Azərbaycan Türkmənistandan çox geridədir

Türkmənistanla abadlıq müqayisəsi…

Kiçik parkları, tez-tez sökülüb təzədən tikilən fontanları xalqa minnət və misilsiz uğur iki təqdim edən Azərbaycan hakimiyyətinin öyünmək üslubu hamıya tanışdır. Ilham Əliyev ən kiçik yeni obyektlərin açılış lentini kəsməklə kifayətlənmir, asfalt yolların ayrı-ayrı hisslərinə də açılış törəni təşkil edir və bütün bunlar illərdir Azərbaycana əvəzsiz xidmət kimi təqdim edilir. Sanki dünyanın heç yerində bu cür tikinti yoxdur və guya bizdə aparılan abadlığa bütün dünya heyran qalıb…


Əvvəla, yalnız şəhərlərin mərkəzi yerlərini, əsas yolların kənarlarını abadlaşdırmaq, yeni nəhəng binalar tikmək inkişaf sayıla bilməz. Inkişaf təkcə memarlığa bağlı məsələ deyil. Ikincisi, bizdəki yeni tikililər yəni o qədərmi çox, o qədərmi qeyri-adidir? Başqa ölkələrdə tikmirlərmi, başqa ölkələrdə parklar, asfalt yollar salınmırmı?
Gəlin ölkəmizdəki tikinti-abadlıq işlərinin arxasında gizlənən korrupsiya maraqlarını, önündə dayanan siyasi pərdəbazlığı bir anlığa unudub, onu başqa ölkələrlə müqayisə edək. Aşqabadla bağlı yeni bir xəbər bizi Türkmənistandan başlamağa həvəsləndirdi. Yazıda fikirləri buraxıb fotolara baxmaqla da kifayətlənə bilərsiniz.

Aşqabad Ginnesin rekordlar kitabında

Türkmənlərin paytaxtını görməyənlər də onu fotolardan, videosüjetlərdən az da olsa tanıyır. YAP-çılar bu şəhəri yada salıb, gərək bir də Azərbaycandakı abadlıqları bənzərsiz uğur adlandırmağa utanalar. Bizdə binalar “aqlay” daşla və sənaye örtüklə üzlənirsə, Aşqabad dünyanın “ağ mərmər sarayı” adını qazanıb. Düzdür, türkmənbaşıların mərmər sevgisi dünyanın vecinə deyil, yeri gələndə, buna gülürlər də, amma bu, bir reallıqdır.  
Bu günlərdə Aşqabad dünyanın ən çox mərmər üzlüyü olan binalarına və mərmər üzlü ən hündür binalarına görə dünya rekordu qazanıb. Türkmənistanda vur-çatlasındır. Elə bil Azərbaycan “Eurovision”da qalib gəlib. Şit və mənasız sevinclər, bədbəxtliyin mərmər örtüklə gizlədilməsi ruhən Azərbaycanı çox xatırladır. Amma buradakı yeni tikintilər Azərbaycandakılardan da üstündür…
Hazırda 543 yeni tikilən göydələn boydan-boya ağ mərmərlə üzlənib. Bunu görəndə şəhərə gələnlərin ağzı açılır qalır və normal düşüncəli insan bu dəbdəbənin mənasını heç cür anlamır…

“Oğuz xan” kompleksi

Hacıbala Abutalıbovun Bakıda fontanlardan necə həvəslə danışdığını görmüsünüzmü? Görəsən bu adam Aşqabaddakı “Oğuz xan” kompleksi qursaydı neyləyərdi? Bu, sinxron çalışan 28 nəhəng fontanın quraşdırıldığı abidələr kompleksidir. Dünyada ən böyük fontan kompleksi sayılır və çox dəbdəbəlidir.

Rekord bayraq dirəyi ideyası

Azərbaycanda dünyada ən yüksək bayraq dirəyi ilə öyünmədən çox keçməyib. Lakin artıq sevinməli bir şey qalmayıb, Tacikistan daha yüksəyə qalxmaqla bu rekordu özünə götürüb. Onu da deyim ki, rekord yarışı Türkmənistandan başlamışdı. Türkmənistan 133 metrlik bayraq dirəyi ilə dünya rekordu qırmışdı.

Əslində, bizim hakimiyyət ideyanı Türkmənistandan götürərək Bayraq meydanı tikib…

YAP-çıların həsəd aparacağı teleqüllə və bənzərsiz “Aləm”

“Türkmənistan” telqülləsi dünya rekordu qırmayıb, amma bütün dünyada ən gözəl tikililərdən sayılır. 211 metr hündürlüyü olan qüllə Oğuz xanın simvollarını özündə daşıyır…
“Aləm” mədəni-əyləncə kompleksi isə dünya rekordu qırıb. O, bağlı tipli ən böyük çarxla məşhurdur. Gözəlliyi də göz oxşayır. Əsl AzTV-lik obyektdir, hər gün iki dəfə tərifləyərdilər…

Türkmənistanın əməkdar arxitektoru

Aşqabaddakı abadlıqdan, gözəl binalardan, meydanlardan, yollardan, heykəllərdən ağızdolusu danışmaq olar. Bəzi fotolara baxmaq normal təsəvvür yaradır. Eyni zamanda ölkənin müxtəlif bölgələrində abadlıq gedir, hətta yeni qəsəbələr salınır. Bütün bunlar adi parkları, səkilərin yenilənməsini, tez-tez xarab olan fontanları, asfalt yolları Azərbaycan xalqına minnət kimi və böyük uğur kimi təqdim edilən hakimiyyətə gerçək bir ironiyadır. Həm də onunla ki, türkmən abadlıqlarının arxasında da bütöv bir xalqın əzabı, bədbəxtliyi dayanıb.  
Yeri gəlmişkən deyim ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov bu yaxınlarda “Türkmənistanın əməkdar memarı” adına layiq görülüb.