Keçmiş baş prokuror Əli Ömərovu zəng vuraraq hədələyiblər. Hədələyən şəxs özünü polis polkovniki kimi təqdim edib. Bu barədə “Azadlıq” qəzetinə Ə.Ömərovun özü məlumat verib:
“Dünən saat 19 radələrində telefonuma 055 237 02 02 nömrəsindən zəng gəldi. Zəng edən özünü Daxili İşlər Nazirliyinin polkovniki kimi təqdim etdi. Soruşdu ki, Əli Ömərovsan? Dedim, bəli, qardaş. O isə cavabında başladı məni təhqir etməyə. Dedi ki, səni xəbərdar edirəm. Səni İsgəndər Həmidovdan pis vəziyyətə salarıq. Başına torba salıb, aparıb işgəncə verərik. Baxmarıq ki, baş prokuror işləmisən. Soruşdum, nəyə görə? Dedi, sən gedib Novxanıda o alçaqlarla bir yerdə olmusan. Əl çək bunlardan.
Mən də dedim ki, sən polis polkovnikinə yox, quldura oxşayırsan. O da dedi ki, bir daha xəbərdar edirəm, bu yoldan əl çəkməsən, bilirəm sənə də, ailə üzvlərinə də nə edəcəm.
Baş verənlərlə bağlı ABŞ səfirliyinə müraciət etmişəm, prezidentə teleqram vurmuşam. Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, o telefon nömrəsi həqiqətən də nazirliyin əməkdaşına məxsusdurmu.
Əgər baş prokuror işləmiş bir şəxsi başına torba keçirib işgəncə verməklə hədələyirlərsə, onda görün, sadə vətəndaşların təhlükəsizliyi nə yerdədir. Bu necə dövlətdir? Hansı demokratiyadan danışırlar? Məgər mənim, yaxud istənilən vətəndaşın Cümhuriyyət bayramında iştirak etmək ixtiyarı yoxdur? Hamı bilir ki, Cümhuriyyəti 1918-ci ildə Məhəmməd Əmin Rəsuzlzadə qurub. Üçrəngli bayrağımız da onda qəbul olunub. Ölkənin prezidenti də xalqı Cümhuriyyət bayramı ilə bağlı təbrik edir. Mən də bir vətəndaş kimi bu bayramla bağlı tədbirdə iştirak etmişəm.
Hesab edirəm ki, bu hədə mənim son vaxtlar ölkədə baş verənlərlə bağlı açıqlamalarıma görədir”.