Hesablama Palatasının sədri maliyyə nazirinin fəaliyyətini qaraladı
Milli Məclisin son iclasında 2012-ci ilin dövlət büdcəsinin icra vəziyyətilə bağlı müzakirələrdə Hesablama Palatasının sədri Heydər Əsədov maliyyə naziri Samir Şərifovun bostanına daş atıb. Heydər Əsədov bildirib ki, büdcə təşkilatları Maliyyə Nazirliyinə smeta təqdim edərkən lazımsız xərclər yazırlar. Heydər Əsədovun bu fikri əslində Maliyyə Nazirliyinin büdcə təşkilatlarının təqdim etdiklərə smetalara ən yaxşı halda başdansovdu rəy vermələrinə işarədir. Özü də Heydər Əsədov bu fikirləri Samir Şərifovun çıxışından sonra səsləndirib.
Hesablama Palatasının sədrinin maliyyə nazirini sancması təsadüfi deyil. Heydər Əsədovla Samir Şərifov arasında uzun müddətdir ki, konflikt var. Bu konfliktin kökü isə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maliyyə Nazirliyini nəzarətə götürmək üçün Heydər Əsədovdan yararlanmasından başlanıb. Əvəz Ələkbərov maliyyə naziri postundan uzaqlaşdırılanda Kəmaləddin Heydərov Heydər Əsədovu onun yerinə təyin etdirməyə çalışıb. Lakin bu cəhdi baş tutmayıb. Ilham Əliyev Samir Şərifova etimad göstərib. Bundan sonra Heydər Əsədov Maliyyə Nazirliyində Kəmaləddin Heydərovun adamı kimi Samir Şərifovun əleyhinə iş aparıb. Nəticədə nazir onu işdən çıxarmağa məcbur olub. Indiyə qədər də bu məmurlar arasında intiriqa davam edir. Yeri gəlmişkən, bir müddət əvvəl mətbuatda belə məlumat yayıldı ki, Maliyyə Nazirliyi Fövqəladə Hallar Nazirliyində yoxlama aparıb. Həmin məlumatda deyilirdi ki, Kəmaləddin Heydərov öncə Maliyyə Nazirliyinin auditorlarını qəzəblə qarşılasa da, təftişin ölkə rəhbərliyinin razılığı əsasında aparıldığı onun diqqətinə çatdırılıb.
Bundan sonra Kəmaləddin Heydərov auditorları qəbul etməyə məcbur olub. Maliyyə Nazirliyinin auditorları nazirlikdə dövlət sifarişlərinin icrası, büdcədən ayrılan dövlət investisiyalarının təyinatı üzrə xərclənib-xərclənmədiyini, nazirlikdə maliyyə axınlarının durumunu araşdırır. Təftiş zamanı bir sıra ciddi maliyyə pozuntuları üzə çıxıb. Ən ciddi maliyyə pozuntuları nazirliyin ehtiyaclarını təmin etmək üçün elan edilən tenderlərdə qeydə alınıb. Tenderlər demək olar ki, formal xarakter daşıyıb və istisnasız olaraq “fövqəlnazir”in himayəsində olan şirkətlər qalib elan ediliblər. Bu şirkətlər əsasən nazirin qohumlarına məxsusdur.
Bu da yuxarıda bəhs etdiyimiz konfliktlə izah edilirdi.