bbc-tv

“İlham Əliyevin Azərbaycanında müxalifətçilər əzilir”

bbc-tvBBC-nin əməkdaşı Azərbaycanda gördüklərini bu başlıqla təqdim etdi

“Azərbaycan hökuməti təkcə yumorsuz deyil, həm də həyəcanlı görünür…”

Seçki yaxınlaşdıqca dünya mətbuatının Azərbaycana diqqəti də artır. Ölkədə seçkiöncəsi durumu əks etdirən növbəti məqalə BBC-də yayımlanıb. “Ilham Əliyevin Azərbaycanında müxalifətçilər əzilir” başlıqlı materialı müəllif Demien Makkinges Bakıya səfəri, burada görüşdüyü adamların fikirləri əsasında hazırlayıb. O, Azərbaycanda avtoritar hakimiyyətin mövcudluğu, fərqli fikirli insanlara, o cümləcək etirazçılara qarşı təqib-təzyiq kampaniyası, siyasi motivlərlə həbslərdən bəhs edir.
“BBC Azərbaycanca” materialı tərcümə edib. Onu təqdim edirik:

Azərbaycanda onlarla jurnalist, müxalifətçi, blogger həbsdədir

“Ağlamamağa çalışıram ki, oğlum üçün möhkəm olum…”, – deyə oğlunun şəklini mənə göstərərək göz yaşlarını saxlamağa çalışan riyaziyyat müəllimi Səkinə Qurbanova bildirir.
Aprelin 1-də yaraşıqlı, gülərüz, 27 yaşlı hüquqşünas Zaur küçədə mülki geyimli polis işçiləri tərəfindən saxlanılıb. O vaxtdan həbsdədir və qanunsuz silah saxlamaq ittihamı üzrə məhkəməsini gözləyir.
Amma anası deyir ki, onların evində silah üçün axtarış aparılmayıb və oğlu hökuməti tənqid etdiyinə görə cəzalandırılır.
“Mən heç oğlumla görüşə də bilmirəm”, – deyə anası bildirir: “Başa düşmürəm, nə qədər qəddar olmaq olar ki, qoymurlar bir neçə saniyəlik də olsa, onu görüm. Onların anaları yoxdur?”
Zaur müxalif “NIDA” hərəkatının həbsdə olan, məhkəməsini gözləyən yeddi fəalından biridir. Təqsirli bilinsə, o, səkkiz ilədək həbs cəzası ala bilər.
Son iki il ərzində Azərbaycanda onlarla jurnalist, müxalifət fəalı və blogger həbs olunub. Onlar ya narkotik, silah saxlamaqda ittiham olunur, yaxud da xuliqanlıq ittihamı ilə həbs edilirlər.
Amma insan haqları təşkilatları bəyan edir ki, ittihamlar qondarmadır və avtoritar hökumət bu yolla “Ərəb baharı” üslublu üsyanın qarşısını almağa çalışır. Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, hakimiyyət daha sərt repressiyalar həyata keçirməkdə ittiham olunur.
Səkinə Qurbanova deyir ki, onun oğlu nahaqdan həbs olunub.
Qanuna edilən dəyişikliklərdən sonra şəhərin mərkəzində hökumətə qarşı etiraz aksiyalarında iştirak edənlərə qarşı sərt cərimələr var – orta azərbaycanlının illik maaşından yuxarı. Yeni, sərt diffamasiya qanunlarına görə isə internetdə tənqid kriminallaşdırılır.

“İndi mənim etdiyimi vaxtında valideynlərim eləsəydi…”

