“Müxalifət birləşə bilmir” deyənlərə

Buyurun, meydan sizindir

Fikrət Cəfərli
KXCP-də fəaliyyət gostərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi.

Milli Şuranın yaranması münasibəti ilə ilk novbədə, “müxalifət birləşə bilmir” xiffəti ilə yaşayan fədakar əqidədaşlarımızı təbrik edirəm. “Müxalifət birləşə bilmir” deyib, demokratik qüvvələri kənardan seyr edən, məsləhət verənlərə isə demək istəyirəm ki, buyurun, meydan sizindir, həm o dəyərli məsləhərlərinizlə, həm də praktik fəaliyyətinizlə meydan sizi gözləyir. Milli Şura sözlə Milli Şura olmur. Onun ideya və istəkləri bütün sosial qurupların diqqət mərkəzində olmalı və bu qurum xalqın dəstəyini almalıdır. Təbii ki, belə olmasa, bu qurum heç nəyə nail ola bilməyəcək. Azərbaycanda real olaraq demokratik cəmiyyət quruculuğunda iştirak etmək istəyən bütün qüvvələr və sosial quruplar bu Şuranı rejimin uzunmüddətli istibdadından qurtulmaq üçün istinad nöqəsi kimi qəbul etməlidir. Bu Şuranın həqiqətən də millətin şurası kimi qəbul olunmasını istəyiriksə, o zaman onu son birlik modeli kimi ilk növbədə milli demokratik düşərgənin öndərlərindən sadə fədakar üzvlərinə qədər hər kəs qəbul etməli, onun naminə çalışmalıdır.
Çox sevindirici haldır ki, Milli Şura belə bir həssas vaxt intervalında yaranıb. Bu qurumda belə bir həlledici dövrdə Azərbaycanımızın gələcəyinə biganə olmayan bütün qüvvələr birləşməlidir. Böyük ideyaların həyata keçirilməsi üçün nəsillər birliyinin vəhdətini mütləq şərt kimi qəbul etməyi bacarmalıyıq. Parlaq gəncliyi, müdrik ziyalısı olan xalq kimi mütləq bu rejimin istibdadından qurtulub, indiki Azərbaycanımızın Şərqdə ilk dəfə qurulan demokratik dövlətin davamı olduğunu sözün əsl mənasında sübut etməliyik. Məhz elə buna görə də biz insan amilinin dovlət-vətəndaş münasibətlərində dövlətin təməli, əsas fəaliyyət istiqaməti olduğunu bir konsepsiya olaraq qəbul etməliyik. Belə istedadlı gəncliyi və müdrük ziyalısı olan bir millətin bir gün bu ətalətdən qurtulub azad cəmiyyət qurmasına heç şübhəm yoxdur.