Bir keçidin tarixçəsi

2008-ci ildə 800 min manata tikilən yerüstü keçidi vəhşicəsinə dağıtdılar

Onun əvəzinə yeraltı keçid tikdilər

Bu keçiddən çoxlarının xəbəri yoxdur. Hətta bu ərazidə yaşayanlardan bəzilərinin də. Onlar çox vaxt keçidi qoyub eləcə yoldan, maşınların arasından əks tərəfə adlayırlar. Əslində qınamalı da deyil. Axı bu keçidin açılışı olmayıb. Lenti kəsilməyib, telekanallar açılış mərasimindən reportajlar verməyib. Ölkənin hər yerində kiçik bir tikintinin, bir neçə kilometrlik yolun, hansısa sexin, mal fermasının, hətta təmirdən çıxan keçidin qırmızı lentini kəsən dövlət başçısı Ilham Əliyev burada ayrı-seçkiliyə yol verdi. Bu keçidin açılışını eləmədi.

Bir neçə gündür istifadəyə verilən keçidin miskin görkəmi, sahibsizliyi ürək parçalayır. Bu keçid 3-cü mikrorayon bazarını Alatava ilə birləşdirir. Indi həmin ərazidə şıdırğı iş gedir. Bura əsl tikinti-söküntü meydançasıdır. Xarabalıq da demək olar. Ancaq dünənə qədər bu yerlər göz oxşayırdı. “Qələbə”dən Xutor dairəsinədək yolda bir neçə il qabaq qızğın iş getdi. Tbilisi prospekti ilə A.Salamzadə küçəsinin kəsişməsində 2006-cı ildə körpü tikildi. Onun ardınca “Papanin” körpüsü də təmir olundu. Xutor dairəsinə qədər yol yenidən çəkildi. Yolun kənarlarına və iki yolun arasına beton töküldü, torpaq işləri görüldü, ağac əkildi. Bunun ardınca Alatava sakinlərinin təhlükəsizliyinin tıminatı kimi yerüstü keçid tikildi. Iqtisadçı Rövşən Ağayev bu keçidin büdcəyə 800 min manata başa gəldiyini deyir. Ekspertlərsə bu məbləğin bir neçə dəfə şişirdildiyi qənaətindədir. Sadə konstruksiyalı belə keçidlərə o məbləğin xərclənməsinin absurd olduğunu deyirlər. Maraqlıdır ki, ölkədəki yol, körpü, keçid tikintisini aparan Azəryolservis ASC-nin saytında bu keçid barədə heç bir məlumat yoxdur (http://azeryol.az/az/content/405/). Ancaq onu da nəzərinizə çatdıraq ki, bu keçidin qırmızı lentini möhtərəmimiz şəxsən kəsmişdi. Təəssüf ki, açılış mərasimindən şəkillər tapa bilmədik, ancaq internetdə axtarış nəticəsini verdi. Artıq həyatda olmayan körpü barədə məlumat tapıldı: “15 may 2008. 

Yaxın vaxtlarda Bakıda daha bir yerüstü piyada keçidinin istifadəyə verilməsi planlaşdırılır. Bu barədə “Azəryolservis” ASC-dən məlumat verilib.

Yerüstü piyada keçidi Abdulvahab Salamzadə küçəsində (3-cü mikrorayon bazarının arxasında) yerləşir. Keçidin uzunluğu 28,5 metr, eni isə 2,5 metrdir. Keçiddə istifadə olunan avadanlıqlar Türkiyə istehsalıdır, tikinti işlərini isə “Azəryolservis” ASC həyata keçirir”. 

Bu həmin keçiddir; dövlət büdcəsinə 800 min manata başa gələn keçid. Artıq həmin keçid yoxdur. Çünki plan dəyişib və bu ərazidə söküntü, yeni körpü tikintisi gedir. Keçid isə yeni plana uyğun gəlmir. Elə də uzaq müddət deyil. 2008-ci ildə istifadəyə verilən keçid indi yararsızdır, Ilham Əliyevin 2008-də açılışını etdiyi yol da artıq yoxdur. Yolun kənarına çəkilən beton dirəklər, əkilən ağaclar çoxdan dağıdılıb, qırılıb. 

Bir xatırlatma. Bir neçə il qabaq paytaxt üçün xaricdən alınmış texnikaya Azadlıq meydanında baxış keçirilirdi. Təbii ki, Ilham Əliyevin iştirakıyla. Orada ağacçıxaran maşınlar vardı. Dövlət başçısına məlumat verilirdi ki, bundan sonra paytaxtda heç bir ağac kəsilməyəcək. Hamısı bu maşın və qurğuların köməyi ilə kökündən çıxarılıb başqa yerdə əkiləcək… 

Yeri gəlmişkən başqa bir xatırlatma. Ilham Əliyev də atası kimi ağac soyqırımı ilə bağlı məmurlara barmaq silkələmişdi. 2009-cu il aprelin 22-də Nazirlər Kabinetinin iclasında demişdi: “Əgər bundan sonra da eşidib, bilsəm ki, hardasa, hansısa iş adamı, ya da vəzifəli şəxs gedib yeri hasarlayıb, ağacları kəsib, özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhəri gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaq”. 

O sözlər elə Nazirlər Kabinetinin iclasında da qaldı. Ağac soyqırımı bu gün də davam edir. Paytaxtın hər yerində ağaclara düşmən münasibət davam edir. Məsələn, Respublika Xəstəxanasının ərazisindəki ağaclar kütləvi şəkildə kəsilir, yerində müxtəlif iaşə obyektləri tikilir. Bir neçə aydır Binəqədi Rayon Icra Hakimiyyətinin qarşısındakı park yerlə-yeksan edilib. Yüzlərlə ağac kəsilib. Baxmayaraq ki, son illərdə burada bir neçə dəfə təmir aparılıb, hər yeni gələn icra başçısı parkın daş örtüyünü (tamet) ən azı iki yol dəyişib… 

Bu ərazidəsə ağacları nəinki kəsdilər, onlara sanki zülm edib ekskavatorlar vasitəsilə qol-budağını qırdılar, sonra elə vəhşi üsulla sındıra-sındıra yük maşınlarına doldurdular. Eyni taleni 2008-ci ildə istifadəyə verilmiş yerüstü keçid yaşadı. Onu da həmin maşınların köməyi ilə dağıtdılar. Sökmədilər, Bakı sakinlərinin evləri kimi, yağıcasına uçurdular. Sonra da yük maşınlarına doldurub apardılar…