«Qarabağda həmvətənlərinin qanı axıdılanda rahat şəkildə Moskvada bizneslə məşğul olan Əliyevin atəşkəs vecinə deyil»
Prezident Administrasiyasının şöbə müdiri Vladimir Kazimirovun cavabını təhqirlə verdi:
Bu günlərdə Yerevana səfər edən Rusiya Diplomatlar Assosiasiyası sədrinin birinci müavini, 1992-1996-cı illərdə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri olmuş Vladimir Kazimirov rəsmi Bakının hədəfinə çevrilib. Buna səbəb isə onun Ermənistanda olarkən səsləndirdiyi fikirlərdir.
Erməni diplomatiyasının əsassız olaraq passiv olduğunu deyən Kazimirovun sözlərinə görə, Naxçıvanın tarixini bilmədən Qarabağ münaqişəsinin yaranma səbəbini anlamaq olmaz. O Naxçıvanda yerli əhalinin 60%-i ermənilərin təşkil etdiyini, lakin Qarabağ münaqişəsinin başlanması ərəfədə muxtar vilayətdə erməni əhalinin qalmadığını deyib: “Bu gün məlum səbəblərdən Bakı Naxçıvanın yerli əhalisinin hara getdiyini açıqlamaq istəmir. Ermənilər isə danışıqlar masası arxasında bunu onlara lazımınca xatırlatmır”.
Kazimirovun sözlərinə görə, erməni tərəfi işğal söszündən qorxmamalıdır. Çünki Azərbaycan torpaqlarının işğalına səbəb Azərbaycanın başladığı müharibədir.
Diplomat Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı Ilham Əliyevin atəşkəsə münasibətindən danışıb. Görünür məhz ikinci məqam rəsmi mətbuatı hərəkətə gətirib.
Kazimirovun sözlərinə görə, Qarabağ müharibəsində 19 ildir qan axıdılmaması Ilham Əliyevin vecinə deyil: “2009-cu ildə xarici işlər naziri Lavrova təklif etdim ki, Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə atəşkəsin 15 illiyinin qeyd olunması məsələsini gündəmə gətirsin. Lavrov bu təklifi Ilham Əliyevə çatdırıb, lakin o, Azərbaycanın bayram etmək üçün səbəbinin olmadığını deyib. Görünür, Qarabağda həmvətənlərinin qanı axıdılanda rahat şəkildə Moskvada bizneslə məşğul olan Əliyevə 1994-cü ildə sülhün əldə edilməsi maraqlı deyil. Bu 19 ildə isə müddətsiz atəşkəs nəticəsində yaranan sülh şəraitində Azərbaycan və Ermənistanda yeni nəsil yetişib”.
Rusiyalı diplomatın səsləndirdiyi məhz bu fikirlərə Azərbaycan tərəfindən kəskin reaksiya gəlib.
Novruz Məmmədov: “Ağılsız köpəklər ulduza hürər”
Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi mətbuata açıqlamasında Kazimirovu hədəfə alıb və hətta təhqir edib.
Belə xislətdə adamların çox yaşadığını deyən PA rəsmisi Kazimirovun ermənilərin muzdlu qulu-agenti kimi xidmət göstərdiyini bildirib. N.Məmmədov diplomatın erməni mətbuatına verdiyi açıqlamalarını normal ailə tərbiyəsi almaması və psixoloji vəziyyətindəki problemlərlə izah edib. Kazimirovu yazıq adlandıran N.Məmmədov bildirib ki, xəstə adamın dediklərinə fikir verməmək olardı. Lakin Ilham Əliyevlə bağlı Kazimirovun dedikləri cavabsız qala bilməzdi. Rusiyalı diplomatın Əliyev haqqında dediklərinə N.Məmmədov “ağılsız köpəklər ulduza hürər” cavabını verib.
Vəfa Quluzadə: “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın fəaliyyətinin nəticəsidir”
Kazimirovun Dağlıq Qarabağ münaqişəsi və Naxçıvanda erməni əhalisinin yaşaması ilə bağlı dediklərinə münasibət bildirən keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Rusiya xüsusi xidmət orqanlarının, o cümlədən Xarici Işlər Nazirliyinin onun bəyanatlarından narahatlıq keçirdiyini qeyd etdi: “Mən bəyanatlar vermişəm ki, Sovet Ittifaqı çökməyə hazırlaşanda bunu birinci Rusiya xüsusi xidmət orqanları bilib. Onlar başa düşüb ki, bu region Amerikanın təsiri altına keçəcək. Buna yol verməmək üçün Rusiya özünə gələnə qədər süni şəkildə Qarabağ münaqişəsini yaradıb. Dəqiq göstərmişdim ki, xüsusi xidmət orqanlarındakı strateji planlaşdırma idarələri bunu hazırlayıb. 80-ci illərdə azərbaycanlılarla ermənilər qardaş kimi yaşayırlar. Birdən gözlənilməz şəkildə DTK-nın agenti Zori Balayanın kitabı çıxdı. Ondan sonra Aqambekyanın bəyanatı gəldi ki, siyasi Büro Dağlıq Qarabağı Ermənistana verməyi söz verib. Bunlar hamısı provakasiya idi, bu münaqişənin hazırlığına bir önləyici təbliğat idi. Ondan sonra Ermənistandan 300 min azərbaycanlı qovuldu. Bu, ağlasığmaz məsələdir”.
Ekspert bu məsələdə Qorbaçovun da xüsusi xidmət orqanlarının əlində alətə çevrildiyi deyir. 80-ci illərin sonlarında Azərbaycan-Ermənistan düşmənçiliyi yaradaraq sonradan bunu müharibə fazasına keçiriblər. Bütün bunlar Rusiyanın fəaliyyətinin nəticəsidir. Bakıda qırğın, Sumqayıtda baş verənlər də Rusiya kəşfiyyat orqanlarının əməlidir: “Bunu çox yerə, xarici orqanlara da demişəm. Bu artıq rezonans yaradıb. Üstəlik, dəfələrlə demişəm, yenə də təkrar edirəm, Azərbaycan torpağında erməni dövlətini yaradan rus imperiyası olub. Çünki Qafqazda onların xristian dayaqları yox idi. Onlar xristian dayağı yaratmaq üçün Azərbaycan torpağında erməni dövləti yaradıb və ora başqa ölkələrdən, Yaxın Şərqdən, Irandan, Türkiyə və ərəb ölkələrindən erməniləri gətirib bizim ərazidə məskunlaşdırıb. Indi Kazimirov tamamilə əsassız olaraq deyir ki, Naxçıvanın əhalisi erməni olub. Bura erməniləri I Pyotr köçürməyə başlayıb. Ondan sonra da bu davam edib. Bunun üstündə də onların Irandakı səfiri Qriboyedov öldürüldü. Çünki Iran şahının iki erməni arvadını gizlincə Rusiyaya köçürmüşdü. Bunların hamısı tarixdir, məlumdur. Kazimirov kimi adamın bu tarixi qaralamağa imkanı yoxdur və olmayacaq”.
Fizzə


