Türkiyədə baş verənlər, şübhəsiz, Azərbaycanda siyasi ab-havaya böyük təsir göstərdi. Biz onu hələ çox hiss edəcəyik. Mən bu təsiri müsbət sayıram, illah da seçki qabağı.
Birincisi, ona görə ki, insanların dilində mövzu siyasət, dəyişiklik, dirəniş olur. Dəyişilik üçün bu çox ciddi faktordur. Uzun illər idi ki, Ilham Əliyev hakimiyyəti xalqın siyasətdən gen düşməsi üçün əlindən gələni etmişdi. Bu işdə uğuru da vardı, Röyanın, Aygünün yubkasının ətəyinin 1 santim oyan-bu yan olması ölkədə gündəm olurdu, indisə keçmir. O gün baxdım, Aygün Kazımova nəsə “bomba” partlatmışdı, internetdə oxucu sayına baxdım, heç nə, statistika hətta Əhməd Orucun müsahibələrindən da zəif idi.
Geniş xalq kütlələrinin siyasətlə maraqlanması, məşğuliyyəti olmasa inqilabi vəziyyət yaranmır, bunu Lenin də yazmışdı.
Ikincisi, əlbəttə, Türkiyədə sərbəst toplaşmaq, etiraz etmək azadlığı bizdən həmişə üstün olub, bununla belə son aksiyalar Azərbaycanda “bizə nolub, biz də millət deyilik, orda ağac kəsirlər insanlar qalxır, burda baş kəsirlər sükut içindəyik” müzakirələri güclənir, insanları etirazlar üçün stimullaşdırır.
Üçüncüsü, Azərbaycan hakimiyyətinin “qırmızı lent kəsmə” siyasətinin belini qırdı bu aksiyalar. Bu fikri əsaslandırmaq üçün nə qədər insanfsızlıq olsa da R.T.Ərdoğanı Ilham Əliyevi tutuşdurmalıyıq.
R.T.Ərdoğan da qibleyi-aləm kimi açılış, təməlqoyma mərasimlərinə qatılır, ancaq Ilham Əliyevdən fərqli olaraq o, məsələn, toyuq hinindən azca böyük yeraltı keçidlərin açılışında, təməlqoymasında iştirak etmir. Elə Istanbul aksiyalarından cəmi 2 gün əvvəl o, Boğaz 3-cü böyük bir körpünün təməlini atmışdı.
R.T.Ərdoğanı ölkəsinin çiyinində BVF-nin 20 milyard dollardan artıq borc yükünü atmağı bacaran və Türkiyə iqtisadiyyatını dünyada 16-ya çatdıran siyasi liderdi. Buna baxmayaraq, biz gördük ki, çörək vermək və bununla da xalqın etiraz haqqın əlindən almağa həvəslənmək fiaskodur.
Ən gözəl idarəetməni həyata keçirən lider də bir gün xalqın ona etiraz etməsinə hazır olmalıdır. Bu cəmiyyətin fitrətindən irəli gələn haldır.
Buna görə əliyevçilərin “Azərbaycanda, Bakıda gözəl analoqsuz körpülər, parklar tikilir, imkan verin kişi işləsin” söhbətləri artıq dəfn olunmuş sayılmalıdır.
Və daha bir həqiqət, çox qəribədir ki R.T.Ərdoğan da şöhrətinin zirvəsinə çatanda yıxıldı. Hə, o hələ hakimiyyətdən getməyib, amma son hadisələr on illik siyasi baqajın üstündə dinamit partlatdı, onun fəsadına dözmək çətin olacaq. Çox vaxt belə olur, hakimlər, hökumətlər özlərini tam arxayın hiss etdikləri vaxt büdrəyirlər.
Türkiyə hadisələrini təhlil edərkən biz Azərbaycandakı məzlum imitasiyaçıların da halına baxmalıyıq.
Əlbəttə, danışmaq hər kəsin haqqıdır buna görə də…
– atasından hakimiyyəti miras kimi qəbul edən Ilham Əliyevin önündə lal olub, türk xalqının etimadı əsasında hakimiyyətə gələn Ərdoğana qarşı pəhlivan kimi görsənənlərə;
– Bakıda mitinq, piketə çıxan insanları görməzdən gəlib, Türkiyədəki etirazçılara üçün burdan şüarlar qışqıranlarına;
– Bakıda qadın, qoca deməyib dinc etiraz edənləri döyüb, söyən polis barədə “onları da başa düşmək lazımdır” deyib, eyni hərəkəti Türkiyədə edən polisə var-yox söyüşü göndərənləri adam başa düşməyə çətinlik çəkir.
Nə qədər çətin olsa da Türkiyə olaylarından ayrılıb sizə bir mühüm hadisədən də söz açmaq istəyirəm. Qəzetimizin bu sayından oxuyacaqsınız; keçmiş deputat, Azərbaycan hakimiyyətinin alovlu təbliğatçılarından biri Hüseyn Abdullayev “Susma” adlı mahnı yazıb. Mahnı siyasi məzmununa görə gündəmə düşüb, adından göründüyü kimi müəllif ölkədəki “bespredel”ə susmamağı tövsiyyə edir.
Mahnının keyfiyyətini, mesajının cəmiyyətə necə sirayət edəcəyini bilmirəm, amma bu hadisənin özünü Azərbaycan müxalifətinin, müxalif fikrin qələbəsi sayıram.
Hüseyn Abdullayev ömrünün laçın vaxtlarını Azərbaycan xalqının fəal hissəsini susdurmağa xərcləmişlərdəndir. O indi, “Susma!” deyir.
Mübarizənin tempi artdıqca, mübarizədə ardıcıllıq qorunduqca biz, hətta Ramil Usubovdan da belə çağırışlar eşidə bilərik.
Inanmırsız?!.