Hüquq müdafiəçiləri tələb edir

Tanınmış şəxslərə qarşı zorakılığa yol verənlər cəzalandırılsın

Son günlər ölkədə baş verən hadisələr böyük etiraza səbəb oldu. Tanınmış vəkil Aslan Ismayılovun döyülməsi, keçmiş daxili işlər naziri Isgəndər Həmidovun oğurlanıb təhqir olunması, keçmiş baş prokuror Əli Ömərovun işgəncə ilə hədələnməsi hüquqi dövlət adına biabırıçı bir reallıqdır.
Hakimyyətin belə bir mübarizə üsulu seçməsi indiyə qədər deyilənləri təsdiqləyir və hakimiyyətin hüquqa, qanuna, vətəndaşa münasibətin göstərir.
Bu cür hallar pis bir presedentin yaranmasına səbəb olur və insanların təhlükəsizliyini sual altına alır.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, belə hallar baş verəndə adətən iki amil nəzərə alınır. Hakimiyyətin sifarişi  və hakimiyyəti gözdən salmaq istəyənlərin fəaliyyəti. “Əgər birinci haldırsa, bunun araşdırılması real deyil. Əgər ikinci haldırsa, hakimiyyət özü bu işin araşdırılmasında maraqlı olmalıdır. Məni heyrətləndirən DIN-in açıqlaması oldu. Bildirdilər ki, Aslan Ismayılova qarşı zorakılıq olmayıb, sadəcə xəbərdarlıq olunub. Bu absurd bir açıqlamadı. Axı onların səlahiyyəti yoxdur ki, ölkənin tanınmış bir vəkilini çağırıb xəbərdarlıq etsinlər. Siyasi hakimiyyət bu faktlara görə məsuliyyət daşıyır. Dərhal cinayət işi açılmalıdı və vəzifə səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, bu baş verənlər qanunsuzluğun və özbaşınalığın göstəricisidir: “hər bir hakimiyyət çalışır ki, seçki ilində xalqın maraqların ifadə edən, cəmiyyətin yüksək qiymətləndirəcəyi addımlar atsın və demokratiya görüntüsü yaratsın. Ancaq Azərbaycanda hər şey əksinədir. Mən Azərbaycanı orta əsr Romasına, dedektiv filmlərin süjetinə bənzədirəm. Kimi istəsələr oğurlayırlar, işgəncə verirlər, təhqir edirlər. Mən heç 88-90-cı illərdə belə bir hadisələrin şahidi olmamışam. Bu, bilərəkdən yaradılmış situasiyadır və insanlarda qorxu yaratmağa xidmət edir. Sabah mənim də başıma torba keçirə bilərlər”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirdi ki, bu baş verənləri birmənalı şəkildə qiymətləndirmək lazımdır: “Hakimiyyət fərq qoymur gənc, yaşlı, keçmişdə fəal olmuş, indi proseslərə qoşulmuş, əgər tənqid varsa, hakimiyyətin mövqeyini ifadə etməyən fikir varsa, dərhal repressiv vasitələrdən istifadə olunur. Kimisi həbslə, kimisi işgəncə ilə, kimisi də təhqirlə cəzalandırılır. Bu, insan haqlarına qiymət verilməməsi kimi, Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməməsi kimi qiymətləndirilməlidir. Biz hüquq müdafiəçiləri hesab edirik ki, bu məsələ araşdırılmayana qədər məsuliyyət Azərbaycan hakimiyyətinin üzərində qalır”.

Ilham Hüseyn