ADP-çi gənc niyə qəzəbə gəldi?

Sərdar Cəlaloğlu: «Mən onu cavanlığına bağışladım»

ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyevin Partiya Idarə Heyətindən və Gənclər Komitəsindən uzaqlaşdırıldığı haqda məlumat vermişdik.
Cəmil Hacıyev bildirmişdi ki, ona qarşı qəbul edilmiş qərar ədalətsiz və qərəzlidir. O hesab edir ki, Sərdar Cəlaloğlu onun aksiyalarda iştirakına, 28 mayda IP-lə Novxanıya getməsinə qarşı olub. “Mən bu qərardan heç nə itirmədim, Peşiman da deyiləm. Sərdar Cəlaloğlu öz əməllərini mənim üstümə atmaqla, mənə ləkə yaxmaq istəyir”.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Sərdar Cəlaloğlu bildirib ki, “Cəmil Hacıyev artıq Gənclər Komitəsi ilə əlaqə qura bilmirdi, gənc üzvlərlə münasibət saxlamasında çətinlikləri mövcud idi. Yaşının çoxluğundan irəli gələn psixoloji baryer də komitədəki işini həddindən artıq yarıtmaz edirdi. Bunu nəzərə alıb Cəmil Hacıyevi vəzifəsindən azad etmişəm. O, Idarə Heyətinin qərarına da riayət etməyib. Hətta özbaşına başqalarını da partiyanın tədbirində iştirakdan çəkindirməyə çalışıb. Amma mən onu cavanlığına, siyasi savadsızlığına bağışladım. Özü başa düşməli idi ki, partiya sədrinin müavini, Idarə Heyətinin üzvü olaraq bütün qərarlara əməl etməlidir. Cəmil Hacıyev partiyadan qovula da bilərdi. Sadəcə, məsələnin şişirdilməsinin əleyhinə oldum”.
ADP sədrinin müavini Rəşid Mansurov qəzetimizə açıqlamasında bildirdi ki, Cəmil Hacıyevin tutduğu vəzifədən azad edilməsi qanuni şəkildə həyata keçirilib: “Partiyanın nizamnaməsinə görə partiya sədri özünə müavin təyin etdiyi adamı tutduğu vəzifədən azad edə bilər. Cəmil Hacıyevin 35 yaşı olduğu üçün tutduğu postdan azad edilib. Ancaq hazırda partiyanın üzvü kimi fəaliyyət göstərir”.

Ilham Hüseyn