DEVAMM – Dİni Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi son dövrdə ölkə ictimai-siyasi mühitində problemlərin artması ilə bağlı bəyanatla çıxış edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: “Son dövrlərdə ölkənin ictimai-siyasi mühitində insan haqları ilə bağlı vəziyyətin pisləşməsini müşahidə edirik. Belə ki, onsuz da gərgin olan durum, ictimai fəallara qarşı təqib və təzyiqlərin kəskin artması ilə yeni gərginlik fazasına keçdi. Ancaq son bir neçə gün ərzində qondarma ittihamlarla azadlıqdan məhrum edilən AİP lideri Hacı Mövsüm Səmədov karserə salınmışdır. İlahiyyatçı Hacı Tale Bağırova qarşı zorakılıq edildi və o, ölümlə hədələndi. Vətəndaş cəmiyyətinin tanınmış fəallarından olan Mustafa Hacıbəyli 15 sutka müddətinə inzibati həbsə məruz qaldı. İctimai-siyasi xadim İsgəndər Həmidov polis təzyiqinə məruz qaldı. Tanınmış vəkil Aslan İsmayılov təhqir, zorakılıq və hədələrlə üzləşdi. AXCP-nin rayon təşkilatlarının tədbirlərinə qanunsuz müdaxilələr edildi. İsa Qəmbərin avtomobili saxlanılaraq, cərimə meydançasına aprıldı. REAL sədri İlqar Məmmədov qondarma bəhanələrlə karserə salınmdı.
Bütün bunlar – insan haqlarının kobud surətdə pozulması, qanunçuluğun və hüququn ziddinə olan hərəkətlərdir. DEVAMM bunlardan narahat olduğunu ifadə edir və ölkənin ictimai-siyasi mühitində gərginlik yaradan bu kimi hərəkətlərə qarşı öz etirazını bildirir. DEVAMM bəyan edir ki, bu kimi vəziyyətlər ölkəni geriyə aparan amillərdəndir. DEVAMM bir daha bildirir ki, qanunun aliliyi və hüququn təmininin alternativi yoxdur və ölkənin inkişafı, ilk növbədə hüquq və azadlıqların təminindən, demokratik təsisatlar üçün normal fəaliyyət şəraitinin yaradılmasından, qanunçuluğun qorunmasından bilavasitə asılıdır”.