Vəzirovun müsahibə qalmaqalı

“Mən belə müsahibə verməmişəm”

“Müsahibə tam səhihdir və Əbdürrəhman Vəzirovdan götürülüb”

Bugünlərdə Azərbaycan mətbuatında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirovun müsahibəsi yayımlandı. Daha doğrusu, həmin müsahibə Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet portalından (“azerrosnn.ru”) götürülmüşdü. O, müsahibəsində Rusiyada diaspor təşkilatlarının fəaliyyətilə bağlı fikirlər səsləndirmişdi.
“Turan” agentliyi Vəzirovla telefon əlaqəsi saxlayıb  və məlum olub ki, o, belə bir müsahibə verməyib. Vəzirov deyib ki, son illər ümumiyyətlə, müsahibə vermir.
Azərbaycan diaspor təşkilatlarının, xüsusən Rusiya Azərbaycan Təşkilatları Ittifaqının və “Azərros”un fəaliyyətinə gəlincə, Vəzirov təəssüflə qeyd edib ki, onlar haqqında məlumatı azdır, amma təkcə Araz Ağalarova deyil, bu təşkilatların digər rəhbərlərinə də hörmətlə yanaşır.
Vəzirovun Abbas Abbasovu “raykom”un birinci katbi təyin etdiyi qeyd olunan müsahibəyə toxunan Vəzirov rişxəndlə deyib: “Bu saxta müsahibənin müəllifləri bilmirlər ki, ”raykom”ların birinci katiblərini təyin etmirdilər, seçirdilər”.
Sonda o, bütün Azərbaycan diasporlarına işlərində uğurlar və birlik arzulayaraq, Avropa diasporunu nümunə göstərib.
O, Azərbaycan diaspor təşkilatlarının birləşərək, Azərbaycan və Rusiyanın daha da yaxınlaşmasına şərait yaratması arzusunu ifadə edib.
Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin internet portalının (“azerrosnn.ru”) rəhbərliyi Əbdürrəhman Vəzirovla bağlı yayımladığı qalmaqallı müsahibənin təfərrüatlarına aydınlıq gətirib. “Azerrosnn.ru” saytının redaksiyası rəsmi açıqlama yayaraq bəyan edib ki, yayılmış müsahibə tam səhihdir və Əbdürrəhman Vəzirovdan götürülüb: “Bizdə olan müsahibənin audio yazısı 40 dəqiqə davam edir. Müsahibə zamanı təkcə jurnalistləri deyil, bütün Azərbaycan ictimaiyyətini maraqlandıran suallara cavablar əks olunub. Biz hələlik respublikada onsuz da gərgin ictimai-siyasi vəziyyəti nəzərə alaraq, müsahibənin siyasi məsələləri əhatə edən ikinci bölümünü yaymamaq qərarına gəldik. Bu söhbət zamanı ölkəmizin 90-cı illərinin siyasi tarixinin bir sıra məsələlərinə aydınlıq gətirilib”.