Müxalifət birləşmədi; yeni modelin əsas mahiyyəti barədə…
Yazmaq olardı ki, Azərbaycan müxalifəti birləşdi. Amma yazmadım, çünki bu baş vermədi.
Azərbaycanda hər kəsə bəlli olan müxalifətin sərhədləri yeni birlik modelində xeyli dərəcədə dəyişdi. Demək olar ki, bu sərhədlər faktiki sıradan çıxdı və itdi. Təbii ki, cəmiyyətin özünütəşkil prinsipləri əsasında başlayan müqavimət Milli Şuranın elan olunmasıyla nəticələndi. Bu, uzun illərin natamamlıq kompleksinin yaratdığı siyasi-ictimai depressiyadan mühüm bir çıxış idi. Bu mənada, Azərbaycanda belə bir formatda birliyin elan olunması ciddi siyasi hadisə olmaqla yanaşı, həm də böyük mənada sosial mahiyyətli milli özünəinam idi.
Milli Şura nədir?
Bu birlik barədə ənənəvi politoloji şərh vermək də olar. Amma bizim məqsədimiz bu deyil. Ona görə də elan etdiyimiz suala ilkin cavabı verək. Milli Şura etiraz şüurunun dəyişiklik şüuruna transformasiya prosesi idi. Yəni, uzun illərdir Azərbaycanda olan sosial, siyasi və mədəni deqradasiyaya yalnız müəyyən təşkilatlanmış qüvvə etiraz edirdi. Bu sıraya təbii ki, müxalifət partiyaları, az bir qisimdə vətəndaş cəmiyyəti, sosial şəbəkə fəalları, müstəqil və nisbətən müstəqil media orqanları daxildir. Bu etiraz təbii ki, toplumun rəğbətini qazanırdı, amma ciddi dəstəyini yox. Çünki bu dəstəyi əsaslandıran qələbə üfüqdə deyildi. Yəni, cəmiyyətin bir çox təbəqələri və ya bu təbəqələrin fəal təmsilçiləri real dəyişikliyə inam olmadan etiraza qoşulmurdular. Bu inamı formalaşdıran real siyasi şəraitin müjdəsi isə təbii ki, Milli Şuradır. Yəni, Milli Şura ilk addımda dəyişikliyə inamın ifadəsidir.
Bu, sosial sifariş deyildi…
Milli Şura birmənalı şəkildə sosial sifariş deyildi. Bunu dəqiq təsdiq etmək üçün baş verənlərə nəzər salmaq olardı. Söhbət ondan gedir ki, Milli Şura elan olunmamışdan əvvəl üzləşdiyi maneələri aşması metodları baxımından ciddi bir dirənişin tablosu idi. Yəni, Milli Şura sosial sifariş deyil, sosial müqavimətin, təzyiqin sonucu idi. Bu ideyanı birbaşa və ya dolayı yolla dəstəkləyən və ya mane olmaq istəyən qüvvələrin əksəriyyəti sosial təzyiq nəticəsində bu sistemli prosesin əsas elementlərinə çevrildilər. Bu həm də toplumun özünüdiktə imkanlarını yenidən bərpa etməsinin göstəricisi idi. Bu həm də onun müjdəsidir ki, bundan sonrakı proseslərin əsas diktə edən qüvvəsi də elə Milli Şuranın yaranmasını diqtə edən qüvvə olacaq. Bu da Azərbaycanda dəyişikliyi istəyən deyil, tələb edən qüvvələr deməkdir.
Xarici siyasət, daxili tələb
Milli Şuranın xarici siyasəti barədə danışırlar. Təşəbbüskarları açıqlamalar verirlər. Amma diskussiyalar bitmir. Çünki yerli və beynəlxalq ictimai rəy bu istiqamətdə hələ ki, praktik addımlar görməyib. Bu, zaman baxımından da təbiidir, amma gələcəyə yönəlik nələr demək olar? Milli Şuranın xarici siyasəti necə formalaşacaq? Təbii ki, Azərbaycanda dəyişikliyi əsaslandıran amillər daxili narazılıqdan qidalanır və bu narazılıqlar daha çox sosial və siyasi hüquqların təmin olunmamasından yaranır. Bu cür daxili amillərin formalaşdırdığı daxili siyasətin davamı olan xarici siyasət necə ola bilər? Təbii ki, insan hüquqları və sosial rifahın təmin olunduğu bir sistemə inteqrasiya olmalıdır. Söhbət rüşvətin, korrupsiyanın olmadığı, demokratiyanı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən təhlükəsizlik sistemindən gedir. Bu mənada Qərbə doğru inteqrasiya alternativsiz görünür, amma…
Rusiya təbii qonşudur…
Rusiya ilə münasibətlər də xarici siyasət üçün mühüm amildir. Elan olunan siyasətin mahiyyətinə fikir versək, görərik ki, Rusiya məsələsində də xalqın iradəsi əsas götürüləcək. Bu nəticəyə gəlmək üçün hakimiyyətlərarası münasibətlərlə yanaşı, xalqlararası münasibətlərə də diqqət yetirmək lazımdır. Bu mənada, Milli Şura daxili siyasətin davamı olan bir xarici siyasət həyata keçirəcək. Həqiqi demokratiya və Qarabağ məsələsi xarici siyasətin əsas prioritetləri olacaq. Bunun daha detallı ifadəsini biz təbii ki, proseslərin sonrakı mərhələsində görəcəyik.