Axır ki, aylardan bəri sözü gedən Milli Şura elan edildi. Yaradıldı da demək olar. Milli birlik arzulayanlardan biri kimi mən də “xeyirli-uğurlu olsun” deyirəm.
Milli Şura son illərdə birlik üçün yaradılmış təşkilatlar içərisində bəlkə də ən coşquyla qarşılananı oldu. Novxanıda Məhəmmədəmin Rəsulzadənin abidəsinin ziyarəti zamanı toplaşanların sonsuz coşqusu, fərəhi Milli Şuranın elə oradaca elan olunmasını israrla tələb etməsi göstərdi ki, bu xalqın ayıq və aydın düşünə bilən kəsimi birlik üçün susayıb və istənilən mərkəzdən qaçma meyllərini kimsəyə bağışlamaq fikri yoxdu. Xalqın iradəsi olandan sonra heç kim ona qarşı gələ bilməz. Və yaxşı ki, Milli Şura ideyasını xalq özü tələb edir. Əgər xalq tələb edirsə, demək, onun ardınca getməyə də hazırdı.
Ümid eləyirik ki, Milli Şura siyasi liderlərin, ictimai xadimlərin, parlaq düşüncəli gənclərin bir araya gəldiyi şəraitdə ideal şəkildə təşkilatlanacaq və ölkədə demokratiyanın bərpa olunması, Üçüncü Respublikanın qurulması yönündə xalqı da sağlam şəkildə təşkilatlandırıb onu düşdüyü bataqlıqdan dinc yollarla xilas edəcək.
Novxanıda görünən coşqunu 88-92-ci illərdə mövcud olmuş xalq hərəkatının entuziazmı ilə müqayisə eləmək olar. Həm ictimai-siyasi xadimlərin çıxışı, həm toplaşanların reaksiyaları bunu göstərirdi. Bundan sonra Şuranın genişlənərək bütün Azərbaycanı əhatə eləməsi qalır. Ən müdrik addım o olardı ki, Milli Şura hakimiyyətin fitnəsinə uymadan, təmkinini saxlayaraq Azərbaycan xalqını siyasi kataklizmlərdən qansız-qadasız çıxararaq rejim dəyişikliyinə nail olsun.
Bu hakimiyyətin illərdən bəri seçkiləri hansı şəkildə keçirdiyini bilməyən yoxdu. Bu dəfə də onlar eyni metodlarla hərəkət edəcək, seçkini saxtalaşdırmağa çalışacaqlar. Lakin bunu nəzərə almaq lazımdı ki, buna qədərki bütün seçkilərdə xalq son dərəcə passiv olub, seçki məntəqələrinə getməkdən boyun qaçırıb. Öz aləmində onların arqumentini anlamaq da olar: bizim seçkiyə getməyimiz nəyi dəyişdirir ki? Onsuz da biz kimə səs veririk-verək, onlar qutudan istədiklərini çıxaracaqlar. Lap sehrbazların nömrələrində olduğu kimi. Qutuya aslanı salır, lakin qutudan dovşan çıxır.
Bəli, bu arqumentdə həqiqət var. Lakin tam deyil. Təsəvvür eləyək ki, bütün seçicilər səsverməyə yollanır və böyük çoxluqla antidemokratik, qəsbkar, talançı rejimin namizədlərinə “yox” deyir. Nə qədər saxtakarlıq olur-olsun, bu boyda çoxluğun səslərini gözünü yumaraq məhv edə, dəyişdirə bilməzsən. Üstəlik, böyük səs çoxluğu hətta ən saxtakar nəticədən sonra da gələcək qələbə üçün hüquqi zəmin hazırlayır.
Hakimiyyət nümayəndələri, yap funksionerləri Milli Şura ilə bağlı istehzalı, sanki arın-arxayın olduqlarını sərgiləyən müsahibələr verir. Ancaq fəaliyyətləri göstərir ki, Milli Şura ideyası və nəhayət, onun yaranması cənabların kefinə əməlli-başlı soğan doğrayıb.
“Milli Şuranın adı elan olunsa da, tərkibi elan olunmadı. Çoxdan reklam olunan müxalifətin layihəsi cəmiyyətə yarımçıq şəkildə təqdim olundu. Bu yeni təsisat nə milli, nə də şura olduğuna görə, belə də yaranmalı idi”,- “intellektual və ziyalı” yapçı Aydın Mirzəzadənin bu sözləri artıq iqtidar partiyasının saman çöpündən yapışdığını göstərir. Tərkib elan olunmasa da, artıq hər kəs Milli Şuranın tərkibini təxmini də olsa bilir. Elan olunmağa qalınca bu, lap yaxın günlərdə həyata keçiriləcək. Yapçı bildirib ki, əgər bu, cəmiyyətin Milli Şurası idisə, bütün siyasi qüvvələri bir araya gətirmək cəhdi olmalı idi, amma göründüyü kimi, orada müxalifətin bir neçə qanadı təmsil olunub. Onun bu sözləri hətta canıyananlıq nümayişinə bənzəsə də, çarəsizlikdən və absurddan başqa bir şey deyil. Lakin əminliklə demək olar ki, söhbət siyasi qüvvə sayılacaq kəsimlərdən gedirsə, onlar mütləq Şurada birləşəcəklər. Milli Şura həm də kimin kim olmasını üzə çıxaracaq və xalq zamanında kimdən hesab soracağını yaxşı biləcək. Onsuz da artıq pişiyin quyruğu görünür.

III Respublikaya doğru
•
•