Vicdan əzabı çəkirikmi?

Mən bu sualla əhalinin bütün təbəqələrinə müraciət edirəm. Ömrünün gənc çağında şərlənərək həbsə atılan, doğmalarının üzünə həsrət qalan, korrupsioner bir rejimin diktə etdiyi şərtlər daxilində yaşayan fəalların aqibəti bizi nə dərəcədə narahat edir? 

Axı onlar yaltaqlanmaq, rejimi mədh etmək yolunu tutsaydılar indi komfort həyat sürə bilərdilər. Hətta indi də gec deyil. Bu mənəvi söykənəcəyi olmayan rejimə “ləbbeyk” desələr yenə də qayğısız həyat sürə bilərlər. 

Bəli, ümumi mənafelər uğrunda mübarizə aparanlara cəmiyyət olaraq hansı qiyməti veririk? Əslində bu həm də özümüzə verdiyimiz qiymətdi.

Biz haqsız yerə zindanlara atılanlara biganə qaldığımız üçün vicdan əzabı çəkirikmi? 

Onların zindanda qaldığı hər gün biz də zindan əzabı yaşayırıqmı? 

Iştahımız kəsilib, yuxumuz ərşə çəkilirmi?

Öz övladlarımızın simasında onların mübarizəsini düşünüb kövrəlirikmi?

Siz də özünüzə sual verin.

Biz kinolardakı qəhrəmanlara pərəstiş edirik. Polad Ələmdarların vətənpərvərliyindən, zülmün qarşısında əyilməzliyindən təsirlənirik. Ancaq real həyatdakı qəhrəmanlardan, zalımla mübarizə aparanlardan şübhə duyuruq, onların fəaliyyətində “hökumət adamı” nişanəsini axtarırıq.

Biz, filmlərdəki xeyirxah insanlara sevgi duyuruq, ideal hesab edirik. Ancaq həyatda xeyirxahlıq etməmək üçün bəhanə axtarırıq.

Bəlkə də bu filmlər bizim əsl simamızı ifşa etmək üçün güzgü rolunu oynayır.

Gəlin özümüzə sual verək.

Niyə biz filmlərdəki yaxşı obrazları, həyatdakı obrazlardan üstün tuturuq?

Niyə biz böyük məhəbbətlə izlədiyimiz müsbət film qəhrəmanlarından olmaq istəmirik?

Qorxumuz buna imkan vermir. Cəsarətimiz içimizə sıxılıb qalıb.

Bizlər cəmiyyətin bir fərdi kimi, ölkədə baş verənlərə münasibət bildirməyə məcburuq, məhkumuq, bu bizim borcumuzdur.

Nə vaxta qədər vətəndaş olduğumuzu boş vərdişlərin, mənasız həyat tərzinin pərdəsi arxasında gizlədəcəyik?

Axı biz bunun üçün doğulmamışıq. Axı haqsız yerə zindan həyatı yaşayanlar o zindana cinayətkar olduqları üçün düşməyiblər. Onlar həm də sizin işıqlı gələcəyiniz üçün ordadılar.

Təsəvvür edin ki, bir insanı sizi sevdiyi üçün həbsə atıblar. Buna biganə qalmaq, görməzlik, duymazlıq etmək insanlıqmı?

Zülmətin çətiri altında gizlənib, işığa sevgimizi hiss etmiriksə, bu çox böyük faciədir.

Biz mübariz insanların üzləşdikləri məhrumiyyətlərə, qarşılaşdıqları çətinliklərə laqeyd qalırıqsa, vicdan əzabı çəkmiriksə, deməli, bizim özümüzün də insanlıq işığımız sönüb.

Hüququn döyülməsi

Srağagün tanınmış vəkil Aslan Ismayılov “Bandotdel”də döyüldü və ölümlə təhdid edildi. 

Azərbaycansayağı diktaturanın unikal sürprizləri bizi heyran qoyur.

Dünənə qədər döyülənləri, ölümlə təhdid edilənləri müdafiə edən vəkil, indi özü müştərilərinin taleyin yaşayır.

Yapokratiya belə bir açıqlama versə təccüblənməyin: “Biz düşündük ki, vəkil müştərisinin yaşadığı psixi sarsıntıları, onların aldığı xəsarətlərin ağrısını tam anlamaq üçün mütləq eyni aqibəti yaşamalıdı. Indən sonra Aslan müəllim ona müraciət edənləri daha dəqiq anlayaqcaq və səmimi xidmət göstərəcək. Bu cənab prezidentin hüquqa verdiyi töhfədir”.

Hakimiyyət ötən gün HÜQUQU döydü.

Bəs, indi haqqı tapdalandığı üçün Aslan Ismayılova üz tutanlar hara müraciət etsinlər?

Axı, onlara hüquqlarını başa salan adamın da hüququ pozulub.

Görünür, bu ölkədə hamımız hüquqlarımızı birlikdə qorumalıyıq.

Şükr olsun Allaha ki, hüququmuzu pozanları da tanıyırıq.

Qapı-qapı dqüşüb axtarmağa ehtiyac yoxdur.

Mən istənilən adama hüququ döyənləri göstərə bilərəm.