Tanınmış vəkillərdən Qurban Məmmədova dəstək

Onlar Qurban Məmmədovun həbsini qanunsuz sayır

Tanınmış vəkil Qurban Məmmədovun həbsi haqda məlumat vermişdik. Hələ bir neçə ay əvvəl Qurban Məmmədov “Azadlıq”a açıqlamasında bildirmişdi ki, onu həbs edə bilərlər. O bildirmişdi ki, 1 il əvvəl baş vermiş qəzaya görə onu narahat edirlər. “Əgər müşahidə kameralarına baxsalar, kimin günahkar olduğu aydın olar. Qəza günorta baş versə də, üzümə duran adam hadisənin axşam olduğunu deyir. Bir-iki sualdan sonra başa düşdüm ki, bu adam xüsusi öyrədilmiş adamdı və mənim üzümə durmaq üçün gətirilib”- deyə Qurban Məmmədov bildirmişdi.
Bakı Şəhər Baş Polis Idarəsi və şəhər prokurorluğunun Qurban Məmmədov haqda yaydığı məlumatda bildirilir ki, kifayət qədər əsaslar olduğundan Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. Istintaqın gedişində zərərçəkmiş P.Abbasov müraciət edərək Q.Məmmədovun ona hədə-qorxu gələrək istintaqa verdiyi ifadələri dəyişməsini tələb edib, əks təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə təhdid etməsini bildirib.
Qurban Məmmədovun həbsilə bağlı siyasi partiyalar da bəyanat qəbul edib. AXCP, Ictimai Palata və digər siyasi qurumlar  Qurban Məmmədovun həbsinin qondarma olduğunu və ictimai-siyasi fəaliyyətinə görə siyasi sifariş nəticəsində həbs edildiyini bildirib.
AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Avropa Komissiyasının Azərbaycan Nümayəndəliyinin Siyasi, Iqtisadiyyat, Mətbuat və Informasiya Şöbəsinin rəhbəri Toralf Pilts ilə görüşüb. Görüşün əsas leytmotivi vəkil Qurban Məmmədovun həbsi olub.

Tanınmış hüquqşünaslar da Qurban Məmmədovun həbsinə etiraz etdilər

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bir qayda olaraq yol hərəkəti qaydalarını pozmuş şəxsə qarşı hətta ölüm hadisəsi olanda da istintaq müddətində həbs-qətimkan tədbiri seçilmir: “Mən inanmıram ki, Qurban Məmmədovun həbsi onun təqsirli olunduğunun sübuta yetirildiyinə görədir. Onu siyasi sifariş əsasında həbs ediblər və həbs müddətində Azərbaycan CM-in müddəaları kobud şəkildə pozulmuşdu. Çünki CM-nin 155.3 maddəsinə görə, ictimai təhlükəliliyi olmayan əmələ görə istintaq müddətində təqsirləndirilən şəxs həbs oluna bilməz. Ancaq bura Azərbaycan olduğundan qanunlar sifarişlə yerinə yetirilir. Bu həbsdən Qurban Məmmədov heç nə itirməyəcək, itirən siyasi hakimiyyət və bunun sifarişçiləri olacaq”.

Tanınmış vəkil Aslan İsmayılov hesab edir ki, Azərbaycanda görənin gözün, eşidənin qulağın, danışanın dilini kəsmək istəyirlər və bu tendensiya davam edir: “Nə qədər ki, biz susacağıq, bu çirkin proses davam edəcək. Azərbaycanda minlərlə hüquqşünas var. Ancaq cəmi 5-6 hüquqşünasın səsi eşidilir ki, onları da susdururlar. Ancaq kənarda qalanlar elə bilməsinlər ki, bazar boşalacaq və onlar yaxşı qazanacaq. Sonra da onların növbəsi gələcək. Vaxtilə Almaniyada deyirdilər ki, yəhudiləri apardılar – biz susduq, komministləri apardılar – susduq, sosial demokratları apardılar – susduq, bizi aparmağa gələndə artıq danışmağa adam yox idi. Azərbaycanda da eyni proses gedir. Həbsxanalarda yer yoxdu. Qurban Məmmədovun həbsi də bu ssenarinin tərkib hissəsidir”.

Vəkil Anar Qasımlı hesab edir ki, hətta Qurban Məmmədov ehtiyatsızlıq zəminində qəzaya yol veribsə belə, onun haqqında həbs qərarı çıxarılması qanunsuzdur və CM-in müddəalarına ziddir. Qurban bəy tanınmış hüquqşünasdı, ictimai-siyasi fəaliyyətlə məşğul olur. Belə bir adamı həbs etmək yalnış qərardı. Və bu həbs əsas verir ki, bunu siyasi sifariş və Qurban Məmmədovun fəaliyyətinə təzyiq kimi qiymətləndirək”.

Hüquqşünas Namizəd Səfərov Qurban Məmmədova qarşı irəli sürülən ittihamı bəhanə hesab edir və indiyə qədər bu maddəylə heç kimin həbs olunmadığını bildirdi: “Əvvəla, Qurban Məmmədovun əlində bu işin qondarma olması ilə bağlı kifayət qədər dəlillər var. Ikincisi, Azərbaycanda fəal vətəndaş mövqeyi olan insanların müxtəlif bəhanələrlə həbs olunması ənənə halını alıb. Qurban Məmmədovun həbsi siyasi xarakterlidir və onun tutduğu mövqeyə, tənqidi çıxışlarına, siyasi bəyanatlarına görə baş verib”.

Hüquqşünas Ənnağı Hacıbəyli də həmkarları kimi Qurban Məmmədovun həbsini qondarma sayır və bu həbsi siyasi sifariş adlandırır: “Hətta Qurban Məmmədov bu hadisədə günahkar olsaydı belə, onu istintaq müddətində həbs etmək böyük qanun pozuntusudur. Hər kəsə aydındır ki, bu həbsin səbəbi Qurban Məmmədovun ictimai-siyasi fəaliyyəti, hakimiyyəti kəskin tənqid etməsidir. Seçki ilində hakimiyyət fəal insanları susdurmaq istəyir”.

Ilham Hüseyn