Dövlət katibi Kerri Elmar Məmmədyarovla görüşdə sülhün və stabilliyin yolunun demokratiyadan keçdiyini deyib
ABŞ-da səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin dövlət katibi Con Kerri ilə görüşdə hakimiyyətə ünvanlanan bir sıra mesajlar alıb. Belə ki, ABŞ dövlət katibi ölkəsinin Azərbaycanın demokratik yolla inkişafında maraqlı olduğunu vurğulayıb. Dövlət katibinin fikrincə, demokratiya yolu ilə plüralizmə, regionda sülh və stabilliyə nail olmaq olar: “Ona görə də biz bu məsələlərlə bağlı müzakirə aparacağıq”.
Bu, Amerika rəsmilərinin dilindən səslənən ilk belə mesaj deyil. Buna qədər də istər ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar, istərsə də Azərbycana səfər edən rəsmilər rəsmi Bakıdan demokratiya sahəsində addımların atılmasını tələb edib və bunun iki ölkə arasındakı münasibətlərdə vacib yer tutduğunu vurğulayıblar. Bu mənada dövlət katibinin son açıqlaması nədən xəbər verir?
Rahim Hacıyev: “Kerri Azərbaycan hökumətinə çatdırıb ki, demokratiyanın qurulması istiqamətində ciddi addımlar atılmalıdır”

Siyasi ekspert Rahim Hacıyev səfir Morninqstarın ölkəsinin Azərbaycandan azad və ədalətli seçki tələb etməsi ilə bağlı mesajını xatırladaraq bununla ABŞ hökumətinin rəsmi mövqeyinin ifadə olunduğunu qeyd etdi: “Eyni zamanda dövlət katibinin müavini Tomas Melia da Azərbaycan hökuməti ilə demokratiya məsələlərini müzakirə edib. Artıq bununla ABŞ hökumətinin mövqeyinin müəyyənləşdiyini demək olar. Yəni Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi vacibdir”.
Ekpertin fikrincə, Azərbaycanda demokratiyanın bərqərar olması, demokratik institutların formalaşması istər Azərbaycanın inkişafı, istərsə də regional problemlərin həlli baxımından böyük əhəmiyyət kəsb edən məsələdir: “ABŞ dövlət katibi birmənalı şəkildə dedi ki, Azərbaycanda demokratiyanın inkişafı həm Azərbaycan, həm də ölkəmizin yerləşdiyi regionda problemlərin həlli baxımından çox vacibdir. Hesab etmək olar ki, bu artıq qətiləşmiş mövqedir. Çünki Azərbaycanda demokratiyanın mövcud olmaması çox ciddi problemlərə gətirib çıxara bilər. Qonşu Gürcüstanda demokratik rejim formalaşıb. Amma Azərbaycanda belə bir rejimin olmaması regionda demokratiyanı müdafiə edənlər, o cümlədən demokratik dəyərləri dəstəkləyən ABŞ-ın özü üçün ciddi problemlər yarada bilər”.
Ekspertin sözlərinə görə, Vaşinqtonda hesab edirlər ki, Azərbaycan hakimiyyəti nəhayət, bu istiqamətdə ciddi addımlar atmalıdır. Kerri əslində açıq mesajla məhz bunu bildirib. Elmar Məmmədyarov vasitəsilə Azərbaycan hökumətinə çatdırıb ki, Azərbaycanda demokratiyanın qurulması istiqamətində ciddi addımları atılmalıdır.
Vəfa Quluzadə: “ABŞ-ın Azərbaycanla əlaqələri inkişaf etdirməsi üçün demokratiyanın inkişafı əsas şərtdir”
Politoloq Vəfa Quluzadə da ABŞ-ın bu məsələdə qəti mövqedə dayandığını deyir: “Bu yaxınlarda Amerika səfirliyində senatorların gəlməsi münasibətilə qəbul təşkil olunmuşdu, orda da bu motivlər səsləndi. Yəni ABŞ Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır, lakin bunun üçün Azərbaycanda demokratiyanın inkişafı şərtdir. Amerikanın bugünkü mövqeyi açıq-aydındır”.
Ekspertin sözlərinə görə, ABŞ-ın birinci tələbi seçkilərin azad və ədalətli keçirilməsi üçün şərait yaradılması ilə bağlıdır. Eyni zamanda bir çox başqa məsələlərlə bağlı Vaşinqton öz narazılığını bildirib. Bu həm səfir səviyyəsində, həm də ölkəmizə gələn Amerika rəsmiləri səviyyəsində səsləndirilib.
Fizzə


