Azərbaycan hökuməti «Qalatasaray» – «Fənərbaxça» oyunundan niyə imtina etdi?
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Türkiyə Futbol Federasiyasının (TFF) ölkənin Superkubok yarışını Bakıda keçirmək təklifinə rədd cavabı verib. Imtinaya səbəb kimi isə vaxt məhdudiyyəti və AFFA-nın özünün çoxlu sayda tədbirlərinin olması göstərilib.
Qeyd edək ki, TFF çempion “Qalatasaray” və ölkə kubokunun sahibi “Fənərbaxça” arasında yarışın avqustun 11-də Bakıda keçirilməsini təklif etmişdi. Son illər Türkiyə Federasiyası Superkubok uğrunda oyunları öz ölkəsindən kənarda – böyük türk diasporunun olduğu Almaniya, Avstriya kimi ölkələrdə keçirir. Azərbaycanda da Türkiyə futbolunun çoxsaylı pərəstişkarlarının olması nəzərə alınaraq, bu dəfə Bakıda keçirilməsi planlaşdırılmışdı.
Məlum məsələdir ki, bu qarşılaşma Azərbaycan üçün maddi baxımdan sərfəlidir – xeyli sayda turistin gəlişi, 30 mindən artıq biletin satışı və s. Yada salaq ki, Azərbaycan hökuməti də əsas hədəflərdən birinin ölkəni dünyaya tanıtdırmaq olduğunu iddia edir. Həqiqətən belədirsə, bu təklifə “hə” hədəfə doğru bir yox, bir neçə addım irəliləmək olardı…
Əslində, AFFA-nın indiki durumda TFF-yə “yox” deməsi başadüşüləndir. Adıçəkilən klublar əzəli rəqibdilər və bu komandaların oyunu həmişə diqqət mərkəzində olur. Azərkeşlərin çılğınlığı qarşılaşma başa çatandan sonra da səngimir və küçələrdə davam edir. Təbii ki, indiki vəziyyətdə Azərbaycan hakimiyyəti Bakı küçələrində qələbəliyin olmasını istəmir.
Azərbaycanda oktyabrda prezident seçkiləri keçiriləcək. Seçkiyə doğru yaxınlaşdıqca proseslər də qızışır. Sözügedən qarşılaşmanın isə avqustda keçirilməsi nəzərdə tutulub. Seçkiyə cəmi iki ay qaldığı bir vaxtda minlərlə azərkeşin Bakı küçələrinə axışıb bayram törəni keçirməsi, yaxud qarşıdurma yaratması, şüarlar səsləndirməsi hakimiyyətə yaxşı heç nə vəd etmir.
Bütün bu səbəblərdən Azərbaycanın Türkiyəyə “yox” cavabı başadüşüləndir.
Ramin