susmamağa səsləyən və ya özü susmayaraq etiraza qalxanların cəzalandırılması üzrə sahə və bu sahəni hərəkətə gətirən mexanizm.

Bu qəbil adamların siyahısına onlarla şəxsin adını salmaq olar. Içlərində jurnalistdən, yazıçıdan, bəstəkardan tutmuş siyasətçiyə qədər fərdlər var. Onları çoxumuz tanıyırıq. Adlarını sadalayıb küsdürməyə gərək yoxdu. Çünki bu gün xalq onu tərk eləyən on minlərlə insandan öz tərəfinə keçənləri ədəd-ədəd toplayır. Mənim baxışım bu məsələdə belədi ki, haqqın yoluna qayıdanların burnundan vurmaq, umu-küsü saxlamaq vaxtı deyil.

Paradoksal vəziyyət yaranır. Zamanında bir pay sahibi olmaq, ya əvvəldən özünün qazanmış olduğu varidatı qoruyub saxlamaq üçün həqiqəti qoyub, istibdadın tərəfinə keçərək susanların bir gün hər hansı səbəbdən qayıtdığında, toplum onlara “öz evinə xoş gəldin” deməli, yoxsa ağzındanca vurub heç nəyə baxmadan eşikdə qoymalıdı?

Axı istənilən dini və ya hüquqi qanunlar dorğu yola qayıdışı alqışlayır. Din tövbə edənləri qəbul edir, o dünyada bağışlanıb-bağışlanmayacağını isə istisnasız olaraq Tanrının öhdəsinə buraxır. Hüquqi, dövləti qanunlarsa günahını anlayıb düz yola qayıtmaq istəyənləri keçmiş suçlarına görə tənbeh edib yenidən cəmiyyətə qəbul edir.

Hakimiyyətin onu tərk edənlərə münasibəti aydındı. Eynən Oğru qanunlarında olduğu kimi. Zira hakimiyyətin oğru olması kimsəyə sirr deyil. Ən “qanuni oğru” statusuyla fəaliyyət göstərən tək oğru varsa, o da istisnasız olaraq hakimiyyətdi.

Deməli, haqqın yoluna qayıdan odla su arasında qalır. Yuxarılar heç bir halda bağışlamır. Aşağılar isə küskün ata kimi mısmırığını sallayır. Beləliklə, nə qədər gərəkli insan arada qalıb məhv edilir. Ondan sonra haqqa doğru yönəlmək istəyənlər olsa belə, gələcək çarpaz atəşin altında qalmaqdansa elə durduğu yerdəcə ölməyi üstün tutur. Bizə bumu lazımdı? Bu gün bizim ümumi işə saman çöpüylə də olsa qoşulmaq istəyən bir qarıya belə, ehtiyacımız var.

Hüseyn Abdullayevi mən ilk dəfə parlamentdəki o iyrənc, qurama oyundan sonra tanımışam. Dedilər, bu adam Heydər Əliyevin ən çox yararlandığı və yaxın adamıdı. Hətta ordusu da var, dedilər. Sonralar bəstəkar olduğunu eşitdim. Daha sonra onu ikinci dəfə tanımaq yazıldı qismətimə. Ağır xəstə olan yazıçı dostumuza Türkiyədə müayinə olunmaq üçün para lazım oldu. Jurnalist dostlarımızdan biri ona zəng etdi. “Dədəm ölsə, səni rahatsız eləməzdim…” – dedi. Artıq sabah səhər pul dostumuzun əlindəydi. Sevincdən uçurduq dostumuza görə. Sonra Hüseyn bəy özü xəstəyə zəng vurdu, təsəlli verdi, hər şey yaxşı olacaq, dedi. 

Və onu üçüncü dəfə tanımalı oldum: “Susma”. 2003 oktyabr vəhşiliyndən tutmuş günümüzün amansızlığına qədər video-kadrlarla hazırlanmış klip və tam bir azadlıq marşı. Hakimiyyət utanıb-eləmədən bu qədər çevik reaksiya verdi. Susmamağa çağıran şəxsə təzyiqlər başladı. “Susma”nın soyumağını belə, gözləməyə səbirləri çatmadı. Qisasçı olduqlarını gizləmirlər də. Toplum da özünü naza qoyub. Keçmişlə bağlı ittihamlar-filanlar. Bu gün keçmiş xidmətlərinə arxalanan heç kimsənin susma haqqını tanımırıqsa, eyni qaydayla, susmağın daşını atanları da keçmiş yanlışlarına görə vurmamalıyıq. 

Həm susma deyib, həm də, “sus” demək xəstə təxəyyülün məhsuludu. Bizim yolumuz işığa doğrudu. Işığı sevən hər kəs gəlsin. Elə sən də gəl…