Aparırlar. Onlar hərəni bir yerə aparırlar. Gəncləri evlərindən, küçədən aparırlar. Sonra ixtiyarlara keçirlər. Sonunda dövlətə keçməyəcəklərinə kimsə qarant dura bilməz.
Keçmiş daxili işlər naziri Isgəndər Həmidovu gözü bağlı aparırlar. Nümayişkaranə şəkildə kobudluqla. Elə bir yerdən, elə bir kobudluqla ki, bunu hər kəs görsün. Görsün ki, uzun müddət ortalıqda görünməyən, ən nəhayət 28 May Respublika günü Novxanıda elədiyi “kor-kobud”, radikallığa israrlı çağırış dolu çıxışının elə sabahı günü onu necə kobudluqla apardılar. Yanındakıların qollarını burub yerə yıxdılar, özünün gözünü bağlayıb maşına basdılar, qeyri-müəyyən bir ünvana aparıb gözlərini açdılar və hədə-qorxu gəldilər, sonra yenə gözlərini bağlayıb buraxdılar. Hər kəs gördü. Hər kəs eşitdi. Hər halda onu apardılar. Mən bu kobudluqdan üşəndim. Mən bu aparılmanın sonrasından çox üşəndim. Ürəyim heç açılmadı. Zamanı gələndə ürəyimi açaram…
Ardınca tanınmış vəkil, ziyalı Aslan Ismayılovu apardılar. Mütəşəkkil Cinayətkarlığa Qarşı (Baş) Mübarizə Idarəsinə apardılar. Çağırıb apardılar. Vəkil sonradan sərbəst buraxıldı. Canpolad Daanov adlı müstəntiq çağırıb onu. Həmişə hörmətini saxlayan adammış. Ancaq bu dəfə elə olmayıb. Otağa girən kimi hörmətli vəkili söyməyə, təhqir etməyə başlayıb və: “Dedi, sən kimsən ki, cənab naziri, Ramil Usubovu yalan danışmaqda ittiham edirsən. Ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu, hələ sənə xəbərdarlıqdır. Get, yaşamaq haqqında fikirləş, ağlını başına yığ”. Bəli, işlər artıq bu yerə çatıb. Adamın üzünə nə üçün çağırdıqlarını çəkinmədən deyir, ona kimə görə işgəncə verdiklərini adıyla qışqırırlar. Mən buna inanmaq istəmirəm. Ona görə yox ki, dəyərli vəkil yalan deyə bilər və ya ölkənin polis şefindən belə qəddar hərəkət gözləmək olmaz. Yox. Yəni polis şefi bu qədər sadəlövhdürmü? Aslan Ismayılov kimi vəkilin içəridə nə baş verdiyini ictimaiyyətə açıqlayacağını bilmirmi? O öz adının belə açıq-açığına ölüm təhdidində hallandırılmasını istərmi? Bax, bu, inandırıcı gəlmir. Açıq-açığına gənc fəalları, mitinq-aksiya iştirakçılarını söymək, hədələmək, döymək heç nədi, hardasa hər gün baş verir. Lakin avtoritet ictimai xadimlərlə eyni rəftar artıq nələrinsə parçalanma mərhələsinə qədəm qoyduğunun, hüceyrələrin aşırı təsirdən dağılmasının göstəricisidir. Az qala içimdə bir əminlik var ki, hakimiyyət içəridən çökür və bu çöküşü sürətləndirmək üçün elə içəridəcə biriləri xüsusi iş aparır. Bəli, aparırlar.
Ardınca yas yerinə gedən Isa Qəmbərin maşınını cərimə meydançasına aparırlar. Guya sürücünün etibarnaməsinin vaxtı keçibmiş. Sanki Isa bəyin sürücüsü oğurluq maşın sürür. Bu qədər əbləhcə.
Aparırlar, aparırlar. Bu gedişlə, heç şübhəm yoxdu ki, özlərini çox sürətlə fəlakətə doğru aparırlar. Aparsınlar, işimiz yoxdu. Ancaq qorxuram ki, cəhənnəmə gedən yoldaş axtaran kimi, Azərbaycanı da özləri ilə aparalar.
Milli Şuranın yaranması çox əsəblərə bomba qoydu. Böyük insan, dahi savaşçı Mahatma Qandinin sözləri bu gün gözlərimiz qarşısında öz aprioriliyini bir daha “sübut” edir: “Əvvəlcə sizə məhəl qoymayacaqlar, sonra sizə güləcəklər, sonra sizinlə mübarizə aparacaqlar və sonda siz qalib gələcəksiniz”.
Maraqlıdı ki, Milli Şura cəmi beş gündü yaranıb. Dünyanın beş günü… Lakin artıq iki mərhələ geridə qalıb, üçüncünün yarısı gedib. Onlar əvvəlcə Şuranın veclərinə olmadığını söylədilər, sonra yarandı, gülməyə başladılar, gülüb qurtarmağa macal tapmamış mübarizəyə başladılar. Hələ ki, mübarizə davam edir.
Azərbaycanda bir kabus gəzir – Dördüncü mərhələ kabusu!..