Saxta ittihamlarla həbs edildiyinə həbs edənlər başda olmaqla kimsənin şübhə etmədiyi gənc fəal, NIDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının bronxial astma və böyrək xəstəliklərilə yanaşı, həm də son dərəcə ağır xəstəlik olan talassemiyadan əziyyət çəkməsi haqda xəbəri oxudum.
Gerçəkdən üzüldüm. Məsələ təkcə Zaurun kimliyində deyil. Söhbət sabahın azad və ədalətli Azərbaycanını görmək istəyən və bu yolda canını belə əsirgəməyən hər bir gənc insandan gedir.
Türkiyədə günlərdir davam edən Taksim olaylarından sonra polisin vətəndaşla amansız davranışından və baş nazirin etirazçılara yönəlik təhqiramiz, ironiyalı, yanlış sözlərindən təsirlənən, özü də etirazçılara qoşulan AKP-çi bir gənc Ərdoğana məktub ünvanlayıb. Gənci üzən söz bir növ Ilham Əliyevin “Əsgər ölümlərinə son” aksiyasında iştirak edən aksiyaçılar haqda işlətdiyi “ünsür” kəlməsinə bənzər bir söz olub. Məktub yazan gənc Ərdoğana özünün intellektual kimliyi (yəni qaragüruh olmaması), ona bu günə kimi göstərdiyi sayğını və əməli dəstəyi tam izah eləyəndən sonra, Gəziparkdakı olayları, müşahidə etdiyi faktları xatırladır, özünün hərəkata hansı üzdən qoşulduğunu yazır və nəhayət deyir: “Məsələ ağacda deyil. Insan olmayandan sonra təbiət nəyə yarar ki…”.
Insan olmayandan sonra… Şəxsən özüm yazılarımda bu kəlməni dəfələrlə yazmışam. Insan olmayandan sonra sizin körpülər, keçidlər, yol ötürücüləri, parklar, fəvvarələr, mərmər bardürlər, ictimai tualetlər nəyə yarar? Sonunda fərəh görməyəcəyin istənilən ünvana aparan, kimin sərəncamıyla tikildiyi hər addımda qızılı hərflərlə gözə soxulan hansısa körpünün nə dəyəri var ki və hələ onu demirik ki, bu körpülər, filanlar-filanlar hansı korrupsiya əməliyyatlarının içindən keçib əmələ gəlir.
“Fətəli Xan Xoylu” prospektində, 5 saylı xəstəxana ilə üzbəüz orada yerləşən mənzil sahiblərinə verilmiş bağçanı dağıdıb, yerində çox yaraşıqlı və əzəmətli Talessemiya Mərkəzi tikiblər. Bunu insanlar, daha doğrusu, xəstə insanlar üçün tikməyiblərmi? Zaur da xəstədi. Insan olduğuna görə, bu xəstəxana həm də onun üçün tikilib. Zaur siyasi, dini baxışlarından asılı olmayaraq insandı və insan üçün tikildiyinə görə onun bu xəstəxanadan yararlanmaq haqqı var. Lakin bu hakimiyyət onu xəstəxanaya deyil, həbsxanaya, dörd divar arasına göndərir.
Hematologiya və Transfiziologiya Institutunun həkimi Gülbəniz Quliyevanın da xəstənin kimliyini bilmədən dediyi kimi, “sağalmaz qan xəstəliyi olan talassemiya daşıyıcısının qapalı şəraitdə saxlanması onun həyatı üçün təhlükəlidir. Amma orta və ağır dərəcəli talassemiya xəstələri ayda bir dəfə həkim nəzarətindən keçməlidir. Onların xüsusi qayğıya və daha çox oksigen qəbul etməyə ehtiyacları var. Belə insanların qapalı şəraitdə saxlanması xəstəliyin kəskin ağırlaşmasına səbəb ola bilər”.
Beləcə ortaya sual çıxır. Əvvəla, Zaur Qurbanlı insandı, sonra xəstə insandı. Onu cinayəti olmadan, qanunun tələblərini pozmadığı halda saxta ittihamlarla niyə həbs edirsən? Bəs sən insan deyilsənmi? Yaxşı, anladıq, sizin dünya görüşünüzdə insan sözü yazılmayıb. Həbs etmisiniz ki, hansısa siyasi nəticə əldə edəsiniz. Gənclərin gözünün odunu almaq-filan. Yaxşı, indi bildiniz ki, o xəstədi. Hətta saxta ittihamınızı saxlamaqla belə, onu həbsdən azad edə bilməzsinizmi? Itirəcəyiniz nə olacaq? Bəlkə, əksinə, qazanasınız. Sizi də insan sayalar. Bəs Zaurun xəstəliyi şiddətlənsə və onu…
Nə bilim, az qala hər şeyi anlamaq olur. Mənim bu rejimindən başa düşmədiyim bircə şey var: Nədən onlar bu toplumu bu cür israrla mənhus inqilaba sürükləyirlər? Heç cür anlaya bilmirəm.