İlham Əliyev namizədliyini irəli sürməklə beynəlxalq aləmin reaksiyasını yoxlamaq istəyir
Hakim Yeni Azərbaycan Partiyasının qurultayında Ilham Əliyevin namizədliyi irəli sürülsə də, seçki vaxtı qərarın dəyişməsi istisna deyil. Bu barədə qəzetimizə hakimiyyətdəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, YAP-ın qurultayının keçirilmə tarixinin avqustdan iyunun 7-nə çəkilməsi həm də beynəlxalq reaksiyanı yoxlamaq üçündür. “Doğrudur, hakimiyyət beynəlxalq aləmin Ilham Əliyevin 3-cü dəfə namizədliyinə tənqidi yanaşdığının fərqindədir.
Amma iqtidar beynəlxalq birliyin hansı dərəcədə prinspial olduğunu müəyyənləşdirmək istəyir. Əgər Ilham Əliyevin namizədliyinə qarşı reaksiyalar sərt olsa, o zaman mümkündür ki, 2003-cü il təkrarlansın. Yəni, hakimiyyətin başqa bir namizədi ortaya çıxsın və Ilham Əliyev son anda namizədliyini həmin şəxsin xeyrinə geri götürsün. Qurultayın irəli çəkilməsinin bir səbəbi də məhz budur. Iqtidar seçkiyə bir ay qalmış belə bir oyun oynamağı kifayət qədər riskli addım hesab edib”, – deyə mənbə əlavə edib.
Mənbə bildirib ki, Ilham Əliyev özü də məhz buna görə hələ namizədliyi barədə danışmır. YAP-ın qurultayında namizədliyi irəli sürüləcəyi təqdirdə isə bu partiyanın qərarı hesab ediləcək. Ilham Əliyev bununla guya namizədliyini irəli sürməkdə israrlı olmadığı, sadəcə partiyanın belə bir qərar verdiyi, həmçinin namizədliyini geri götürmək zərurəti yaranarsa bu addımı beynəlxalq aləmin reaksiyasından təşvişə düşərək atmadığı barədə rəy yaratmağı düşünür.
Bu arada YAP-çı deputat Siyavuş Novruzov “Mediaforum”a müsahibə verib. Onun müsahibəsində kifayət qədər maraqlı məqamlar var. YAP-çı deputat namizəd məsələsində Ilham Əliyevin adını hallandırmamağa çalışsa da, sonda bu məsələnin ölkə başçısı ilə razılaşdırıldığını deməyə məcbur olub. Müsahibənin həmin hissəsini təqdim edirik:
– YAP qurultayın vaxtı və prezidentliyə namizəd olması ilə bağlı partiya sədri Ilham Əliyevin razılığını alıbmı?
– Bu, partiyanın qərarıdır. Hər bir partiya üzvü də partiyanın çıxardığı qərara tabe olur.
– O cümlədən partiya sədri…
– Xeyr, bizdə partiya sədri istisna təşkil edir. Bizim nizamnamədə göstərilib ki, sədrin qurultayı çağırmaq barədə xüsusi səlahiyyəti var.
– Iyunun 7-də keçiriləcək qurultayı sədr çağırıb, yoxsa Idarə Heyəti?
– Hamı birlikdə. Bizdə qərar kollektiv şəkildə qəbul olunur.
– Idarə Heyətinin sonuncu iclası nə vaxt olub? Ilham Əliyev iclasda iştirak edirdimi?
– Prezidentin iclasda iştirak edib-etməməsinin məsələyə aidiyyəti yoxdur. Amma gündəlik və qəbul olunacaq bütün qərarlar partiya sədri ilə razılaşdırılır.
– O cümlədən namizəd olmaq məsələsi…
– YAP iqtidar partiyasıdır. Iqtidar partiyasında sədrsiz hər hansı bir qərar qəbul olunmur. Gündəliyə əsas məsələ olan namizədin irəli sürülməsi daxil edilibsə, deməli, sədrin razılığı alınıb. Biz dərnək, ictimai təşkilat deyilik ki, sədrsiz qərar verək.