Milli Şura – asan ölkə yaratmaq istəyi

Mövcud hakimiyyətin siyasətinə və uzunillik fəaliyyətinə tam doğru və çox sadə üsulla qiymət verməyin yolu onun ən yaxşı işi sayıla biləcək Asan Mərkəzinə diqqət verməkdir. Özləri etiraf etdilər. Asan Mərkəzinə ehtiyac varsa, deməli, ölkədə çətinlikdir. 
Bu, dütdülü mərkəz nə qədər işi görə bilər ki! Asanlaşdırdıqları da bizim ən çətin dərdlərimiz deyil. Coğrafi və predmet əhatəsi də olduqca dardır. Bir sözlə, gözdən pərdə asmaqdır…
Bəs qalan işlər? Bəs qalan çətinliklər? Niyə saysız-hesabsız idarələr, qurumlar, komitələr, mərkəzlər və çox sayda nazirliklər asan xidmət göstərmir ki, bizə arayış vermək üçün əlavə asan mərkəzi yaradırsınız? O boyda dövlət qurumlarının, məmur ordusunun işi nədir? Çətinləşdirməkmi?
Bəli, çətinləşdirməkdir! Dövlətin nəhəng strukturu gerçəkdən həyatımızı çətinləşdirir! Asan Mərkəzinin yeganə böyük xidməti isə bu həqiqəti aydın dərk etdirə və real göstərə bilməsindədir! Hər yerdə belə ola bilərdi, amma tam tərsinədir. Asan xidməti – Əliyevlərin bizim ölkədə həyatı necə çətinləşdirməsinin əyani sübutudur!
Asan mərkəzi yox, asan ölkə istəyirik…
Biz iddia etmirik ki, ölkədə hamı acından ölür. Bizdəki varlıların puluna pul çatmaz. Çoxu da haram yollarla sərvət sahibi olub. Ölkənin talanmasında iştirakla. Öz zəhməti ilə də kasıblığın daşını atanlar var. Çətin həyat sürənlər isə çoxluq təşkil edir. Həm də çətinliklər təkcə kasıblıqdan doğmur. Ədalətsizlik, haqsızlıq, ayrı-seçkilik, özbaşınalıq insanları ən ağır duruma salır, qorxu altında və gələcəyə zəmanəti olmadan yaşamağa məcbur edir. Çətinliklər həddən artıq çoxdur. Hətta pul qazananlar, sahibkarlar, mülk sahibləri də çox çətinliklərlə üzləşir.
Çətinliyə düşməmək üçün insanlar yaltaqlıq edir, saxtakarlığa və yalana bulaşır…
Biz nə istəyirik? Öncə mənəviyyatsızlıqlardan qurtulaq. Dövlətin əsiri kimi hiss etməyək özümüzü. Azad nəfəs alaq və ədalətə ümid edək…
Biz asan ölkə istəyirik, bütünlüklə həyatı asan olsun, çətinlikləri aradan qaldırmaq üçün güclü və vicdanlı dövlətimiz olsun. Bütün yollarımız, bütün küçələrimiz abad olsun, yaxşı məktəblərimiz, normal səhiyyəmiz olsun. Rüşvətxorluq, məmur özbaşınalığı ardan qalxsın. Polis bizi qorusun, məhkəmələrə inana bilək. Bunlar müasir insanın istəyə biləcəyi ən adi asanlıqlardır. Biz də belə asan ölkə istəyirik…
Daha asan yol
Ölkədəki yarıtmaz durumu dəyişməyə çalışan müxtəlif qüvvələr var. Nisbətən böyüklər, nisbətən kiçiklər. Çox ciddi siyasi liderlər var. Birinə nisbətən çox inanırlar, digərinə nisbətən az. Yaxşı ölkə başçısı olmağa da xeyli layiqli namizəd var. Amma nə böyük partiyalar, nə kiçiklər, nə çox nüfuzlu liderlər, nə nüfuzu daha az olan liderlər problemi həll edə bildi. Bu, reallıqdır. Hamı apardığı mübarizə ilə öyünə bilər, hər kəs dirənişi ilə fəxr edə bilər. Fəqət biz məqsədə çata bilməmişik və çata bilmirik. Odur ki, uğur qazanmağın yeni modeli – birliyin Milli Şura formatı yaranır. Həm birlik formatı kimi, həm də yeni ümid və çağırış modeli kimi Milli Şura qarşıdakı çətin vəzifəni daha asan həll etmək cəhdidir. Asan ölkə qurmaq cəhdidir.
Təbii ki, heç nə asan olmayacaq, amma daha asan olması üçün yaradılır Milli Şura. Məsələ bu qədər sadədir – dağa-daşa düşməyin. Başqa cür alınsaydı, heç də yeni bir axtarışa çıxmazdıq!