Bizim ömür ağacımızı kəsənlər

Artıq 5 gündür Türkiyədə Taksim parkında minlərlə insan etiraz aksiyası keçirir. Polisin müdaxiləsinə, bibər qazına, təzyiqli suya yenilmədən insanlar haqlı tələblərinin arxasındadılar. Yol genişləndirilməsi səbəbi ilə ağacların kəsilməsinə hiddətli etiraz sərgilənir. Insanlar fərqindədilər ki, təbii yaşıllığı məhv etmək, ağacları budamaq cinayətdir, günahdır, zərərlidir. 

Artıq bu etiraz aksiyası Istanbul, Ankara, Adana sınırlarını aşıb.

Bu etirazın özəlliklərindən biri də budur ki, Türkiyənin tanınmış sənətçiləri parka gələrək etiraz edənlərə dəstək verir, onların haqlı mövqeyinə sayğılarını etiraf edirlər. Millət vəkilləri çadırlara gəlirlər, insanlara təsəlli verirlər.

Yəni nə hansısa sənətçi, nə də millət vəkili “bunlar antimilli qüvvələrdi”, “dövlətçiliyin əleyhinə olanlardı” kimi iyrənc arqumentlər səsləndirmirlər.

Təkrar edirəm, Türkiyədə xalqın qəzəbi ona görə deyil ki, Ərdoğanın Vircində milyardları tapılıb, yaxud Adanada övladlarının adına qızıl yataqları aşkarlanıb. Heç günün- günorta çağı tanınmış türk vəkilini tutub döyməyiblər də.

Bu gecə-gündüz davam edən etiraz ağacların kəsilməsinə görədir.

Bizim ölkədə insanların ömür ağacını 20 ildir kəsirlər. Ancaq ən böyük etirazımız susqunluğumuzda ifadə olunur. 

Bizim ölkədə baş verənlərlə Türkiyədəki etirazın səbəbini eyniləşdirmək istəyəndə utandım. Yaşadığımız evin başımıza uçurulmasına, işlədiyimiz obyektin əlimizdən alınmasına, haqlı olduğumuz məhəkəməni pulsuzluq səbəbindən uduzmağımıza susaraq tamaşa edəcək hala gəldiyimiz üçün xəcalət çəkdim.

Türkiyədə baş verən hadisədə adına xalq artisti, əməkdar artist deyilənlər üçün də, özünü millət vəkili, ziyalı adlandıranlar üçün də böyük nümunə var.

Azərbaycanda “əsgər ölümlərinə yox”, “saxta parlament buraxılsın” şüarı ilə aksiya keçiriləndə “mən siyasətə qarışmıram” arqumenti ilə silahlananlar üçün dünyada ibrət çoxdur. 

Biz anlamalıyıq ki, susmaq heç vaxt dövlətçiliyə xeyir vermək anlamına gəlmir, etiraz hər zaman dövlətçiliyin ziyanı üçün deyil.

Biz dövlətimizi beynəlxalq sorğularda “autsayderlər” sırasına atmışıq. Bu təkcə rejimin yox, rejimə bu şansı tanıyanların da günahıdı.

Sən evinin qapısın açıb, oğrulara “gir götür” icazəsini verirsənsə, oğru öz peşəsinə niyə davam etməsin?

Indi bəzi dövlət “sevərlər” bizi qarşıdurma yaratmaqda, xalqı ölümə aparmaqda suçlayacaqlar. Ancaq normal düşüncə sahibləri anlayır ki, biz yalnız Konstitusiyada nəzərdə tutulmuş hüquqlarımızdan istifadə etməkdən danışırıq.

Biz qanunların kağız üzərində qalmasına, konstitusiyanın metroda satılan kitabdan başqa bir şey ifadə etməməsinə qarşıyıq.

Ölkə başçısının da and içdiyi konstitusiyaya əməl etmək niyə qarşıdurma kimi, milləti qırğına çəkmək kimi qiymətləndirilməlidir?

Bir millətin bədbəxtçiliyi onda başlayır ki, ona rəhbərlik edən rejim, qarşısında hesabat verəcəyi xalqı görmür.

Türkiyə xalqının dövlət sevgisi, millət sevgisi və vətən eşqi bizdən aşağı deyil.

Onların ağacların kəsilməsinə etirazı da elə sevgidən qaynaqlanır.

Bəs biz sevdiyimiz üçün nə edirik?

Sevdiyini oda atmaq, boğub öldürmək, şikəst hala salmaq  anormal deyilmi?

Susaraq sevgi etirafı etmək, sevdiyin insanın vüsalından məhrum olmaq deməkdir.

Biz sevgimizi üsyanımızla, harayımızla, mübarizəmizlə sərgiləyə bilərik.

Sağ ol, Türkiyə. Bizə daha bir nümunə göstərdiyin üçün.

Bütün ağaclarımız kəsilməmiş, yaşıllıqlardan əbədi məhrum olmamış “balta”ları durdurmalıyıq.

Yoxsa, uğrunda döyüşəcəyimiz dəyərləri itirə-itirə getməyə davam edəcəyik.