Bazar günü Sabirabaddaydım. AXCP-nin yerli şöbələrlə müşavirəsinə qatılmaq üçün getmişdik. “Azadlıq”ın dünənki sayını oxumusunuzsa, çox şey sizə aydın olmalıdır. Yerli hakimiyyət yenə hoqqabazlığında idi. AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Asəf Quliyev və bir-iki yerli fəal cəbhəçilə hansı “çayçı”da əyləşdiksə, “Qalxın!” dedilər. Bu “Qalxın!” əmri ədalı deyildi. Yalvar-yaxar, “mənlik bir şey yoxdur”, “balamın boğazını kəsərlər” tipli bildiyiniz formada…
Çayçıların belə etməsi əlbəttə özbaşına deyildi. Onların bizimlə, bizim də onlarla qərəzimiz yoxdur. Üstəlik, biz onlara pul qazandırırdıq. Onları polis, bəlkə də Icra Hakimiyyəti “cəbhəçilərə çay vermə” ilə təlimatlandırmışdı. Buna şübhə yoxdur.
Sabirabadda Bakıdan gələn müxalifətçilərə qarşı yerli hakimiyyətin “qonaqpərvərliyinə” birinci dəfə deyildi ki, şahidlik edirdim. 2006-cı ildən üzü bəri azı 5 dəfə polislər bizi çayxanadan deportasiya ediblər. Azərbaycan hakimiyyətinin bir hissəsi kimi, Sabirabad inzibati aparatının bu cür tərbiyəsiz hərəkəti mənim üçün adi və başadüşüləndi. Başa düşmək istədiyim şey bizə çay verməyən o çayçıların daxili aləmidir.
Görəsən, o çayçı aldığı tapşırığı yerinə yetirəndə heç daxilən narahatlıq keçirirmi? Bilirmi ki, “balamın boğazını kəsərlər” kimi arqumentlərlə məsuliyyətdən qurtulmağı çox primitivdir?
Dastan açıb, o məzlum çayçını sağa-sola o ki var tənqid etmək olar. Həm də bu tənqidlər nahaq olmayacaq. Bizə isə bu lazım deyil. Mən burada tənqidi ağırlığı müxalifətçi dostlarımın, yoldaşlarımın üzərinə salmaq istəyirəm. Hə, başa düşürəm ki, bu lap, “az idi arıq-uruq, biri də gəldi qarnıyarıq” məsəlinə oxşadı. Müxalifəti tənqid etməyə nə var ki…
Ancaq bunu istəyərəkdən edirəm, ağrınaraq edirəm.
Azərbaycanda müxalifəti, ancaq bir məsələdə – qələbə qazanmamaqda günahlandırmaq olar. Əslində, ortada günah da yoxdur, sadə seçicidən daha çox və daha şiddətlə müxalifət özü hakimiyyəti ələ almaq, dəyişmək istəyir. Ya vəlvələdən, ya zəlzələdən bu, hələ ki, alınmır. Ancaq hakimiyyəti dəyişə bilməsə belə, illərini, enerjisini bu xalq üçün xərcləyən insanlara ictimai hörmət nədən bizdəki qədər aşağı olsun?
Məsələn, o çayçı qardaş özü mübarizə aparmır, cəhənnəmə aparsın, bəs bu mübarizəni aparan insanlara çay verməyi bacarmamağa nə deyəsən? O, min əsas, bəhanə tapa bilər çay verməmək üçün, ancaq bir müxalifətçinin nüfuzu elə olmalıdır ki, çayçı işini atıb getmək bahasına da olsa, ona “yox” deməsin. “Xırda məsələdir” deyəcəksiniz, razılaşacağam. Ancaq dərhal da əlavə edəcəm ki, böyük işlər kiçik detallardan başlayır.
Bir Azərbaycan müxalifətçisi, illah da əyalət müxalifətçisi irticaçı Əliyev rejiminin bütün pisliklərini görmüş biridir. Mövqeyinə görə o işini itirib, həbsə düşüb, döyülüb, söyülüb… Bu məhrumiyyətlərin hamısı fərdi maraqlardan çox-çox uzaq işlər üçün olub. Məsələn, elə o çayçının ləyaqətli həyat sürməsi üçün…
Bəs niyə bu mübarizənin qayəsi sadə vətəndaşlar üçün izah olunmur? Niyə o çayçı bilməməlidir ki, müxalifətçi olmaq balalarının barmağını bala batırmaq deyil. Bir müxalifətçi də sakit bir çayxana işlədib “ac qulağım dinc qulağım” prinsipini seçə bilər. Bunu etmir, cəmiyyətin də borcudur ki, belə insanları dəyərləndirsin. Demirəm ki, müxalifətçilərə pulsuz çay verilməlidir. Yox, heç olmasa, yuxarıdan “Çay verməyin!” əmri gələndə insanlarımız “Xeyir ola?” deməlidir. Bu keyfiyyəti yaratmaq isə, yenə də müxalifətçilərin üzərinə düşür. Başqa heç kim bunu etməyəcək.