Dünya Müəmmər Qəzzafini devirməkdə israrlıdır
Bütün dünyanın diqqəti Liviyaya yönəlib. 42 illik diktaturasına qarşı üsyanın baş qaldırmasıyla barışmaq istəməyən Müəmmər Qəzzafi bütün vasitələrə əl ataraq hakimiyyətdə qalmaq istəyir. Lakin tam məsuliyyətlə söyləmək olar ki, Qəzzafinin “qələmi artıq qırılıb”. Həm ölkənin daxilində, həm də dünyanın dörd bir yerində qəzəb ünvanına çevrilən Liviya diktatoru dirəniş göstərir. Qəzzafi rejiminə qarşı etirazların başlamasından bu yana diktatora sadiq əsgərlərin vəhşiliyi minlərlə insanın həyatına son qoyub. Üsyançılar Liviyanın Şərq hissəsini tamamilə nəzarətə götürüb. Həmin ərazilərdə müvəqqəti hakimiyyət formalaşdırılıb. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi Qəzzafi rejiminə, onun ailə üzvlərinə sərt sanksiyalar toplusunu qəbul edib.
Qəzzafi yenə qətliam törətdi
Liviya güc strukturlarının əməkdaşları paytaxt Tripolidə hökumət əleyhinə nümayiş keçirən şəxslərə atəş açıb. Bu barədə Liviyanın “Qureyna” qəzeti məlumat yayıb: “Nümayişçilər Cümə bazar meydanına yaxınlaşdıqda mülki geyimdə olan Qəzzafi tərəfdarları onlara atəş açıblar. Nəticədə nümayişçilərin bir qrupu həlak olub və yaralanıb”.
Liviya Vaşinqtondakı səfirini dəyişdi
ABŞ Dövlət Departamanetinin sözçüsü Filip Kroulinin sözlərinə görə, Liviya Vaşinqtondakı səfirini dəyişib. Diplomat bildirib ki, Liviya hökuməti ABŞ-dakı hazırkı səfiri istefaya göndərib.
Xatırladaq ki, Liviyanın ABŞ-dakı səfiri Əli Əvcali fevralın 26-da Müəmmər Qəzzafinin ölkə vətəndaşlarına qarşı hərəkətlərinə etiraz əlaməti olaraq, istefa verdiyini bəyan etmişdi.
Pentaqon Liviyaya hərbi gəmi göndərdi
Liviyada olayların nəzarətdən çıxdığını, insanların həyatına daha iri çaplı təhlükənin yarandığını görən ABŞ Qəzzafiyə qarşı hərbi gücə əl atmaq qərarına gəlib. ABŞ-ın Müdafiə Nazirliyi açıqlama yayaraq, hərbi gəmilərin Liviyaya doğru istiqamət aldığını bildirib. Pentaqon sözçüsü polkovnik Devid Lapan deyib ki, lazım olan təqdirdə hərbi təyyarələr də Liviyaya göndərilə bilər. ABŞ Hərbi Donanmasının 6-cı briqadasına aid ən azı, iki döyüş gəmisinin Liviyaya doğru hərəkət etdiyi bildirilir. Bunlardan biri dünyanın ən uzun aviadaşıyıcısı olan “USS Enterprise”dir.
Ingiltərənin “The Daily Mail” qəzetinin yaydığı məlumata görə, aviadaşıyıcı Liviyadakı vətəndaş müharibəsi ilə əlaqədar, Somali quldurlarıyla mübarizə tapşırığından geri çağırılıb.
ABŞ dövlət katibi Hillari Klinton Liviyanın Şərq hissəsinə nəzarət edən müxalifət təmsilçilərilə mütəmadi əlaqə saxladıqlarını və Qəzzafinin devrilməsi üçün etirazçılara istənilən yardımı etməyə hazır olduqlarını bildirib. Dövlət katibi onu da əlavə edib ki, ABŞ hökumətində Liviya təyyarələrinin dinc əhalini bombalamasına dair təkzibolunmaz məlumatlar yoxdur. O bildirib ki, Liviya təyyarələrinin dinc əhalini bombalaması barədə məlumatların müəllifləri əsasən, verilən əmrləri yerinə yetirmək istəməyən pilotlardır.
Makkeyn üsyançılara silah yardımı təklifini etdi
Bundan başqa, Misirdə səfərdə olan 2 amerikalı senator – Con Makkeyn və Co Liberman Ağ evə müraciət ünvanlayaraq Liviyanın Şərq hissəsində qurulmuş müvəqqəti hökuməti tanımağı və üsyançılara silah yardımı edilməsini təklif edib.
Kameron Qəzzafini hədələdi
Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, Müəmmər Qəzzafi nümayişçilərə qarşı təyyarə və vertolyotlardan istifadə barədə göstəriş versə, bu halda, onun özünə qarşı da hava zərbələrindən istifadə olunacaq: “Biz hərbi vasitələrdən istifadə olunmasını tamamilə istisna etmirik. Hazırkı rejimin öz xalqına qarşı hərbi qüvvə tətbiq etməsinə barmaqarası baxa bilmərik. Bu kontekstdə mən Müdafiə Nazirliyi və Baş Qərargahın rəhbərinə müttəfiqlərimizlə bir yerdə hərbi uçuşların qadağan olunduğu zonaların yaradılması barədə müraciət etdim. Bizim polkovnik Qəzzafiyə çağırışımız çox sadədir – getmək vaxtı çatıb”.
İtaliya Liviya diktatorundan imtina etdi
İtaliyanın xarici işlər naziri Franko Frattini Liviya lideri Müəmmər Qəzzafiyə sığınacaq verilməsi ehtimalını qəti olaraq rədd edib: “Biz belə bir ehtimalı hətta yaxına buraxmırıq”. Nazir bu barədə Qətərin “Əl-Cəzirə” telekanalının müxbirinin suallarını cavablandırarkən bildirib.
Qəzzafi kimyəvi silahdan istifadə etməyəcək
Liviya lideri Müəmmər Qəzzafi heç bir halda müxalifət nümayəndələrinə qarşı kimyəvi silahdan istifadə etməyəcəyini bildirib. Bir qrup xarici jurnalistlə söhbətində Qəzzafi deyib ki, Liviya hərbçilərinin arsenalında olan xardal qazı dəhşətli silahdır. Lakin onun sözlərinə görə, belə qazı nə döyüş vaxtı, nə də öz xalqına qarşı istifadə etməyə heç kim cürət etməz.
NATO hələ gözləyir
NATO-nun baş katibi Anders foq Rasmussen bildirib ki, Liviyaya qarşı silah tətbiq olunması barədə danışmaq hələ tezdir: “Liviya diktatoru öz xalqına qarşı repressiya həyata keçirir. Lakin bu mərhələdə mən Liviyaya qarşı fəal hərəkətlərdən danışmazdım”.
Baş katib qeyd edib ki, istənilən hərəkətlər BMT Təhlükəsizlik Şurasının Liviyaya dair qətnaməsinə əsaslanmalıdır: “Liviyaya dair qətnamədə ölkəyə qarşı hərbi qüvvədən istifadə olunması və ya ölkənin hava məkanının bağlanması təklifi yoxdur”.
Turan