Həsən Kərimov: «Azərbaycan üçün ən böyük təhlükə mövcud hakimiyyətdir»
Ölkədəki real vəziyyəti normal düşüncəsi olan hər kəs dərk edir. Azadlıqların boğulması, gənc fəalların müxtəlif ittihamlarla həbs olunması, müxalifətin televiziyalardan, meydanlardan məhrum edilməsi, ölkənin sərvətlərinin talanması və s. isbata ehtiyacı olmayan aksiomadır.
Ancaq Ilham Əliyev 28 may Cümhuriyyətin 95 illiyi ilə bağlı “Buta”da keçirdiyi görüşdə bunların əksini söyləyib. O bildirib ki, bu gün ölkədə azadlıqlar tam təmin edilib. Sərbəst toplaşmaq azadlığı var. Söz azadlığı, mətbuat azadlığı, internet fəaliyyəti yüksək səviyyədədir. Demokratik seçki sistemi təmin edilib. Iqtisadi və siyasi sahədə mühüm addımlar atılıb. Ancaq 92-93 cu illərdə AXC-Müsavat dövründə ölkədə vəziyyət çox acınacaqlı idi. Həmin dövr Azərbaycan tarixinə bir ləkədir.
Ilham Əliyevin fikirlərinə münasibət bildirən AXCP sədrinin müavini Həsən Kərimov hesab edir ki, Azərbaycanın bu günü və sabahı üçün ən böyük təhlükə Ilham Əliyevin rəhbərlik etdiyi hakimiyyətdir: “Ilham Əliyevin bu cür çıxışları seçki öncəsi ictimai rəyi çaşdırmaq və insanları yalnış istiqamətə yönləndirmək məqsədi daşıyır. Bu gün Azərbaycan söz və mətbuat azadlığının göstəricisinə görə dünyada sonuncu yerləri tutur. Ilham Əliyev 2012-ci ildə ”ilin korrupsioneri” elan edildi. Xalq cəbhəsi hakimiyyətdə olanda əqidəsindən, hansı siyasi qütbü təmsil etməsindən asılı olmayaraq hər kəsə bərabər efir vaxtı ayırırdı, hər kəs mətbuatda öz fikirin heç bir təhlükə gözləmədən ifadə edirdi. Hətta o dövrkü iqtidara müxalif olan Nemət Pənahlının şəhərdə böyük mitinq keçirməsinə hakimiyyət icazə verdi. Ölkə başçısı da həmin mitinqdə iştirak edib, nitq söylədi. Ilham Əliyev isə kiçik bir piketin keçirilməsinə imkan vermir. Ancaq beynəlxalq aləmi aldatmaqla məşğuldu. Cəbhə hakimiyyəti ilə indiki hakimiyyəti müqayisə etmək absurddur. Azərbaycan tarixinə isə indiki hakimiyyətin dövrü qara ləkə kimi artıq düşüb. Beynəlxalq hesabatlar, rüşvət, korrupsiya, offşorlara yerləşdirilən milyonlar, xalqdan oğurlanan pullar hesabına xaricdə alınan villalar… görürsünüz, ləkələri saymaqla qurtarmaq olmur”- deyə Həsən Kərimov bildirdi.
Ilham Hüseyn