Bakının Fəvvarələr Meydanında Araz adlı gənclə görüşdüm. O, mənə iştirak etdiyi mitinqin polis tərəfindən zorakılıqla dağıdılmasından danışdı.
Araz deyir ki, polis onu döyüb, gözlərinə gözyaşardıcı qaz sıçratmışdı. Polis maşınına basılanda, orada polis işçisinin digər dustaqları necə döyməsinin, birini isə qanayana qədər yumruqla vurmasının şahidi olub.
Arazdan soruşdum ki, bu riskləri bilirsə, bəs nə üçün o mitinqlərdə iştirak edir?
“Mənim valideynlərim bunu etsəydilər, mən indi normal ölkədə yaşayardım”, – deyə o cavab verir: “Kimsə, nə vaxtsa nəsə etməlidir. Böyük dəyişikliklər istəyirsənsə, heç olmasa, bir nəsil özünü qurban verməlidir. Və məncə, bu nəsil bizik”.
Polis zorakılığı haqqında ittihamlar barədə sualı Elman Abdullayevə də verdim. O, Azərbaycan hökumətinin gənc, xarizmatik, mehriban və ingiliscə yaxşı danışan sözçüsüdür.
“Heç kim qarantiya verə bilməz ki, kütlə dinc qalacaq”, – deyə o cavab verdi: “Bu, adamların xaotik hərəkətidir. Polisin işi təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizlik yoxdursa, polis işini görmür”.
Azərbaycan kontekstində təhlükəsizlik – açıq-aydın etirazların olmamasıdır. Və mərkəzdə hər hansı toplantı həqiqətən də hakimiyyət tərəfindən təxribat və qeyri-stabillik mənbəyi kimi qəbul olunur.

Millətçilik bəhanəsi

Tənqidçilər Azərbaycan hökumətini təkcə yumorsuz deyil, həm də həyəcanlı kimi görür.
Görünür ki, oktyabr seçkilərində prezident Ilham Əliyev qalib gələcək. Amma indi narazılığın ənənəvi olaraq kiçik müxalifətdən gənc, digital düşüncəli fəallara yayılmasını görmək olar.
Bu yaxınlarda baş verən aksiyalara orduda əsgərlərin müəmmalı ölümlərinə etiraz edən yaşlı analar, korrupsiyaya qurşanmış məmurlara etiraz edən mağaza sahibləri də qatılıb.
Və şübhələr var ki, hökumət bu artan etirazların qarşısını almaq üçün millətçi hisslərdən istifadə edir.
“Mənim fikrimcə, prezidentin ailəsi korrupsiya kimi real problemlərdən diqqəti yayındırmaq üçün millətçilik bəhanəsindən istifadə edir”, – deyə araşdırmaçı jurnalist Xədicə Ismayılova deyir: “Xalqı nəzarət altında saxlamaq üçün onlara xarici düşmən lazımdır”.
Azərbaycanda bu düşmən Ermənistandır. Azərbaycan torpaqlarının 20 faizi işğal olunandan sonra yarım milyondan çox azərbaycanlı evini tərk etməli olub. Artıq iyirmi ildir ki, evlərinə qayıda bilmirlər və indiyə qədər dəhşətli şəraitdə yaşayırlar.
Bir neçə ay əvvəl, ölkədə hökumət əleyhinə etirazların sayı həddən artıq yüksək olanda, ermənilərə simpatiya əks olunan kitabla bağlı qalmaqal yarandı. Hökumət tənqidçiləri bildirirdilər ki, bu qalmaqal etirazlardan diqqəti yayındırmağa xidmət edir. Həmin roman da qalmaqaldan bir neçə ay əvvəl nəşr olunmuşdu.
Həmin romanın müəllifi olan, vaxtilə hörmətə layiq yazıçı qəfildən ölkəsində ən nifrət edilən adama çevrildi.
“Hökumət nədən qorxur?” – Bakıda mənimlə görüşəndə yaşlı yazıçı başını yelləyərək dedi.
Digər tərəfdən, 2004-cü ildə, Macarıstanda, yatan erməninin başını balta ilə kəsən Ramil Səfərov Azərbaycana qayıdanda milli qəhrəmana çevrildi, prezident tərəfindən əfv olundu və rütbəsi mayor səviyyəsinə qaldırıldı.
“Mənim fikrimcə liderlər bu münaqişəni sevirlər, ondan istifadə edirlər”, – deyə Xədicə Ismayılova fikrini bölüşüb: “Indi düzgün addım, Azərbaycanda Ermənistan vətəndaşlarını qəbul etmək olardı. Amma bu, münaqişəni bitirərdi. Hökumət isə bunu istəmir”.