Yaptokratlar dilxordurlar. Pərişandırlar, pəjmürdədirlər. Hə, düzdür, Milli Şura ovqatlarını xeyli korlayıb, qanlarını xeyli qaraldıb, amma bu da əsas səbəb deyil. Əsas səbəb – zamanın, tarixin, dünyadakı proseslərin axışının bunların ikiəlli yapışdıqları dəyərləri hər ötən gün daha da dəyərsizləşdirməsi, heçə çevirməsidir.
Uşaq-muşaq deyillər, görürlər dünyanın hara getdiyini. Xalqlar, azadlıqlar üzərində ağalıq dövrünün bitdiyini. Və zamana qarşı dirənməyin sonda bunlardan qat-qat güclü, köklü rejimlərə belə, hansı aqibəti yaşatdığını!
Hər nə qədər gizlətməyə, özlərini tox tutmağa çalışsalar da, əndişələrini, həyəcanlarını gizlədə bilmirlər. Hanı bu gün Siyavuş Novruzovun dünənəcən qurduğu o özündən razı, kinayəli cümlələr? Ya da Əli Həsənovun üzündə təbəssümü axırıncı dəfə nə vaxt görmüsünüz?
Ortada danışan bir-iki danışan adamları var, onlar da illərdir danışdıqlarını təkrarlamaqdan başqa bir şeylə məşğul deyillər. Illər dəyişir, amma onların leksikonu dəyişmir.
Təkcə ona görə yox ki, danışacaq yeni sözləri qalmayıb. Təkcə ona görə yox ki, düşüncə, beyin köhnə olduqdan sonra dil də yeni nə isə söyləməyə acizdir.
Həm də ona görə ki, danışmaq indi onlar üçün sadəcə, məcburiyyətdir. Nəsə deməlidirlər. Yıxılmadıqlarını, ayaqda olduqlarını göstərməlidirlər. “Çıxmayan cana ümid çoxdur” – yaptokratiyanın vəziyyəti məhz buna oxşayır. Əllərində pul, administrativ güc, inzibati resurslar qalır, amma ruhən, mənən bitiblər. Təntənələrini itiriblər.
Get-gedə daha yaxşı başa düşürlər ölkəni sürüklədikləri yolun sonunun olmadığını.
Keçmişə çevrildiklərinin fərqindədirlər.
Gələcəkdə yerlərinin olmadıqlarını artıq bütün varlıqları ilə hiss edirlər.
Tarixin axışına, zamanın gedişatına məğlub olduqlarını anlayırlar.
Yox, əlbəttə, heç kim iddia etmir ki, artıq sondur. Çemodanlarını yığışdırıblar və dabanlarına tüpürməyə hazırdılar. Qətiyyən! Belə içiboş optimizm keçmişdə qalıb. Fikir verirsinizsə, artıq bu cür eyforiyalar heç bizdə də yoxdur.
Narahat deyilikmi? Narahatıq. Bu rejimin davam etdiyi hər günün bizi nə qədər geriyə atdığının, çağdan nə qədər uzaqlaşdırdığının narahatlığı var içimizdə. Istəyirik ki, bu Şər rejiminin ömrü mümkün qədər tez bitsin, daha çox yara almasın bu ölkə, daha çox zərər görməsin, daha çox geri düşməsin.
Amma eyni zamanda bir əminlik var içimizdə. Artıq adımız qədər əminik ki, gec-tez zəfər bizim müdafiə etdiyimiz dəyərlərindir. Əvvəl-axır özgürlük idealları qalib gəlir. Onun yolunu, onun önünü kəsənlər heç zaman mütləq qalib ola bilməzlər.
Gəlin görək, eyni əminlik varmı bunlarda? Polisləri var, pulları var, amma əminlikləri də varmı ki, polislə, pulla uzun müddət davam etmək mümkündür? Bəlkə az da olsa inanırlar ki, bu il də taxtdan endirilməyəcəklər, amma əmin olun, dərhal da ağıllarını başqa şey qarışdırır: bəs sonra nə olacaq? Bəs sabah nə olacaq?
Özünü gələcəkdə görə bilməmək ağır dərddir. O dərdi yaşayır bu gün bunlar. Getdikləri yolun, daşıdıqları dəyər(sizlik)lərin gələcəkdə yeri olmadığının üzüntüsü içində boğulurlar.
Bunlarla aramızdakı fərq də budur zatən: biz bu gün də olmasa, sabah qələbəyə inanırıq. Gec-tez zəfərin çağdaşlıq, demokratikləşmə savaşı aparanlarla olduğuna bütün varlığımızla inanırıq.
Amma onların belə bir inamı yoxdur. Onların sabaha dair heç bir inamları, gözləntiləri yoxdur. Nə qədər gizlətməyə, büruzə verməməyə çalışsalar da, əmindirlər bu yolun sonunda onları gözləyən acı məğlubiyyətə! Tarixin lənət və ikrah obyektinə çevrilməkdən qurtuluşlarının olmadığına ürəklərinin ən dərin qatlarında bizim qədər, bəlkə bizdən də çox əmindirlər.
Elə ona görə də artıq nə çoxlu pulları güclü, yenilməz göstərir bunları, nə polisləri.
Nə repressiyalar qalib ədasına bürünməklərinə kömək edir, nə ətraflarındakı məddah sürüsü.
Doğrudur, hələ cismən burdadırlar – hakimiyyətdədirlər, amma ruhən, mənən artıq hakimiyyətdən gediblər!