Partiyaların funksionerləri bu birliyin yaranmasını müsbət qiymətləndirir
Uzun müddətdir hər kəsin intizarla gözlədiyi Milli Şura mayın 28-də elan olundu. Demokratik qüvvələrin birliyini ifadə edən Milli Şura ölkədəki avtoritar rejimlə mübarizəni vahid komanda şəklində davam etdirməyi qərara alıb. Milli Şuranın vahid namizədi seçkilərdə müxalifəti təmsil edəcək.
Milli Şuraya cəmiyyətdə ümidlər böyükdür və hər kəs bu qurumun effektiv fəaliyyəti nəticəsində demokratiyaya keçidin təmin ediləcəyinə inanır. Hətta Milli Şuraya daxil olmayan partiyaların nümayəndələri də bu birliyi yüksək qiymətləndirir.
“Ümid” partiyasının Icra Aparatının rəhbəri Nəsimi Məmmədli bildirdi ki, məqsədi demokratik dəyişiklik olan, xalqın mənafeyini ifadə edən hər bir quruluş, birlik yüksək qiymətləndirilməlidir: “Ölkədə köklü dəyişikliklərə nail olmaq, mövcud hakimiyyətin sonunu reallaşdırmaq üçün birlikdə fəaliyyət göstərmək və xalqı bu prosesə cəlb etmək vacibdir. Bu birlik də demokratik, səmimi fəaliyyət göstərəcəksə, dəstəkləmək lazımdır”.
ADP Gənclər Komitəsinin sədri Cəmil Hacıyev qeyd etdi ki, Milli Şuranın yaranmasını yüksək qiymətləndirir və bu birliyin uğurlara imza atmasını arzulayır: “Milli Şuranın yaranmasını, demokratik qüvvələrin bir araya gəlib vahid namizədlə seçkilərdə iştirak etməsini vacib sayıram. Düşünürəm ki, bu birlik cəmiyyətdə də öz müsbət təsirini göstərəcək. Çox istiyərdim ki, ADP də bu birlikdə yer alsın. Çünki ADP-də mübariz ruhlu, həyatını bu rejimlə savaşa həsr etmiş insanlar var ki, onlar da demokratik sistemə keçiddə öz töhfəsini vermək istəyər. Ancaq istənilən halda mən bu birliyi dəstəkləyirəm və sona qədər demokratik qüvvələrlə eyni mövqedən çıxış edəcəm”.
AMIP sədrinin müavini Əli Orucov hesab edir ki, Milli Şuranın yaranması sevindirici haldır və xalq uzun müddətdir müxalifətin geniş koalisiyada birləşməsini gözləyirdi: “Milli Şurada ölkənin tanımış siyasətçiləri, ictimai xadimlər təmsil olunur. Onların məqsədi də ölkədə demokratik sistemin bərqərar olunmasına nail olmaqdır. Çox istərdim ki, Milli Şura beynəlxalq aləmin bir subyektinə çevrilsin və Azərbaycana müsbət töhfələr versin. Bu birlik cəmiyyətdə də müsbət qarşılanıb və insanlarda ümid yaradıb”.
İlham Hüseyn